Ariflər şəriəti inkar edirlərmi?

(Əvvəli: Şəriət, təriqət və həqiqət və ya Allaha aparan yol hardan keçir?)

Mövlana Cəlaləddin Rumi “Məsnəviyi-mənəvi”nin beşinci dəftərinin dibaçəsində (girişində) şəriət, təriqət və həqiqətin bir-biri ilə əlaqəsi haqqında belə yazır:

“Şəriət - yolu işıqlandıran şama bənzəyir. Əlinə şam götürməsən, yol gedə bilməzsən və bunsuz  bir iş görmək mümkün olmaz. Yola düşəndən sonra sənin gedişin təriqətdir. Çatdığın məqsəd və hədəf isə həqiqətdir. Buna  görə demişlər ki, “həqiqətlər  zühur edəndə şəriətlər batil olar”. Demişlər ki, “göstərilən yerə çatdıqdan sonra bələdçi tələb etmək eyibdir, göstərilən yerə çatmazdan əvvəl bələdçini atmaq isə bəyənilməz əməldir”.

Şəriət - tibb elmini öyrənməyə, təriqət - bu elmə uyğun olaraq pəhriz saxlamağa və dərman içməyə, həqiqət isə əbədi sağlamlıq əldə edib əvvəlki ikisindən xilas olmağa bənzəyir. İnsan öləndə şəriətlə təriqətin hər ikisi onun  üçün aradan götürülər, həqiqət isə qalar.

Şəriət elmdir, təriqət əməldir, həqiqət Allaha qovuşmaqdır: “Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı əməllər etsin və Rəbbi üçün etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (Kəhf, 110).

Bəziləri bu qəbildən olan sözləri əldə əsas tutaraq düşünürlər ki, guya sufilərin əqidəsinə görə, həqiqət  mərhələsinə qədəm qoyan şəxsin boynundan bütün şəriət vəzifələri (buna təklif deyilir) götürülər. Guya nə qədər ki, salik hələ kamala yetməyib, seyrü-süluk yolunun əvvəlində şəriətə bağlanmağa borcludur. Lakin təkamül yolu ilə irəliləyib haqqın içində fani olduqda bütün məhdudiyyətlər, bağlılıqlar, tabeçiliklər qırılır.

Bu fikrin həqiqətə uyğun olmadığını görmək üçün klassik sufi mənbələrini və təsəvvüf şeyxlərinin həyat tərzini izləmək kifayətdir. Əgər bəzi kitablarda bu fikrə rast gəlinirsə də, nəzərə almaq lazımdır ki, bu, sufilikdə bəyənilməyən bir nəzəriyyədir və sufilərin özləri bu cür fikirləri azğınlıq kimi qiymətləndirmişlər.

Yuxarıda “Məsnəviyi-mənəvi”dən gətirilmiş sitata gəlincə, buradakı bəzi ifadələr mütləq rəmzlər vasitəsilə şərh olunmalıdır. Belə ki, əksər ariflərin və sufilərin fikirncə həqiqətə çatmaq yalnız ölümdən sonra mümkündür. Çünki dünya əlaqələri insanı tamamilə Allaha bağlanmaqdan uzaq qoyur. Ölümdən sonra insan Allahın bilavasitə hüzurunda qərar tutur. Axirət aləmində isə təklif yoxdur, orada yalnız dünya əməllərinə görə cavabdehlik mövcuddur.

Qeyd edək ki, bəzi sufi şeir nümunələrində (məsələn, Nəsimi yaradıcılığında) şəriət, təriqət və həqiqət anlayışlarına daha biri, yəni mərifət əlavə olunur və bu zəncirin halqalarının sayı dördə çatdırılır. Lakin klassik sufi ədəbiyyatı nümunələrinin əksəriyyətində yalnız ilk üç məfhum göstərilir. Dörd məfhumla bağlı aşağıdakı hekayət çox maraqlıdır:

Deyirlər ki, bir gün Mövlananın müridlərindən biri ondan soruşdu: “Mən təsəvvüfdə dörd qapı məsələsini anlaya bilmirəm. Şəriət, təriqət, mərifət və həqiqət mərtəbələri nə deməkdir?”

Mövlana dərgahda (dərviş xanəgahında) namaz qılıb zikr deyən 4 nəfəri ona göstərib deyir: “Bax, görürsənmi, orada dörd adam ibadət edir. Sən onlara yaxınlaş, hərəsinə qəfildən bir sillə vur. Gör əvəzində səninlə nə cür rəftar edəcəklər?”

Mürid birinci adama yaxınlaşıb ona bir sillə vurur. Adam qəzəblə yerindən qalxır, müridə bir sillə vurub yenə duasına davam edir.

Mürid ikinci adama sillə vurur. O da qəzəb içində qalxıb həmin şəkildə cavab vermək istəyir. Amma birdən-birə nə isə düşünüb əlini aşağı salır və ibadət yerinə qayıdır.

Üçüncü adama sillə vuranda o sakitcə arxaya dönüb müridə nəzər salır, heç nə demədən öz işinə davam edir.

Dördüncü adam isə müridin silləsinə etina etmir, heç nə olmamış kimi duasını və zikrini söyləməklə məşğul olur.

Mürid Mövlananın yanına qayıdıb əhvalatı ona danışır. Mövlana deyir: “O adamların hər biri haqqa doğru gedən yolun fərqli mərtəbəsindədir. Birinci şəxs hələ şəriət mərtəbəsindən keçməyib. Ona görə də şəriətdə qana-qan, gözə-göz əmri ilə hərəkət edib, vurduğun silləyə sillə ilə cavab verdi. İkinci adam təriqət mərtəbəsindədir. O, əvvəlcə pisliyə pisliklə cavab vermək istədi, amma səbr və təvazökarlıq göstərib sənin günahından keçdi, pisliyi yaxşılıqla cavablandırdı. Üçüncü adam mərifətə çatıb. Bilir ki, xeyri də-şəri də, neməti də-bəlanı da, izzəti də-zilləti də verən Allahdır. Amma marağı güc gəldiyi üçün dönüb baxdı ki, ona qarşı bu pislik kimin vasitəsi ilə gəlib. Dördüncü adam isə artıq həqiqət mərhələsindədir. O, Allahda fanidir, buna görə də sənin vurduğun silləni heç hiss də etmədi”.

Sufi böyüklərinin şəriətə bağlılıqlarını təsəvvür etmək üçün Cüneyd Bağdadinin bu kəlamını yada salmaq yerinə düşər: “Təsəvvüf bir evə bənzəyir ki, şəriət onun qapısıdır”. Bayezid Bistami isə belə demişdir: “Bir kəs Allahın əmr və qadağanlarına, Peyğəmbərin sünnəsinə tabe deyilsə, havada bardaş qurub oturduğunu görsəniz belə, sözünə etibar etməyin”. Səhl ibn Abdullah Tüstəri isə belə söyləmişdir: “Bizim yolumuzun təməli bu yeddi xüsusiyyətdir: Allahın Kitabına bağlanmaq, Peyğəmbərin sünnəsinə tabe olmaq, halal yemək, başqalarına əziyyət  və yük olmamaq, günahdan çəkinmək, tövbə etmək və hər şeyin haqqını gözləmək”.

Məşhur təsəvvüf şeyxlərindən olan Şah Nemətullah Vəli rübailərinin birində yazırdı (farscadan tərcümə):

Din elmini bilmək şəriətdir,

Onu əmələ çevirmək təriqətdir.

Əgəer elmlə əməli Haqqın razılığından ötrü

İxlasla bir araya gətirsən, bu, həqiqətdir.

Yenə təsəvvüf böyüklərindən olan Şiblinin belə söylədiyini rəvayət edirlər: “Şəriət odur ki, Ona (Allaha) ibadət edəsən. Təriqət odur ki, Onu istəyəsən (axtarasan). Həqiqət odur ki, Onu görəsən”. Əlbəttə, sonuncu ifadədə Allahı gözlə yox, batini bəsirətlə “görmək” nəzərdə tutulur.

Amma bu da məlumdur ki, bəzi sufi mətnlərində şəriət hökmləri ilə daban-dabana zidd olan mətləblər mövcuddur. “Şəthiyyat” adlı bu sözlər bəzi sufilər tərəfindən vəcd (özünü unutmaq, özündən getmək) halında söylənmişdir. Bəziləri bu şəthiyyatları əldə əsas tutaraq, bütünlükdə sufiliyi rədd etmiş və sufilərə qarşı düşmən mövqeyində durmuşlar. Bəziləri isə bunun tam əksinə olaraq, şəthiyyat qəbilindən olan bütün sözləri rəmzlər diliylə izah etməyə çalışmış, onları təmizə çıxarmaq üçün dəridən-qabıqdan çıxmışlar.

Həqiqət isə bundan ibarətdir ki, şəriətə qarşı yönəlmiş sözlərin bir qismi sonralar sufilərə aid edilmiş, onların ünvanına yazılmışdır. Bir qisim sözlər isə həqiqətən rəmzlər vasitəsilə açıqlanmağa, “şifrə olunmağa” möhtacdır və onların mənası heç də ilk baxışda göründüyü kimi ziyanlı deyildir. Əlbəttə, bunları çıxdıqdan sonra yerdə qalan mətləbləri heç cür yaxşılığa yozmaq mümkün deyildir. Məhz bu mətləblər qərəzli məqsədlə sufilik cərgəsinə soxulmuş təxribatçı şəxslərin, yaxud da fikir çaşqınlığına düçar olmuş, əslində isə irfan və təsəvvüfdən xəbəri olmayan cahillərin məhsuludur.


Yerləşdirilib:24 Fevral, 2016, Baxılıb:3942, Çap
 

Son şərhlər : 2
Müəllif: Saleh | 25 Fevral, 2016  20:22
# Ответить
0


]]>]]>

Qəliz temadı ama
Müəllif: Roma | 10 Mart, 2016  14:14
# Ответить
0


]]>]]>

səbrli olub ama
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com