Şəriət, təriqət və həqiqət və ya Allaha aparan yol hardan keçir?

Can ilə tən oldu bir həqiqət,

Birləşdi şəriətü təriqət.

Nəsimi

Sufilik mövzusundakı kitablarda, habelə, sufi şeirlərində “şəriət, təriqət və həqiqət” məfhumlarına tez-tez rast gəlirik. Sufiliyin əsas termininə çevrilmiş bu sözlərə müxtəlif cür açıqlamalar verilmişdir. Hətta sufi mənbələrində bu üç anlayışın Həzrət Mühəmməd Peyğəmbərə (s) aid bir hədisdən götürüldüyü də iddia olunur: “Şəriət mənim sözlərim, təriqət mənim əməllərim, həqiqət isə mənim hal və vəziyyətlərimdir”. Hicri VII əsrdə yaşamış məşhur sufi Əzizəddin Nəsəfi bunu nəzərdə tutaraq, “əl-İnsan əl-kamil” kitabında yazırdı: "Bil ki, şəriət - peyğəmbərlərin sözü, təriqət - peyğəmbərlərin əməli, həqiqət isə peyğəmbərlərin gördükləridir. Salik (haqq yolçusu) gərək şəriət elmindən lazım olduğu qədər öyrənsin və yadda saxlasın, sonra təriqət əməllərindən lazım gəldiyi qədər yerinə yetirsin. Bundan sonra səy və çalışqanlığına uyğun olaraq, həqiqət nurları onun üzünə işıq saçacaq”.

Şəhid Mürtəza Mütəhhəri bu üç anlayış barədə məlumat verərək yazır: “Ariflərlə başqaları, xüsusilə, fəqihlər arasında mövcud olan əsas ziddiyyətli məsələrdən biri - ariflərin şəriət, təriqət və həqiqət barədə özünəməxsus görüşləridir.

Ariflər və fəqihlər bu barədə eyni fikirdədirlər ki, şəriət bir sıra faydalı göstərişlərin üzərində qurulmuşdur. Fəqihlər söyləyirlər ki, bu göstərişlər insanı səadətə, yəni maddi və mənəvi nemətlərdən ən kamil səviyyədə istifadə etmək imkanına çatdırmaq məqsədi daşıyır. Amma ariflər bu əqidədədirlər ki, bütün yollar Allaha gedib çıxır, bütün göstərişlər də insanı Allaha doğru aparan şərt, imkan və vasitələr kimi qəbul edilməlidir.

Fəqihlər yalnız bunu deyirlər ki, şəriət pərdəsi altında bir sıra faydalı göstərişlər gizlənib ki, bunlar şəriət hökmlərinin səbəbi və ruhu  sayılır. Həmin faydalı göstərişlərdən bəhrələnməyin yeganə yolu şəriətə əməl etməkdir. Ariflər isə bu fikirdədirlər ki, şəriətdə gizlənmiş həmin faydalı göstərişlər insanı Allaha yaxınlaşdıran, həqiqətə qovuşduran mənzil və mərhələlərin növləridir”. Yəni fəqihlər şəriəti insana səadət gətirən vasitə hesab etdikləri halda, ariflər daha da irəli gedir, daha böyük iddia ilə çıxış edirlər və deyirlər ki, şəriət insanı nəinki səadətə, hətta Allaha doğru aparan vasitədir.

Şəhid Mütəhhəri mövzuya bir qədər də aydınlıq gətirərək yazır: “Ariflərin fikrincə, şəriətin batini bir yoldan ibarətdir ki, bu yolu “təriqət” adlandırırlar. Bu yolun sonu isə “həqiqət”dir,  yəni arif öz “mən”ini əldən verib özündən fani olduqdan sonra ortaya çıxan əsil tövhiddir. Buna görə də arif üç məfhuma inanır: şəriət, təriqət və həqiqət. İnanır ki, şəriət - təriqətin vasitəsi və qabığıdır.

... Ariflərin əqidəsincə, insanın təşəkkül tapdığı  üç tərkib hissəsi - bədən, ruh və ağıl bir-birindən ayrı olmadığı, əksinə, bir-birinə qovuşmuş və zahir-batin münasibətində olduğu kimi, şəriət, təriqət və həqiqət də bu xüsusiyyətlərə malikdir. Yəni bunların biri zahir, o biri batin, üçüncüsü isə batinin batinidir” (Şəhid Mütəhhəri. İslami elmlərlə tanışlıq, 3-cü cild, səh. 94-96).

Ümumilikdə sufilik (bəzi azğın və bidətçi qolları çıxmaq şərtilə) İslam şəriəti ilə həmahəng şəkildə mövcud olmuş, ilkin mərhələ olaraq şəriəti dini qaydaların məcmusu kimi qəbul etmişdir.  Mütərəqqi fikirli, geniş dünyagörüşünə malik ariflər və sufilər hər hansı məzhəbə bağlı olmuş və həmin məzhəbin ehkamlarını dəqiqliklə icra etmişlər. Bu şəxslərin söz və əməllərində şəriətlə təriqət arasında uyğunsuzluq müşahidə edilmir. Böyük sufi şəxsiyyətlər namaz, oruc, həcc kimi şəriət hökmlərini nəinki inkar etməmiş, hətta bunları ifrat həddə icra etməklə xalq içində məşhur olmuşlar. Onların öz kəlamları da bu fikri təsdiqləyir. Məsələn, Cüneyd Bağdadi təsəvvüf barədə deyirdi: “Bu, o kəsin yoludur ki, sağ əlində Allahın kitabını (Quranı), sol əlində Müstəfa sünnəsini tutmuş olsun və bu iki şamın işığında yol getsin ki, nə şühbə girdabına, nə də bidət zülmətinə düşməsin”.

Təriqət barəsində ariflər demişlər: “Təriqət - haqq yolunun  yolçusuna (salik) məxsus bir yolla irəliləməkdir. Dünyadan üz çevirmək, davamlı zikr, yaradılışın əvvəlinə diqqət yetirmək, laqeydlik (yəni ruh aramlığı), tənhalığa qapılmaq, daim təharətli və dəstəmazlı olmaq, doğruculluq, ixlas və sairə sifətlər bura aiddir. Şəriət zahiri hökmlərdən ibarətdir və qabıq kimidir, təriqət onun içi, ləpəsidir” (Şərhi-Gülşəni-raz).

Seyri-süluk yolunun məqsədi və son nöqtəsi isə “həqiqət”dir. Xacə Abdullah Ənsarinin sözləri ilə desək, “həqiqət başdan-başa heyrətdir”.

Həqiqətə yetmək üç mərhələ üzrə inkişaf edir: təxəlli, təhəlli və təcəlli. (Qeyd edirik ki, bu adların yazılışında bir incəlik vardır. Adların hər üçü bircə hərflə fərqlənir. Fərqləndikləri “x”, “h” və “c” hərflərinin ərəb əlifbası ilə yazılış şəkli də demək olar ki, eynidir və yalnız nöqtə təfavütünə malikdir).

Təxəlli - pis sifətlərdən təmizlənmək və insanı Allahdan uzaqlaşdıran əməlləri tərk etməkdir.

Təhəlli - gözəl və bəyənilən sifətləri özündə tərbiyə etmək və öz əxlaqını bunlarla bəzəməkdir.

Təcəlli isə haqqın cilvələnməsi, arifin qəlbində haqq nurunun parlamasıdır.

Sufilərin fikrincə, təcəllanın da üç növü vardır: feli, sifati və zati. Göründüyü kimi, bunlar həm də tövhidin mərtəbələridir. Sufilər Həzrət Mühəmməd Peyğəmbərə (s) aid etdikləri bu hədisi də dediklərinə sübut kimi göstərirlər: “Həqiqətən, Allah Adəmi yaratdı və onda təcəlli etdi”. Beləliklə, təcəlli - mərhələlər üzrə  arifin qəlbində əvvəlcə Allahın feil və əməllərinin, sonra ad və sifətlərinin, ən sonda isə zatının zahir olmasıdır.

Ariflərin fikrincə,  həqiqət mərhələsi qeyri-məhdud və sonsuzdur. Allahın  bütün  sifətləri sonsuz olduğu, zatı qeyri-məhdud olduğu üçün, Onu dərk etməyin də həddi-hüdudu yoxdur...


Yerləşdirilib:18 Fevral, 2016, Baxılıb:4617, Çap
 

Son şərhlər : 1
Müəllif: Veysel | 20 Fevral, 2016  05:58
# Ответить
0


]]>]]>

Bele yazilardan cox verin. Bir az da derin verin. Ariflerin hallarindan, yollarindan..
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com