Tövhid dərsləri

Allahın sifətləri Onun zatından ayrı deyil

(Əvvəli: http://az.islam.az/article/a-810.html; http://az.islam.az/article/a-744.html; http://az.islam.az/article/a-745.html; http://az.islam.az/article/a-751.html; http://az.islam.az/article/a-756.html; http://az.islam.az/article/a-764.html; http://az.islam.az/article/a-765.html).

Ötən bölümlərdə Allah-təalanın əsas sübutiyyə sifətləri barədə məlumat verdik. Səlbiyyə sifətlərinə keçməzdən əvvəl bir müqəddiməyə ehtiyac olduğunu düşünürük.

Allahın mövcudluğunu əqli düşüncə və müşahidə vasitəsilə qəbul etdiyimiz kimi, Onun sifətlərini də bu yolla tanıya bilərik. İnsan ətraf mühitin gözəlliyini, nizam-intizamını müşahidə edərək, bunu yaradan ulu qüvvənin mövcudluğuna yəqinlik hasil edir. Belə müşahidələr zamanı Allahın ayrı-ayrı sifətləri (xüsusiyyətləri) barədə təsəvvür yaranır.

Məsələn, insan heç uzağa getmədən öz bədəninin quruluşunu tədqiq etsə, Allahın bir çox sifətlərini kəşf edər. İnsan orqanizmi kimi mürəkkəb quruluşa malik mexanizmi yaratmaq hər şeydən əvvəl elm tələb edir. Yəni Allah insanın bütün fiziki, ruhi, psixoloji ehtiyaclarını bilməli, bu ehtiyacları ayrı-ayrılıqda ödəyə biləcək orqanları necə yaratmaqdan agah olmalıdır. Deməli, Allah nəhayətsiz elmə malikdir.

Nəhayətsiz elmlə yaradılmış layihəni həyata keçirmək isə nəhayətsiz qüdrət tələb edir. İnsanı yaratmaq, ona həyat bəxş etmək, bədən üzvlərinin normal iş şəraitini təmin və tənzim etmək yalnız böyük qüdrət vaitəsilə mümkündür. Nəticə alırıq ki, elmli Allah həm də nəhayətsiz dərəcədə qüdrətlidir.

İnsan təbiətin ayrılmaz parçası kimi yaradılmışdır. Təbiət insana ziyan vermir, əksinə, onun yaşamasına şərait yaradır. Allah insanı yaratdıqdan sonra onu köməksiz qoymamış, çətinliyə salmamışdır. İnsanın nəfəs alması üçün hava, içməsi üçün su, yeməsi üçün bitki və heyvanlar yaratmışdır. Demək, Allah öz yaratdıqlarına qarşı laqeyd və zalım deyil; nəhayətsiz dərəcədə ədalətli, rəhmli və mərhəmətlidir.

Ardıcıl müşahidə və əsaslandırmalar yolu ilə Allahın bütün sifətlərini aşkara çıxarmaq mümkündür. Bu sifətləri belə ümumiləşdirə bilərik: Allah bütün təsəvvürə gələn yaxşı və bəyənilmiş sifətlərə malikdir, bütün pis və nöqsanlı sifətlərdən uzaqdır. Allah mütləq kamillik sahibidir, Onun sifətlərinin sayı qeyri-məhduddur.

Dini mətnlərdə Allah-təalanın ad və sifətlərindən bəzisi xatırlanmışdır. Bu adların 99-u daha məşhurdur. Peyğəmbərimiz buyurmuşdur: “Allahın yüzdən bir ədəd əskik (yəni 99) adı vardır”. Allahın 99 adı ümumilikdə “əsmaül-hüsna” (ən gözəl adlar) adlandırılıb. Qurani-kərimdə buyurulur: “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!” (Əraf, 180).

İnsan məhdud bilik və düşüncə səviyyəsinə malik olduğu üçün Allahın zatını (vücudunu) anlamağa qadir deyil. Allah elə sifətlərə malikdir ki, ya insan ümumiyyətlə bu sifətlərə malik ola bilməz, yaxud da bu sifətlər Allahda olduğu səviyyədə insanda mövcud ola bilməz. Deməli, insan Allahın özünü deyil, Onun sifətlərini tanımağa çalışmalı, bu sifətlər əsasında özündə Allah barədə təsəvvür yaratmalıdır. Həzrət Mühəmməd Peyğəmbər (s) də bunu nəzərə alaraq tövsiyə etmişdir: “Allahın zatı barədə deyil, sifətləri barədə düşünün!”

Burada bir məsələyə diqqət yetirməliyik ki, Allahın sifətlərinin çoxluğu Onun öz vücudunun çoxsaylı olması demək deyil. Bütün sifətlər vahid Allahda toplanıb. Deyilənləri daha yaxşı anlamaq üçün təsəvvür edin ki, bir insan həm riyaziyyat, fizika və kimya elmlərini, həm də tarix və coğrafiyanı yaxşı bilir, üstəlik gözəl rəssamlıq qabiliyyətinə və məlahətli səsə malikdir. Bununla yanaşı, onda səxavət, mərdlik, mərhəmət keyfiyyətləri də var. Nəhayət, bu insan zahiri görünüşcə də gözəldir. Bütün bu sifətlərin sahibi bir nəfərdən artıq deyil. Vahid Allah da beləcə çoxlu sifətlərin sahibidir.

Allahın sifətləri Onun zatı ilə eynidir və Onunla vəhdət əmələ gətirir. Sifətlər Allahdan ayrılmazdır. Allah heç zaman bu sifətlərsiz olmayıb və olmayacaq. Allahı sifətlərdən ayrı təsəvvür etmək mümkün deyil. Su zatən nəm və axıcı, od zatən isti və yandırıcı, duz zatən şor olduğu kimi, Allah da zatən alimdir, diridir, qüdrətlidir, görüb-eşidəndir, şəriksizdir və s.

Əgər duzun şorluq xüsusiyyəti ondan alınsa, duz artıq öz mahiyyətini itirər. Su axıcı olmazsa, su halından çıxar və tamam başqa bir şeyə çevrilər. Eləcə də, Allahı hər hansı sifətindən ayrı təsəvvür etsək, o, öz allahlığını itirər. Elmsiz, yaxud qüdrətsiz, ya da ədalətsiz təsəvvür edilən Allah artıq məbud olmaz. Hər kəs Allahın sifətlərindən birini danarsa, Allaha asi olar.


Yerləşdirilib:14 May, 2016, Baxılıb:4839, Çap
 

Son şərhlər : 2
Müəllif: Rasul | 16 May, 2016  17:23
# Ответить
0


]]>]]>

Allah Böyükdür
Müəllif: Venera | 18 May, 2016  16:18
# Ответить
0


]]>]]>

Oxumaq maraqlı idi
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com