Terrorçu uşaqlar və səlibçi uşaqlar

Son günlərdə internet səhifələrində İŞİD sıralarında döyüşən və xidmət edən azyaşlı uşaqlar barədə məlumatlar yayıldı. Xəbər verilir ki, 100-ə yaxın uşaq kamikadze qismində partlayışlara cəlb edilməklə və döyüş əməliyyatlarında iştirak etməklə həlak olub. Bu fakt əslində İŞİD xülyalarının iflasının göstəricisidir.

Öz döyüşçülərini sürətlə itirən terrorçular həm boşluğu doldurmaq, həm də qarşı tərəfin hissləri ilə oynamaq məqsədilə uşaqları ölümün ağuşuna buraxırlar. Bu kimi metodlardan bu və ya digər formada indiyə kimi çox istifadə edilib. Münafiq qüvvələr döyüş cəbhəsində qarşılaşdıqları tərəfi ideoloji cəhətdən tərki-silah etmək üçün ən iyrənc cinayətlərə əl atıblar. Məsələn, Siffeyn savaşında Müaviyənin qoşunu nizələrin ucuna Quran vərəqlərini taxmaqla Əlinin (ə) imanlı və həm də sadəlövh əsgərlərini çaşqınlığa salmağa nail oldular. Amma dediyimiz mövzuya daha çox uyğun gələn bir hadisə xristian tarixində qeydə alınıb: Uşaqların xaç yürüşü...

XIII əsrin əvvəllərində xristian dünyası tərəfindən guya Həzrət İsanın (ə) məzarını “kafirlərdən” xilas etmək məqsədi ilə təşkil edilən dördüncü səlib yürüşü tam iflasa uğradıqdan sonra meydana... azyaşlı uşaqlar buraxıldı. Sirli yollarla insanlar arasında bu fikirlər yayılmağa başladı ki, müqəddəs torpağı yaşlı və günahkar insanlar deyil, məsum uşaqlar xilas edə bilərlər. Guya Allah günahsız balacaların dualarını daha tez eşidəcək və İsanın (ə) müqəddəs məzarını onlara təslim edəcək. Təbii ki, bu ideyalar xalq arasında özbaşına yarana bilməzdi. Bu fikirləri yayan qüvvələrin məqsədi isə az sonra bəlli oldu.

1212-ci ildə Fransada yetkinlik yaşına çatmamış (əksər məlumatlara görə 12 yaşlı) Etyen adlı bir kəndli balası özünü Müqəddəs Məzarın xilaskarı adlandırıb, guya Həzrət İsa (ə) ilə görüşdüyünü və bu barədə ondan şəxsən müjdə aldığını bildirdi. Fransisk ordeninin keşişləri, yerli hakimiyyət nümayəndələri və yepiskoplar tərəfindən Etyenin çağırışları güclü təbliğ olunurdu. Yaşının azlığına baxmayaraq xarizmatik şəxsiyyətə malik olan və din xadimləri tərəfindən dəstəklənən Etyen böyük nüfuz qazanmağa başladı. O, həmyaşıdlarını müqəddəs yürüşə çağırır və vəd edirdi ki, dəniz kənarına çatanda Həzrət Musa (ə) kimi onun da qarşısında dəniz iki yerə bölünəcək və zəvvarlara yol verəcək!

Etyenin təyin etdiyi Vandom şəhərində 30 min uşaq toplaşdı. Onların arasında hər yaş qrupuna rast gəlmək olurdu. O zamankı salnaməçilər yürüş iştirakçılarının 6 yaşdan başlayaraq evlilik yaşına kimi olduqlarını yazırdılar. Uşaqların demək olar ki silahı yox idi. Onlar yol boyunca yerli sakinlərin ianələri ilə dolanır, bəzən isə oğurluq və qarətçilik etməkdən də çəkinmirdilər. Salnaməçilər bunu da qeyd etməyi unutmurlar ki, zəvvar uşaq ordusunun içinə “peşəkar” oğru və fırıldaqçılar da soxulmağa fürsət tapmışdılar...

Etyen öz silahsız ordusunu cənuba doğru aparırdı. Fransanın cənubunda, Aralıq dənizi sahilindəki Marsel şəhərinə çatanda ordu dayandı. Etyenin bütün cəhdlərinə baxmayaraq, dəniz onların qarşısında iki yerə bölünmək istəmirdi... Günlərlə dəniz sahilində qalan uşaqların bir hissəsi bezib geri qayıtdı. Geri dönənlərin çoxusu aclıq və xəstəlikdən həlak oldu...

Etyen dəniz sahilində möcüzə gözləyərkən iki tacir ona müraciət edib kömək təklif etdi. Tacirlər onları öz gəmilərində Konstantinopola kimi aparacaqlarını söylədilər. Etyen yol haqqı üçün pulu olmadığını deyəndə tacirlər bunu təmənnasız, savab qazanmaq üçün etdiklərini söylədilər.

Zəvvar uşaqlar gəmilərə doluşdular. Yeddi gəminin ikisi dənizdə fırtınaya düşüb batdı. Qalan beş gəmi isə Konstantinopola yox, ... Əlcəzair sahillərinə gəlib-çıxdı. Sən demə, tacirlər dəniz quldurları ilə əvvəlcədən danışıb, onlar üçün kölə gətirəcəklərini vəd etmişdilər. Beləliklə, beş gəmi dolusu uşaq dəniz quldurlarının əlinə düşüb kölə bazarlarının yemi oldu...

Amaniyada toplaşan 20 min yeniyetmə da Nikolay adlı uşağın rəhbərliyi ilə eyni məqsəd dalınca səfərə çıxmışdı. Soyuq Alp dağlarından keçid zamanı uşaqların böyük bir hissəsi məhv oldu. Onların qalıqları Genuya şəhərinə çatanda fikir ayrılıqları yarandı. Uşaqlara rəhmi gələn yerli hakimlər onların bir hissəsini geri qayıtmağa razı sala bildilər. Bir dəstə isə birbaşa Romaya gedib Papa ilə görüşməyə qərar verdi. Papa III İnnokentiy uşaqların təşəbbüsünü bəyənsə də, onları yetkinlik yaşına çatana kimi müqəddəs vəzifədən azad etdi. Fransız uşaqları kimi alman uşaqların da əksəriyyəti geri qayıdarkən yol boyunca qırıldılar və onların az bir hissəsi öz evinə gəlib-çatdı. Beləliklə, silahlı ordunun köməyi ilə öz məqsədinə çata bilməyən xristian dünyasının uşaqlardan sui-istifadə etmək planı tam və faciəli şəkildə iflasa uğradı...

Keçmiş və müasirlik arasında paralellər sezilir, elədirmi? Heç istəməzdik ki, müsəlman uşaqların da aqibəti səlibçi xristian uşaqlar kimi faciəli olsun. Amma nə etmək olar? Bu məsum uşaqların ixtiyarı onların qəddar, vəhşi böyüklərinin əlindədir. Nə qədər ki böyüklərin zehnində bu vəhşi təfəkkür var, uşaqlar arada qurban gedəcəklər... Təəssüf...


Yerləşdirilib:27 Fevral, 2016, Baxılıb:2188, Çap
 

Son şərhlər : 3
Müəllif: Salam | 27 Fevral, 2016  17:10
# Ответить
+1


]]>]]>

mesum uwaglarin arada getmesi cox pis bir haldir,Allah ozu komek olsun.Allah zuhuru tecil etsin,Amin
Müəllif: Qadir | 1 Mart, 2016  10:40
# Ответить
+1


]]>]]>

Gör hardan hara gəlmişik da...
Müəllif: Elcin | 9 Mart, 2016  17:06
# Ответить
0


]]>]]>

ela arashdirmadir
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com