Allah: hər şeyi bilən iradə sahibi

Ötən məqalədə (http://az.islam.az/article/a-786.html) Allah-təalanın sübutiyyə sifətlərindən biri – QÜDRƏT sifəti barədə məlumat vermiş və bununla bağlı qarşıya çıxan suallara aydınlıq gətirmişdik. Aşağıda Allahın sübutiyyə sifətlərindən daha ikisi haqqında qısa bilgi verilir.

Allah hər şeyi bilir (ELM)

Allah-təalanın sübutiyyə sifətlərindən biri də elmlilikdir. Allah mütləq mənada alimdir, hər şeydən xəbərdardır.

Qeyd etmişdik ki, Allah sonsuz qüdrətə malikdir və aləmi bu qüdrət vasitəsilə yaratmışdır. Quranda buyurulur: “Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi” (Loğman, 27). Yaradıcı öz yaratdığından tamamilə xəbərdar olmalıdır. Aydındır ki, avtomobili ixtira edib yaradan şəxs onun quruluşu barədə hərtərəfli elmə malikdir. Kitab yazan kəs isə onun bütün mövzularından xəbərdardır. Varlıq aləmini yaratmış Allah onun incəliklərindən bixəbər qala bilməz: “Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz” (Yunis, 61).

Allahın elmi heç yerdən və heç kimdən kəsb olunmamışdır. Yəni Allah öz elmini öyrənməmişdir, buna görə də Onun elmsiz vaxtı olmamış və olmayacaqdır.

Allah-təala elmin bir qismini insanlara öyrətmişdir. İnsanın malik olduğu elm onun yaşayışı üçün kifayət edir. Bəşər elmi Allahın malik olduğu elmin çox cüzi bir hissəsini təşkil edir. Qurani-kərimdə insanın xəbərsiz olduğu qeyb elmlərindən bəziləri xatırlanır: “O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək yalnız Ona aiddir. O bilmədən heç bir meyvə qabığından (tumurcuğundan) çıxmaz, heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz” (Fussilət, 47). “Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!” (Loğman, 34).

Allahın hər şeydən xəbərdar olduğuna inanmaq insan mənəviyyatına müsbət təsir göstərir. İnsan Allahın bütün əməllərdən və niyyətlərdən xəbərdar olduğuna inanarsa, günah etməz, şər və pislik törətməz, xeyirxahlıq və ədalətə riayət etməyə çalışar, zülmə, zorakılığa və küfrə qarşı mübarizə aparar. Allah-təala Qurani-kərimdə öz sonsuz elmini dönə-dönə xatırlatmaqla insanları məsuliyyət və cavabdehliyə səsləyir: “Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!” (Bəqərə, 77). “Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!” (Mömin, 9).

Allah iradə sahibidir (MÜRID)

Allah-təala iradə sahibidir. O, öz iradəsi ilə qüdrətinin bəzi çalarlarını aləmdə nümayiş etdirmiş, bəzilərini gizli saxlamışdır. Nəyi necə və nə zaman yaratmaq Allahın özündən asılıdır. Allah hər hansı bir şeyi yaratmaq istəyirsə, bunu iradə edir və həmin şey yaranır. Həm də Allahın bütün yaratdıqları qüdrət və elm baxımından nöqsansız olur.

Allah-təala hər hansı işi görərkən, əmək alətlərindən istifadə etmir və zəhmət çəkmir. Allahın yaratma prosesi bizim təsəvvür etdiyimiz xarakteri daşımır. Yəni “Allah-təala Adəmi palçıqdan yaratdı” – deyərkən elə təsəvvür etməməliyik ki, guya Allah bilavasitə öz əlləri ilə torpağın üstünə su tökmüş, qarışdırıb palçıq yoğurmuş, ondan Adəmin fiqurunu yapmışdır. Xeyr, Allah bu işlərdən uzaqdır və bunlar Allah üçün nöqsan sayılar. Əgər deyilənlərə inansaq, Allahın cisim olduğunu qəbul etməliyik, halbuki, Allah cisim deyildir. Allah hər şeyi, o cümlədən Adəmi də yaratmaq üçün sadəcə bunu iradə etmiş, o şey Allahın istədiyi kimi yaranıb hazır olmuşdur.

Qurani-kərimin bir neçə ayəsində Allahın iradəsi vəsf olunur. Məsələn: “Həqiqətən, Rəbbin istədiyini edəndir” (Hud, 107). “Ya-Sin” surəsinin 82-ci ayəsində isə belə buyurulur: “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar”.

İslam müqəddəslərindən bizə yetişən kəlamlar da dediklərimizi sübut edir. İmam Kazimin (ə) ardıcıllarından bir nəfər ondan Allahla bəndənin iradələri arasındakı fərqi izah etməsini istədi. İmam ona belə cavab verdi: “Bəndənin iradəsi bir işi görməzdən əvvəl onun barəsində düşünmək və ona hazırlaşmaq deməkdir... Allahın iradəsi isə yaratmağa bərabərdir və bundan başqa bir şey deyildir. Çünki insana xas olan müqayisə, həvəs və təfəkkür sifətləri Allahdan uzaqdır” (“Üsuli-Kafi”).

Əsil Allah dostları heç vaxt öz istək və iradələrini Allahın iradəsindən üstün tutmurlar. Deyirlər ki, Sünbül Sinan adlı övliya bir gün öz şagirdlərindən soruşdu: “Fərz edin ki, Allah-təala bu kainatı yenidən yaratmağı sizə tapşırıb. Bu halda nə edərdiniz?”

Şagirdlərin hərəsi bir söz söylədi. Biri dedi ki, bütün kafirləri məhv edərdim. O biri dedi ki, bütün şərab içənləri yox edərdim. Şagirdlərdən biri, gələcəkdə Müslihiddin Əfəndi kimi şöhrət qazanacaq uşaq isə heç bir cavab vermədi. Müəllim bunun səsəbini soruşanda Müslihiddin cavab verdi: “Müəllim, məgər Allahın iradəsində nöqsan varmı ki, mən onda dəyişiklik etmək istəyim? Allah hər şeyi necə yaratmışsa, mən də eləcə yaradardım!” Sünbül Sinan bu cavabı eşidəndə razı qalıb söylədi: “Məsələ öz cavabını tapdı”.


Yerləşdirilib:19 Fevral, 2016, Baxılıb:5051, Çap
 

Son şərhlər : 6
Müəllif: Pervin | 22 Fevral, 2016  18:36
# Ответить
+1


]]>]]>

Ya Allah!
Müəllif: Insan | 22 Fevral, 2016  20:42
# Ответить
+1


]]>]]>

Insanlarin arxasinca etdiklerini Allahin gozu qarwisinda edirsiniz.Allah bu dunyadaki emellerimizden agahdi.Allah qorusun hamimizi.Amin.
Müəllif: Lamiye | 26 Fevral, 2016  17:42
# Ответить
+1


]]>]]>

Allah Böyükdür!
Müəllif: aygun | 7 Mart, 2016  16:52
# Ответить
+1


]]>]]>

Allah her seye qadirdi yerlerde ve goyde ne varsa hamisi ona mexsusdu
Müəllif: veli | 23 Mart, 2016  19:20
# Ответить
+1


]]>]]>

ALLAH BIZI SEVDIYI BENDELDERDEN QERAR VERSIN AMIN
Müəllif: Malik | 28 Mart, 2016  18:19
# Ответить
+1


]]>]]>

Allahdan bashqa Allah yoxdur!
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com