Tövhid dərsləri

(Allahın sübutiyyə sifətləri)

(Əvvəli: http://az.islam.az/article/a-744.html; http://az.islam.az/article/a-745.html; http://az.islam.az/article/a-751.html; http://az.islam.az/article/a-756.html; http://az.islam.az/article/a-764.html; http://az.islam.az/article/a-765.html).

Allah-təalanın sifətləri barədə mövzunu davam etdiririk. Ötən bölümlərdə Allah-təalanın sifətlərinin məşhur təsnifata görə iki hissəyə bölündüyünü söylədik: sübutiyyə və səlbiyyə sifətləri. Sübutiyyə sifətləri Allahın elə sifətləridir ki, onların Allahda olması vacibdir. Allah sübutiyyə sifətlərsiz mövcud ola bilməz. Bunun əksinə olaraq, səlbiyyə sifətlərinin isə Allahda olması mümkün deyil. Allah səlbiyyə sifətlərinə malik ola bilməz, çünki bu xüsusiyyətlər Onun zatına əskiklik gətirər. Biz sübutiyyə sifətlərinin bəziləri (qüdrət, elm və iradə) barədə məlumat verdik. Sübutiyyə sifətlərindən daha bir neçəsi haqqında qısa məlumatları diqqətinizə təqdim edirik. Daha geniş məlumatlar müvafiq mövzulu əqaid kitablarında mövcuddur.

Allah diridir (HƏYAT)

Qüdrətli və elmli Allah mütləq diri olmalıdır. Çünki diri olmayan mövcud öz elmini və qüdrətini nümayiş etdirə bilməz.

Allah nəinki yalnız diridir; O, həm də bütün varlığı və diriliyi yaradandır. Qurani-kərimdə buyurulur: “Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et” (Fürqan, 58). Həzrət Mühəmməd Peyğəmbər (s) Allaha belə dua edirdi: “Sənin izzətinə sığınıram, səndən başqa məbud yoxdur. Sən əbədi həyat sahibisən, halbuki bütün insanlar və cinlər ölürlər”.

Dirilik sifəti Allahdan ayrılmazdır. Allah həmişə diri olmuş və olacaqdır. Onu heç kəs yaratmamış və ona heç kəs həyat bəxş etməmişdir.

Allah danışandır (KƏLAM)

Danışmaq - Allahın yaradıcılıq və qüdrət sifətləri ilə birlikdə çıxış edir. Yəni Allah danışmağı iradə edərkən kəlamları (sözləri) yaradır. İnsandan fərqli olaraq, Allah sözləri ağız, dil, dodaq və s. vasitəsilə tələffüz etmir, çünki Allah cisim deyildir və bədənə ehtiyacı yoxdur. O, sözlərin yaranmasını iradə edir və sözlər yaranaraq səs şəklinə düşür.

Allah-təala bəzi peyğəmbərlərlə danışmışdır. Bu zaman peyğəmbərlər Allahın sözlərini mələkdən eşitmişlər. Quranda buyurulur: “Allah bunlardan (peyğəmbərlərdən) bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir.” (Bəqərə, 253).

Allah-təala bəzən (məsələn, merac gecəsində) Həzrət Mühəmməd Peyğəmbərlə (s) də danışmışdır. Allahın həmin kəlamları “Hədisi-qüdsi” adı ilə məşhurdur. (“Hədisi-qüdsi” - mənası Allaha, sözlərlə ifadəsi isə peyğəmbərə aid olan kəlmələrdir. Yəni bu kəlmələrin mənasını Allah öz peyğəmbərinə ötürür, peyğəmbər də o mənanı söz şəklinə salıb insanlara çatdırır. Hədisi-qüdsilər Qurana aid deyil).

Allah doğruculdur (SADİQ)

Allah-təalanın sübutiyyə sifətlərindən biri də sadiqlik və doğruculluqdur. Allah heç zaman yalançı olmamış, yalan söyləməmişdir, çünki yalançılıq onun kamilliyinə ziddir. Allahın pak və müqəddəs vücuduna yalan yol tapa bilməz. Bunu belə təsəvvür etmək olar: İnsan yalan danışarkən iki məqsəddən birinə xidmət edir. O, ya mənfəət qazanmaq, ya da təhlükədən qorunmaq üçün yalana əl atır. Halbuki, Allahın mənfəət qazanmağa ehtiyacı, təhlükədən qorxusu yoxdur. Beləliklə, Onun yalana əl atması üçün heç bir səbəb yoxdur.

Allahın öz peyğəmbərlərinə göndərdiyi vəhy, endirdiyi ilahi kitablar, söylədiyi kəlamlar sırf həqiqətdir, hər cür yalandan, böhtan və iftiradan uzaqdır.

Qurani-kərimdə Allahın bu sifəti barəsində buyurulur: “Allahdan daha doğru danışan kim ola bilər?!” (Nisa, 87 və 122).

Allah hər şeyi eşidən və görəndir (SƏMİ və BƏSİR)

İnsanın əsas dərketmə yolları eşitmə və görmədir; müvafiq olaraq, əsas dərketmə alətləri də qulaq və gözdür. İnsan bu orqanlar vasitəsilə ətraf mühiti dərk etməyə möhtac və məcburdur. O, gözsüz görə, qulaqsız eşidə bilməz.

Allah-təala insandan daha kamil olduğu üçün gözə və qulağa ehtiyac duymur. Allah gözsüz görən, qulaqsız eşidəndir. O, zatı ilə görüb-eşidir. Əgər Allah göz və qulağa möhtac olsaydı, Onun cisim olması, bədənə ehtiyac duyması və s. lazım gələrdi. Halbuki, Allah cisim deyil və tamamilə ehtiyacsızdır.

İslam etiqadı barədə kitablarda Allahı “səmi” (hər şeyi eşidən) və “bəsir” (hər şeyi görən) sifətləri ilə səciyyələndirmişlər.

İmam Sadiq (ə) Allahın bu sifətini belə tanıtdırır: “Allah eşidən və görəndir. Bu şərtlə ki, heç bir bədən üzvü olmadan eşidir və heç bir alətsiz görür. O, öz zatı ilə eşidib-görür”.

Allah-təala Qurani-kərimdə özünün eşitmə və görmə sifətlərini xatırladarkən yenə də insanları xeyirxahlığa və məsuliyyətə səsləyir: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (Nisa, 58).

Böyük övliyalardan biri (bunun Cüneyd Bağdadi olduğunu da yazırlar) bir gün öz şagirdlərinə tapşırdı ki, hərəsi heç kəsin görmədiyi yerdə bir quşun başını kəsib gətirsin. Ertəsi gün şagirdlərin hamısı xəlvət hesab etdikləri yerlərdə quşları öldürüb gətirdilər. Yalnız bir şagird quşu diri-diri gətirib təhvil verdi. Ustad nə üçün quşun başını kəsmədiyini soruşanda şagird cavab verdi: “Heç kimin görmədiyi yer tapa bilmədim. Hara getdimsə, başa düşdüm ki, Allah yenə məni görür”.



Yerləşdirilib:11 May, 2016, Baxılıb:4519, Çap
 

Son şərhlər : 4
Müəllif: Aziz | 13 May, 2016  01:52
# Ответить
+3


]]>]]>

salam olsun sizlere, ! izniniz eger varsa bu gozel saytinizdan hem behrelenim ve kelamlari paylawim , tewekkur edirem size
Müəllif: Administrator | 14 May, 2016  17:38 | Ответ на #2765
# Ответить
+2


]]>]]>

Aleykum salam. Buyurun
Müəllif: Sebine | 9 İyun, 2016  23:16
# Ответить
0


]]>]]>

salam
Müəllif: sebine | 9 İyun, 2016  23:20
# Ответить
0


]]>]]>

Allah sizden razi olsun saytiniz menim de cox xosuma gelir.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com