Səfəvi sarayında türk dili

Yaxud illərlə bizə təlqin edilmiş bir təhrif barədə o dövrün sənədləri əsasında açıqlama

Səfəvilər dövlətinə və onun banisi Şah İsmayıl Xətaiyə münasibət tarix boyunca birmənalı olmamışdır. Əslində, hər hansı dövlətə və dövlət basçısına birmənalı münasibət göstərilməsini gözləmək sadəlövhlükdür. Lakin Şah İsmayıla və onun xələflərinə qarşı irəli sürülən iddiaların böyük əksəriyyəti bəzən kor təəssübə və düşmənçiliyə əsaslanır, həqiqətdən uzaqdır.

Hər şeydən əvvəl, mövzuya giriş olaraq bunu deməliyik ki, Səfəvilər dövlətinin tariximizdə ifa etdiyi ən mühüm rol – Azərbaycan torpaqlarını vahid bir bayraq altında birləşdirməsi və bütöv Azərbaycan ərazisində Azərbaycan əsilli sülalə tərəfindən idarə olunan ilk mərkəzləşdirilmiş dövlətin yaradılması oldu. Raşidi xəlifələri zamanında müsəlmanlar tərəfindən bu yerlərin fəth edilməsindən keçən 900 ilə yaxın müddət ərzində Azərbaycan hələ vahid bir dövlət halında birləşməmişdi. Səfəvilərin hakimiyyət başına gəldiyi ərəfədə Yaxın Şərq bir-biri ilə mübarizə aparan kiçik dövlətlər arasında bölünmüşdü. XVI əsrdə yaşamış salnaməçi Həsən bəy Rumlu özünün məşhur “Əhsən əl-təvarix” kiabında XVI əsrin əvvəllərində - Şah İsmayıl hərəkatının başlanğıc dövrlərində Yaxın Şərqdə mövcud olmuş irili-xırdalı dövlətlərin başçılarından söz açarkən, Şah İsmayıldan başqa daha 11 hakimi xatırladır: “Həmin il (yəni hicri 907 – miladi 1501-02-ci illərdə) İran vilayətində hər biri müstəqillik iddiası edən və “məndən başqası yoxdur” deyən bir neçə hakim vardı: Azərbaycanda İsgəndər şöhrətli xaqan (yəni Şah İsmayıl), İraqın əksər ərazisində Sultan Murad, Yəzddə Murad bəy Bayandır, Əbərquhda Rəis Mühəmməd Gireh, Simnan, Xar və Firuzkuhda Hüsen Kiya Çəlavi, İraqi-ərəbdə Barik bəy Pürnak, Diyarbəkrdə Qasim bəy, Kaşanda Mövlana Məsud Bigdili ilə birlikdə Qazı Mühəmməd, Xorasanda Sultan Hüseyn Mirzə (Bəyqara), Qəndəharda Əmir Zünnun, Bəlxdə Bədiüzzaman Mirzə (Bəyqaranın oğlu), Kirmanda Əbülfəth bəy Bayandır” (Həsən bəy Rumlu. Əhsən əl-təvarix, (dr. Əbdülhəsən Nəvayinin redaktəsi ilə), Tehran, Babək nəşriyyatı, səh. 87). Nəzərə alaq ki, bu zamana kimi Şah İsmayıl ən böyük və güclü rəqiblərindən bir neçəsini – Azərbaycan hakimi Ağqoyunlu Əlvənd Mirzəni və Şirvanşah Fərrux Yasarı artıq məğlub etmişdi.. Adları çəkilən digər hökmdarların torpaqları, eləcə də, həmin torpaqlara yiyələnmiş sonrakı hakimlər (məsələn, Bəyqaranın dövlətini ələ keçirmiş Şeybanilər) Şah İsmayıl tərəfindən məğlub edilərək, bu ərazilərin hamısı Səfəvilər imperiyasının tərkibinə qatıldı. Hətta Gürcüstan və Ermənistan torpaqları da Səfəvilərə tabe idi. Bu mənada Səfəvilər dövləti bütöv Azərbaycan ərazisində Azərbaycan əsilli sülalə tərəfindən idarə olunan ilk mərkəzləşdirilmiş dövlət sayıla bilər.

Bu gün Səfəvilərə qarşı Azərbaycanda aparılan ideoloji təbliğatın əsas tərkib hissələrindən biri də budur ki, guya Səfəvilər zamanında türk dili getdikcə sıxışdırılmışdır. Türk dili əvvəllər saray dili və ədəbi dil sayıldığı halda, guya sonralar bu üstünlükdən məhrum edildi, onun yerini fars dili tutdu. Guya Şah Abbas dövründən başlayaraq, Səfəvi hökmdarları türk dilinin nüfuzunun aşağı salınması istiqamətində ardıcıl siyasət yeridir, bu dili aşğılayırdılar. Guya XVII-XVIII əsrlərdə bütün Səfəvi imperiyasının ərazisində fars dili hökmran olmuş, şah və saray əyanları bu dildə danışmış, siyasi yazışmalar bu dildə aparılmış, bədii ədəbiyyat bu dildə inkişaf etmişdir.

Bu iddiaların əsassız olduğunu görmək üçün tamamilə bitərəf olan şəxslərin – Səfəvilər dövlətinə səfər etmiş Avropa səyyah və diplomatlarının xatirələrini oxumaq kifayət edər. Adam Oleari, Pyetra della Valle, Jan Batist Tavernye, Engelbert Kempfer, Jan Şarden, don Qarsiya de Silva Fiqerao, Cemelli Karreri, Sanson və başqalarının səfər xatirələrini vərəqləyərkən onilliklər boyunca Səfəvi sarayında və saray əyanlarının məişətində türk dilinin hakim olduğunu görürük.

Səfəvilər dövlətində türk dilinin mövqeyi barədə italyan diplomatı Petra della Vallenin xatirələri mühüm əhəmiyyət daşıyır. O, 18 dekabr 1617-ci il tarixində İsfahan şəhərindən öz dostu Mario Eskipanoya ünvanladığı məktubda yazırdı: “İranda adi və geniş yayılmış vəziyyət bundan ibarətdir ki, fars dilindən daha çox türk dilində danışırlar. Əslində türk dili saray əyanlarının və İranın dövlət xadimlərinin dilidir... Türkcə danışmağın səbəbi bu deyil ki, iranlılar onu fars dilindən daha yüksək qiymətləndirirlər. Səbəb budur ki, qoşun qızılbaşlardan və Şahın qulamlarından (xidmətçilərindən) ibarətdir. Bunların birincisi kök etibarilə türkdür. İkinci dəstə isə müxtəlif millətlərə və qövmlərə mənsubdur; onlar öz aralarında türk mənşəli dillərdə danışırlar və fars dilində heç nə bilmirlər. Nəinki yalnız onların sərkərdələri, sözləri anlaşılsın deyə, öz fərmanlarını türkcə verməli olurlar, həmçinin, vaxtının çoxunu əsgərlərlə birlikdə keçirən Şahın özünə də öz əmrlərini türkcə ifadə etmək daha rahatdır. Nəticədə, get-gedə türk dili elitanı təşkil edən əyanların, dövlət və ordu adamlarının dilinə çevrilmişdir...” (Petra della Vallenin səyahətnaməsi (farsca tərc. Şüaəddin Şifa), Tehran, 1370 şəmsi, səh. 72). Petra della Valle bu mövzunu 17 mart 1617-ci il tarixli məktubunda da oxşar formada qeyd etmişdir..

Nəzərə almalıyıq ki, səyyahın bu xatirələri 1587-1629-cu illər arasında hökmdarlıq etmiş I Şah Abbasın hakimiyyətinin təqribən 30-cu ilində qələmə alınmışdır. Beləliklə, guya Şah Abbas tərəfindən türk dilinin sıxışdırılması və sarayda fars dili ilə əvəz edilməsi barədə iddialar ciddi şübhə altına düşür. Saray yazışmalarının bir hissəsi fars dilində aparılsa da, danışıq dili kimi türk dili öz qüvvəsini qoruyub saxlamışdı.

Şah Abbasın zamanında Səfəvilər dövlətinə diplomatik səfər etmiş İspaniya elçisi don Qarsiya de Silva Fiqerao da şah sarayında baş vermiş bir məzəli əhvalatı təsvir edərkən, şahla əyanlar arasında söhbətin türk dilində getdiyini vurğulayır (Səfərnameye-don Qarsiya de Silva Fiqerao, səfire-İspaniya dər dərbare-Şah Abbase-əvvəl (farsca tərc. Qulamrza Səmii), Tehran, 1363, səh. 363).

(ardı var)


Yerləşdirilib:2 Mart, 2016, Baxılıb:5022, Çap
 

Son şərhlər : 3
Müəllif: Deputat | 3 Mart, 2016  13:22
# Ответить
+6


]]>]]>

Bu məqaləni Fazil Mustafa kimi üzdəniraq "deputatların", milli dəyərlərimizə şıllağ atanların gözünə soxmaq lazımdı. Elə Elşad Mirinin də
Müəllif: Ali | 8 Mart, 2016  14:40 | Ответ на #2655
# Ответить
+4


]]>]]>

Bezi adamlar var ki, ancaq oz bildiyini qebul edir, bashqa hech ne girmez bashina
Müəllif: Turk | 1 Aprel, 2016  17:01
# Ответить
+1


]]>]]>

Yaşasın babamız Şah İSmayıl Xətai
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com