Allahın qüdrəti barədə iki sual və onların cavabı

İslam əqidəsində Allahın sifətləri (xüsusiyyətləri) əsasən sübutiyyə və səlbiyyə adlı iki hissəyə bölünür. Sübutiyyə sifətləri Allahın elə sifətləridir ki, onların Allahda olması vacibdir. Allah sübutiyyə sifətlərsiz mövcud ola bilməz.

Bunlar səlbiyyə sifətlərinin ziddidir. Sübutiyyə sifətlərinin sayı və adı barədə istər şiə və sünni məzhəbləri arasında, istərsə də, eyni məzhəbin daxilində bəzi fərqlər mövcuddur. Bütün müsəlman məktəblərində qəbul edilmiş sübutiyyə sifətlətindən biri də QÜDRƏT sifətidir.

Allahın qüdrəti Onun özü qədər nəhayətsiz və qeyri-məhduddur. Yaradılış aləminin hər zərrəsinə nəzər salsaq, Yaradanın sonsuz qüdrətinin nişanələrini görərik. Allah-təala sonsuz elmi ilə lazım bildiyi hər şeyi yaratmışdır. Kainatda hər şey gözəl bir qanun əsasında, kamil şəkildə, ədalət və nizam-intizamla yaradılıb, hər şey lazım olan miqdardadır. Allah-təala Özü bu barədə belə buyurur: “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq” (Qəmər, 49).

Allah-təala insanın ağlına gələn və gəlməyən, insanın bacardığı və bacarmadığı, asan və çətin, böyük və kiçik işlərin hamısına qadirdir. Allahdan başqa hər şey bu qüdrətdən acizdir. Allah-təalanın müqəddəs zatında isə acizlik üçün yer yoxdur: “Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!” (Fatir, 44). Qurani-kərimdə Allahın hədsiz qüdrəti dönə-dönə xatırlanır. Allahın qüdrəti hər istiqamətdə eyni gücə malikdir. Onun üçün hər iş eyni dərəcədə asandır, Onun qüdrəti hər şeyi əhatə edir. Quranda buyurulur: “Allah hər şeyə qadirdir” (bu ifadə Qurani-kərimin mətnində 40 dəfədən çox işlənmişdir).

Allah-təalanın qüdrətinin sonsuzluğundan söz düşəndə bir neçə sual qarşıya çıxır. Çox zaman dini bilgiləri yüksək olmayan insanlar tərəfindən bu sualların verildiyinin və onlara cavab axtarıldığının şahidi oluruq.

Sual: Görəsən, Allah pis və bəyənilməyən işlər görməyə də qadirdir, yoxsa Onun qüdrəti yalnız xeyirlə məhdudlaşır?

Cavab: Allah hər işi görməyə qadirdir və Ona heç nə mane ola bilməz. Lakin Allah heç zaman şər işlər görməz və belə işlərə razı olmaz. Çünki bu, Onun mərhəmət, ədalət, kəramət və sairə sifətlərinə ziddir. Şər törətmək zülm deməkdir, Allah isə zülmkarlıqdan uzaqdır.

İnsanın özündən asılı olmayaraq başına gələn bəzi hadisələr əslində onun xeyrinə olsa da, insan onu şər kimi anlayır. Allahın bütün qüdrəti yalnız xeyrə yönəlmişdir, amma insan bəzən baş verən hadisələrin mənasını dərk etmir. Çünki insan şüuru həqiqətləri tamamilə dərk etməkdən acizdir. Bu ona bənzəyir ki, xəstələnmiş körpəyə sağalması üçün iynə vururlar. Onu gələcəkdə gözləyən xəstəlik təhlükəsi iynə ağrısından qat-qat dəhşətlidir. Amma körpə bunu anlamadığı üçün müqavimət göstərir, ağlayır və qışqırır.

İnsan bəzən qəsdən, bəzən də bilməyərəkdən Allahın əmrlərini pozaraq, yaxşı işlər əvəzinə pis işlər görür. O, Allah tərəfindən verilmiş ixtiyar azadlığı vasitəsilə yaxşı və ya pis əməlləri özü seçir. Etdiyi hər əmələ görə də insan özü Allah qarşısında cavabdehdir. Başına gələn hər bir müsibət üçün insan Allahı deyil, yalnız özünü günahkar bilməlidir.

Sual: Görəsən, Allah qeyri-mümkün işləri görməyə qadirdirmi? Məsələn, Allah Özü kimi ikinci Allah yarada bilərmi? Yaxud Allah ölçüləri dəyişməmək şərti ilə Yer kürəsini yumurtanın daxilində yerləşdirə bilərmi?

Cavab: Bir daha qeyd edirik ki, bu cür suallar barədə adətən dini bilikləri aşağı səviyyədə olan şəxslər düşünürlər. Təbiətdə bəzi şeylərin mövcudluğu mümkün deyildir. Bu, Allahın qüdrətinin naqisliyini göstərmir; Allah hər şeyə qadirdir. Lakin Allahın qüdrətinin yönəldiyi cisimlər həmin qeyri-mümkün və ziddiyyətli xüsusiyyətləri daşımağa qadir deyillər.

Məsələn, Allah Öz tayını yaratsa, həmin tay başqası tərəfindən yaradılmış və başqasından asılı olacaqdır. Halbuki, Allah yaradılmazdır və heç nədən asılı deyildir. Demək, Allahın tayı Allah ola bilməz; bu, Allahın deyil, həmin tayın əskikliyi və nöqsanıdır.

Eləcə də, Allah Yer kürəsini yumurtanın daxilinə yerləşdirməyə qadirdir. Amma yumurta (öz ölçüsündə qalmaq şərti ilə) Yer kürəsini öz daxilində saxlaya bilməz. Buna görə həmin işlər qeyri-mümkün hesab edilir. Əslində nöqsan Allahda deyil, onun qüdrətini daşımağa qadir olmayan məxluqatdadır. Misal üçün, okeanın suyunu bir stəkanın daxilində yerləşdirmək qeyri-mümkündür. Nöqsan suda deyil, stəkandadır ki, tutumu azdır.

Təsəvvür edin ki, mahir bir dərziyə paltar tikmək sifariş edirik. Amma ona parça əvəzinə bir neçə kərpic verib tələb edirik ki, kərpiclərdən parça keyfiyyətinə malik paltar tiksin. Dərzi öz istedadını itirməmişdir, o öz qüdrətində qalır. Lakin kərpic paltar materialı ola bilməz və bunu gözləmək də ağıllı insana yaraşmaz.


Yerləşdirilib:12 Fevral, 2016, Baxılıb:5419, Çap
 

Son şərhlər : 5
Müəllif: Roma | 12 Fevral, 2016  14:42
# Ответить
+1


]]>]]>

Gozel suallar ve ela cavablar... Təşəkkürlər islamaz
Müəllif: Qasim | 17 Fevral, 2016  17:34
# Ответить
+1


]]>]]>

Allah razı olsun
Müəllif: Arif | 10 Mart, 2016  16:16
# Ответить
0


]]>]]>

Təşəkkürlər məqaləyə görə...
Müəllif: Meryem | 13 Aprel, 2016  18:02
# Ответить
-1


]]>]]>

Allah boyukdur!
Müəllif: zehra | 26 Aprel, 2016  19:22
# Ответить
+1


]]>]]>

allah boyukdur sen hec zaman pislik etme cunki rehmete gedende bu pislikler seni cehenneme yaxsiliqlar ise cennete gonderir calisinki her zaman yaxsiliqlar edin
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com