Səfəvi sarayında türk dili

Avropa səyyahlarının xatirələri əsasında

(Əvvəli: http://az.islam.az/article/a-791.html)

1637-ci ildə İsfahanda Səfəvi hökmdarı I Şah Səfi ilə görüşmüş alman səyyahı və diplomatı Adam Olearinin xatirələrində də Səfəvi sarayında türk dilinin yeri haqqında maraqlı məlumatlar mövcuddur. A.Oleari “Qoldşin səfirliyinin Moskoviya və Persiyaya səfərinin müfəssəl təsviri” əsərində İsfahanda onların şərəfinə verilmiş ziyafətin təsvirinin sonunda yazır ki, saat yarımlıq ziyafət başa çatdıqdan və hamıya əllərini yumaq üçün ilıq su verildikdən sonra saray əyanı uca səslə söylədi: “Süfrə haqqına, Şah dövlətinə, qazılar qüvvətinə Allah deyəlim!” Bundan sonra hamı xorla dedi: “Allah! Allah!” Adam Olearinin səyahətnaməsində bu sözlər latın hərfləri ilə verilmişdir. Bu da həmin şüarın məhz yazıldığı şəkildə, türk dilində söyləndiyini sübut edir (A.Olearinin səyahətnaməsi, dördüncü kitab, 40-cı fəsil, səh. 659;

http://www.vostlit.info/Texts/rus7/Olearij_3/pred.phtml?id=13871).

Səyyah yazır: “Xüsusilə, İsfahanda şahın xidmətində olanlar daha böyük həvəslə türk dilində danışırlar, onlardan nadir hallarda fars sözləri eşidərsən. Fars sarayında sevimli dil türk dili olduğu kimi, türk sarayında sevimli dil slavyan dili, Hindistan sarayında isə fars dilidir” (yux. mənbə, beşinci kitab, 23-cü fəsil, səh. 814;

http://www.vostlit.info/Texts/rus7/Olearij_3/text54.phtml?id=13896)

XVII əsrin ikinci yarısında Şərqə səyahət etmiş və uzun müddət Səfəvi torpaqlarında, o cümlədən, İsfahanda yaşamış fransız səyyahı Jan Şarden öz xatirələrində yazırdı: “Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın din dili olduğu üçün möhtərəm sayılır” (Şardenin səyahətnaməsi (farsca tərc. İqbal Yəğmayi), Tehran, 1372-75 şəmsi, 3-cü cild, səh. 946-947). Şarden, həmçinin, Səfəvilər sarayında dəbdə olan türk ləhcəsi ilə Osmanlı məmləkətində danışılan türk ləhcəsi arasında xeyli fərqlər olduğunu, hətta bu ləhcələrdə danışanların bir-birini çətin anladığını, İranda saray əyanlarının türk dilində danışdıqları halda, Hindistanda Moğol şahlarının sarayında isə fars dilinin geniş yayıldığını təəccüblə qeyd edir.

Alman səyyahı Engelbert Kempfer də XVII əsrin 80-90-cı illərində Səfəvilər dövlətinə səfəri zamanı ölkə ərazisində türk dilinin böyük təsir dairəsinə malik olması faktı ilə qarşılaşmışdı. O, öz xatirələrində yazırdı: “...Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindan asandır. Türkcənin danışıq tərzindəki vüqar və əzəmət onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır” (Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi: S. Əliyarlı), Bakı, 2007, səh. 169-170).

Səyyahların xatirələrindən bəlli olur ki, Səfəvi şahları diplomatik nümayəndələri azərbaycan dilində “xoş gəldin” sözü ilə qarşılayırmışlar. İngilis səyyahı və taciri Antoni Cenkinson yazır ki, Şah Təhmasiblə ziyafət süfrəsi arxasında görüşü zamanı Şah onu azərbaycan dilində “xoş gəldin” sözü ilə salamlamışdı (yux. mənbə, səh. 201). XVII əsrin birinci yarısında Şərqə səfər etmiş italyan səyyahı Petra della Valle də yazırdı ki, Şah Abbas onu qəbul edərkən türk dilini bilib-bilmədiyi barədə soruşmuş, müsbət cavab aldıqdan sonra “xoş gəldi, səfa gəldi” söyləmişdi (Petra della Vallenin səyahətnaməsi (farsca tərc. Şüaəddin Şifa), Tehran, 1370 şəmsi, səh. 184). Saray əyanları isə Şaha “qurban olum, başına dönüm” kimi ifadələrlə müraciət edirdilər.

Bu vəziyyət ən azından XVII əsrin sonlarına kimi davam etmişdir. 1694-cü ildə Səfəvilər dövlətini ziyarət etmiş italyan səyyahı Covanni Françesko Cemelli Karreri öz səyahətnaməsində qeyd edirdi ki, bu ölkədə əsasən 3 dil daha şox işlədilir: fars, türk və ərəb dilləri. Bundan əlavə, elat dili də kəndlilər arasında yayılıb (Səfərnameye-Cemelli Karreri (farsca tərc. Abbas Naxçıvani və Əbdülali Karəng), 1383 şəmsi, səh. 148). Səyyah qeyd edir ki, fars dili söz ehtiyatı baxımından zəngin deyil. Ərəb dili alimlərin və elmin dilidir. İranın saray adamları isə türk dilində danışırlar.

Səfəvi sarayında hamının türk dilində danışması, xüsusilə, orduda bu dilin geniş yayılması barədə Avropa səyyahlarının yazdıqları əsassız deyil. Səfəvilər sülaləsi mənşə etibarilə türk idi. Onlar öz ana dillərini unutmamış, hakimiyyətə çatdıqdan sonra da özləri bu dildə ünsiyyət qurmaqla onu yaşatmış və öz əhatələrində də bu dilin hakim mövqeyini qoruyub saxlamışlar.

Nəzərə almalıyıq ki, Səfəvilər dövlətinin qurulmasında iştirak edən və Şah İsmayıla hərbi-siyasi dəstək verən tayfaların demək olar ki, hamısı türk mənşəli idi: Ustaclu, Şamlu, Təkəlu, Əfşar, Qacar, Rumlu, Baharlu, Xunuslu, Qaramanlu, Zülqədər, Bayat, Türkman, Varsaq və s. Bu tayfalar dövlətə sədaqətlərini dönə-dönə sübuta yetirmişdilər və buna görə də şahı hər yerdə müşayiət etmək şərəfinə sahib idilər. Səfəvi şahları öz sınaqdan çıxmış silahdaşlarına arxalanır və onları saraya cəlb edirdilər. Yüksək səviyyəli əyanların əksəriyyəti türk mənşəli tayfaların yetirməsi idi. Səfəvi ordusunun da əsas hissəsini bu tayfalar təşkil edirdi.

XVII əsrdə türkmən əsilli salnaməçi İsgəndər bəy Münşinin qələmə aldığı “Tarixe-aləmaraye-Abbasi” (Abbasın dünyanı bəzəyən tarixi) kitabında yazılıb ki, 1576-cı ildə, yəni I Şah Təhmasib vəfat edərkən ölkədə məsul vəzifələri tutan 114 əmir var idi. Həmin kitabda bu 114 nəfərdən bir qisminin adı çəkilir. (Tarixe-aləmaraye-Abbasi (tərc. O.Əfəndiyev və N.Musalı), Bakı, 2009, səh. 252). Tədqiqatçı-alim Z.Bayramlı mənbədə adları çəkilən əmirlərin sayını və mənşəyini araşdıraraq qeyd edir ki, “siyahıda göstərilən 114 nəfər əmirdən 84 nəfərin adı qeyd olunmuşdur ki, onlardan 72 nəfəri türk, 12 nəfəri isə talış, kürd, lurlardan ibarət olmuşdur” (Z.Bayramlı. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasinda türk qizilbaş əyanlarinin rolu, Bakı, 2015, səh. 63).

İsgəndər bəy Münşi öz əsərində (3-cü cild, səh. 1806-1810) I Şah Abbasın vəfatı zamanı (1628-ci il) vəzifə başında olmuş əmirlərin də natamam siyahısını verir. Müəllif qeyd edir ki, Şah Abbasın vəfatı zamanı əmirlərin sayı 92 idi. İsgəndər bəy Münşi onların adlarını iki siyahıda təqdim edir. Birinci siyahıda Qızılbaş tayfalarına və digər ellərə mənsub olan əmirlərin adları çəkilir. Müəllif onların sayının 71 nəfər olduğunu yazsa da, yalnız bir qisminin adını çəkir. Adları çəkilənlərdən 34-ü böyük Qızılbaş tayfalarının mənsublarıdır. Xorasan türkmanlarından və Qarabağdan olan əmirlər daxil olmaqla daha 20 nəfər türk mənşəli əmiri də bura əlavə etsək, siyahıda məlumat verilən türk əsilli əmirlərin sayı 54 olar. Bunlardan əlavə, həmin siyahıda 17 nəfər kürd, iki nəfər talış və üç nəfər əfqan əmirin də adları gözə çarpır. Beləliklə, siyahıda 92 əvəzinə cəmi 76 nəfər haqqında oxuyuruq ki, bunların da 54-ü türkdür (yux. mənbə, səh. 65).

Burada bir maraqlı məqama aydınlıq gətirmək istərdik. I Şah Abbasın zamanında qeyri-müsəlman millətlərdən (gürcü, çərkəz və s.) seçmə gənclər hərbi xidmətə qəbul edilirdilər. Onlardan “qulam” adlı xüsusi hərbi bölümlər təşkil olunmuşdu. Qulamların içindən xüsusi bacarığa malik olanlar seçilərək, fərqli şəkildə tərbiyə edilir, sonralar bəzi el və oymaqlara əmir göndərilirdi. Hansı tayfalardan əmirliyə layiq şəxslər çıxmırdısa, ora kənardan (yəni qulamların içindən) əmir təyin edilirdi. Şah Abbasın bu tədbiri bir növ Osmanlı quruluşundakı yeniçəri təcrübəsinin İranda tətbiqi demək idi.

“Tarixe-aləmaraye-Abbasi”də vəzifəyə göndərilmiş qulamların sayının 21 olduğu göstərilir və onlardan 15-i haqqında konkret məlumat verilir. Qulamlar sair millətlərdən olsalar da, onların bəzilərinin adı türk mənşəli idi (İmamqulu xan, Səfiqulu sultan) və tarixi məlumatlardan bəlli olur ki, qulamlar fars dilində demək olar ki, danışmağı bacarmır və yalnız türk dilində ünsiyyət qururdular. Bunu italyan diplomatı Petra della Vallenin xatirələrində də oxuyuruq: “...Qoşun qızılbaşlardan və qulamlardan ibarətdir. Bunların birincisi kök etibarilə türkdür. İkinci dəstə isə müxtəlif millətlərə və qövmlərə mənsubdur; onlar öz aralarında türk mənşəli dillərdə danışırlar və fars dilində heç nə bilmirlər”. Deməli, I Şah Abbasın vəfatı zamanı vəzifədə olan daha 21 qulam da əslində türkdilli sayılırdılar.

Unutmaq olmaz ki, Səfəvilər imperiyası bircinsli milli tərkibə malik deyildi. Bu dövlətin rəiyyətləri sırasına türklərlə yanaşı, farslar, kürdlər, lurlar, talışlar, ərəblər, hətta qeyri-müsəlman xalqlar da daxil idi. Çoxmillətli, çoxdilli imperiyanın elitasında türklərin və türk dilinin böyük üstünlüklə təmsil edilməsi bu dilin hakim sülalə tərəfindən sevilməsinin və yüksək dəyərləndirilməsinin göstəricisidir.

(ardı var)


Yerləşdirilib:5 Mart, 2016, Baxılıb:19877, Çap
 

Son şərhlər : 2
Müəllif: Alif | 5 Mart, 2016  14:15
# Ответить
+6


]]>]]>

Allah Şah İsmayıla rəhmət eləsin
Müəllif: Mansur | 9 Mart, 2016  12:05
# Ответить
+4


]]>]]>

Allah razi olsun, yazan əlləriniz var olsun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com