Allaha gedən yolda məqamlar

(Əvvəli: http://az.islam.az/article/a-802.html; http://az.islam.az/article/a-799.html)

5. Səbir – Qurani-kərimdə buyurulur: “Allah səbir edənlərlədir”. Peyğəmbərimizdən iman barədə soruşdular, “səbir və xoş əxlaqdan ibarətdir”, - deyə cavab verdi. Başqa bir hədisdə isə deyilir: "İman iki hissədən barətdir: yarısı səbir, yarısı da şükürdür”.

Səbir, fəqrdən sonra növbəti məqamdır. Səbir məqamında yoxsulluq içində yaşayan şəxs çətinliklərə dözər, fəqrdən doğan ani əziyyətlərə səbir edər.

Möminə istər nemət verilsin, istərsə bəla, - başa düşər ki, bunlar ilahi qəzavü-qədərin nəticəsi, haqqın iradə və ixtiyarının məhsuludur. Əgər sınaq üçün verilirsə, mömin səbir edər; əgər məhəbbət və lütf məqsədilə verilirsə, şükür söyləyər.

Ariflərin fikrincə, səbirin ən yüksək dərəcəsi odur ki, bəladan xilas olmağın intizarını çəkməyəsən. Şeyx Nəsirəddin Tusi səbirin 3 növü olduğunu göstərir:

Səbirin birinci növü avamlara məxsusdur; onlar əsil ariflərə bənzəmək arzusu ilə bəladan şikayət etməz və dözərlər.

Səbirin ikinci növü abidlərə, zahidlərə və təqva əhlinə məxsusdur ki, axirət mükafatının təmənnası ilə səbir edərlər.

Nəhayət, ariflərin səbiri bunların hamısından üstündür. Onlar bəlanı Allahdan bir lütf kimi qəbul edib bundan ləzzət alarlar (Nəsirəddin Tusi – “Övsaf əl-əşraf”).

İrfan ədəbiyyatında səbir – salikin vücudunu misdən qızıla çevirən sehirli vasitəyə bənzədilir. Mövlana Rumi isə səbiri Həzrət Yusifi (ə) quyudan çıxaran xilaskar ipə oxşatmaqla, onun insana fəlakətdən nicat verən vasitə olduğunu bildirir.

6. Təvəkkül – hər şeyi mütləq Malikin (yəni Allah-təalanın) öhdəsinə buraxmaqdır. Bu məqamda arif dərk edər ki, Allah ondan daha bilikli və daha qüdrətlidir. Ona görə də arif hər şeyi Allahın ixtiyarına buraxar və Allahın qəzavü-qədərinə razı olar.

Məşhur sufi Səhl ibn Abdullah Tüstəri təvəkkül barədə bu fikirdə idi: “Təvəkkülün əlaməti üçdür: heç nə istəməyəsən, baş verən işi geri qaytarmayasan, əlinə düşəni yığıb-saxlamayasan”. Yenə ondan rəvayət edirlər ki, deyib: “Təvəkkülün əvvəli budur ki, bəndə Allahın qarşısında özünü, ölüyuyanın qarşısındakı meyit kimi hiss etsin. Ölüyuyan meyiti istədiyi tərəfə çevirə bilər, amma ölüdən heç bir hərəkət və iradə müşahidə olunmaz”.

Təvəkkül – Allahın xəzinəsində mövcud olanlara arxayın olmaq, camaata məxsus olanlardan ümid kəsməkdir. Belə şəxs insanların ən güclüsü olar. Həzrət Rəsulüllah (s) buyurmuşdur ki, hamıdan güclü olmaq istəyən şəxs Allaha təvəkkül etsin.

Sufilərin təvəkkülünün həddi barədə aşağıdakı əhvalata nəzər salmaq kifayətdir. Sufilərdən biri Bayezid Bistamidən soruşur ki, təvəkkül nədir? Bayezid onun özünün nə fikirdə olduğunu xəbər alır. Həmin sufi cavab verir: “Bizim fikrimizcə, təvəkkül odur ki, əgər vəhşi heyvanlar sənin sağında, əfi ilanlar solunda dursa, batinində heç bir vəhşət və qorxu olmasın”. Bayezid deyir: “Bu hal təvəkkülə yaxındır. Amma bil ki, əgər behişt əhli cənnətdə ləzzət içində, cəhənnəm əhli atəş içində olsalar və sən onların vəziyyəti arasında fərq görsən, təvəkkül əhli sayılmazsan”.

Qeyd edək ki, sufilərin təvəkkül barədə fikirləri eyni deyildir. Bəziləri başqasına möhtac olmaq dərəcədə təvəkkül etməyi bəyənməmiş və hər zaman ehtiyatla, tədbirlə davranmağı məsləhət görmüşlər. Nümunə olaraq söyləmişlər ki, vaxtilə Peyğəmbər (s) onunla görüşə gəlmiş bir ərəbdən soruşmuşdu ki, dəvəni harada qoyub gəlmisən? Ərəb cavab vermişdi ki, Allaha təvəkkül edib dəvəni özbaşına buraxdım. Onda Peyğəmbər belə buyurmuşdu: “Dəvənin ayaqlarını bağla, həm də Allaha təvəkkül et!”

Bundan fərqli olaraq, bəzi sufilər hər cür düşüncə və tədbiri atıb yalnız Allaha sığınmağı, ruzi dalınca qaçmamağı, camaatdan gələn payla (buna “fütuh” deyilir) dolanmağı daha üstün bilmişlər.

7. Riza – Allahın iradəsinə tabe olmaq və baş verən hər hadisədən razı qalmaq. Rizanın məqam yoxsa, hal olduğu barədə sufilər fikir ayrılığına malikdirlər. Xorasan məktəbinin arifləri və sufiləri rizanı təvəkküldən sonrakı məqam saymış və arifin öz istəyi ilə bu məqama çatmasını mümkün bilmişlər. İraq təsəvvüf məktəbində isə riza hal hesab edilir və arifin iradəsi olmadan qəlbinə haqdan verildiyi iddia olunur. “Risaleyi-Quşeyriyyə”də hər iki nəzəriyyə birləşdirilir: “Hər iki fikri birləşdirmək mümkündür. Rizanın başlanğıcı məqamdır və bəndə onu qazana bilər. Sonu isə haldır və qazanılmaz”.

Deyirlər ki, rizanın üç əlaməti vardır: bəladan və qəzavü-qədərdən əvvəl qüvvət və ixtiyarı əldən vermək, bəladan sonra acılıq hiss etməmək və bəla anında məhəbbət hiss etmək.

Məşhur sufi Bişr Hafidən soruşdular ki, riza üstündür, yoxsa zöhd? Cavab verdi: “Riza üstündür. Çünki zahid hələ yoldadır, razi (riza sahibi) isə artıq məqsədə qovuşmuşdur”.

Ariflər demişlər ki, Allah öz bəndəsindən razı olmayınca bəndə ondan razı ola bilməz: “Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar” (Maidə, 119).

Bununla da yeddi əsas məqam haqqında qısa məlumatlar sona çatdı. Növbəti bölümlərdə hallar barədə söhbət açılacaq.


Yerləşdirilib:6 May, 2016, Baxılıb:2210, Çap
 

Son şərhlər : 2
Müəllif: Veysel | 11 May, 2016  14:32
# Ответить
0


]]>]]>

Cox sag olun
Müəllif: Sebine | 9 İyun, 2016  23:28
# Ответить
0


]]>]]>

Sukurler olsun ALLAHIMA meni sebirli yaradib.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com