Yaxşı və pis bidət anlayışı barədə fikrilər

Bəzi alimlər bidəti asasən iki qismə ayırmışlar: bidəti-həsənə (yaxşı bidət) və bidəti-seyyiə (pis bidət). Bidəti-həsənəni “məmduhə” (bəyənilən, təriflənən), bidəti-seyyiəni “məzmumə” (qınanan, məzəmmət edilən) kimi də adlandırmışlar.

Müxtəlif alimlər tərəfindən təsnifatda başqa sözlərdən də istifadə edilib. Bidəti-həsənə Quranda və sünnədə rast gəlinməyən, amma bununla belə, dinin əsaslarına zidd olmayan, Quran və sünnənin rədd etmədiyi yeniliklərə deyilir. Bidəti-həsənə ilə mübarizə aparmağa və onun ləğvinə çalışmağa ehtiyac yoxdur. Əksinə, bu yeniliklər ya dinin daha düzgün anlaşılmasına, ya da müsəlmanların dini həyatının yüngülləşdirilməsinə xidmət etdiyi üçün faydalıdır.

“Lisan əl-ərəb” lüğətində böyük ədib İbn Əsirin bidət haqqında belə bir bölgü apardığı yazılıb: “Bidət iki növdür: hidayət bidəti və zəlalət bidəti. Allahın və Rəsulunun əmr etdiklərinin ziddinə olan hər şey məzəmmət və inkara layiqdir. Ümumilikdə Allahın və ya Rəsulunun icazə verdiyi və təşviq etdiyi işlərin sırasında olan hər şey öyülməyə (mədhə) layiqdir”.

Daha sonra deyilənə sübut olaraq, Peyğəmbərdən (s) belə bir hədis gətirilir: “Hər kim yaxşı bir dəb (sünnə) yaratsa, həmin sünnənin savabı və ona əməl edənlərin savabı onun üçün yazılar”. Peyğəmbər (s) buna zidd olan mənanı da ifadə edərək buyurub: “Hər kim pis bir dəb (sünnə) yaratsa, həmin sünnənin vəbalı (günahı) və ona əməl edənlərin vəbalı onun üçün yazılar” (Lisan əl-ərəb, 8-ci cild, səh. 6).

Şafii məzhəbinin banisi İmam Şafiinin fikrincə, Kitaba (Qurana) ya sünnəyə və ya icmaya, ya da əsərə (sənədində naqislik olan hədislərə və ya səhabələrin söz və davranışına) zidd olan hər yaradılmış azdırıcı bidətdir. Amma xeyirdən yaradılmış və yuxarıda deyilənlərlə ziddiyyət təşkil etməyən hər şey isə bəyənilən bidətdir (Təhanəvi. Kəşşaf istilahat əl-fünun və-l-ülum, 1-ci cild, səh. 313).

Bidətləri yaxşı (bəyənilən) və pis (məzəmmət olunan) olmaqla iki növə ayıranlar əsasən ikinci xəlifə Ömər ibn Xəttabın sözünə əsaslanırlar. Tarixi rəvayətlərə görə, Peyğəmbərin (s) və birinci xəlifə Əbu Bəkrin zamanında, eləcə də Ömər ibn Xəttabın xilafətinin ilk dövlərində Ramazan ayında təravih namazları təklikdə (fərdi olaraq) qılınırdı. Ömər ibn Xəttabın təklifi ilə tək-tək namaz qılanlar bir imamın arxasında toplaşıb camaat halında təravih namazlarını qılanda o, bu mənzərəni seyr edərək “bu, yaxşı bidətdir” söyləmişdi.

“Əbdürrəhman ibn Əbdülqari deyir ki, Ramazan gecələrinin birində Ömər ibn Xəttabla birlikdə məscidə getdim. Camaat məscidin içinə səpələnmişdi. Bəziləri təkbaşına namaz qılırdılar. Bəzilərinin isə arxasında camaat durmuşdu. Ömər dedi: “Görürəm ki, əgər bunları bir qarinin (Quran oxuyanın) arxasında namaza toplasam daha yaxşı olar”. Sonra qərara gəlib onları Übeyy ibn Kəbin arxasında namaza topladı. Yenə bir gecə onunla məscidə getdim. Camaat öz qarisinin arxasında namaz qılırdı. Ömər dedi: “Bu, yaxşı bidətdir. Amma bu vaxt yatanlar namaza duranlardan daha üstündürlər”. O, gecənin son vaxtını nəzərdə tuturdu, camaat isə gecənin əvvəlində namaz qılırdı” (Səhih əl-Buxari, Səlat əl-təravih kitabı, 1-ci bab, hədis 2010). Yəni Ömər ibn Xəttab axırıncı cümlə ilə demək istəyirdi ki, təravih namazının fəzilətli vaxtı gecənin son mərhələsidir. Camaatın namaz qıldığı gecənin əvvəlində isə yatmaq daha üstündür.

Tanınmış alimlərdən sayılan Hayreddin Karaman bidətin tərifi haqqında danışarkən, bəzi alimlərin bidəti “Həzrət Peyğəmbərdən (s) sonra ortaya çıxan, din ilə əlaqəli olub, bir əlavə və ya əskiltmə (azaltma) mahiyyətində olan şey” deyə tərif etdiklərini yazır. Bu tərifə görə, hər bir bidət zəlalətdir, mənfi haldır, dində dəyişiklik, pozuqluq yaratdığına görə onunla mübarizə aparmaq gərəkdir. Müəllif daha sonra fərqli bir yanaşmanı da qeyd edir. Bu yanaşmaya görə, Peyğəmbərdən sonra icad edilən, ortaya çıxan, dəb halına gələn hər şey bidət sayılır və yaxşı (bəyənilən), pis (bəyənilməz) olmaqla iki qrupa ayrılır. Başqa bir təsnifata görə isə, şəri dəlillərə zidd olan hər bir davranış və məfhum bidət sayılır (H.Karaman. İslam'in İşiğinda Günün Meseleleri, 2-ci cild, səh. 248).

Həmçinin, bəzi alimlərə görə, bidətlər öz xüsusiyyətinə görə vacib, məndub, mübah, məkruh və haram növlərinə bölünür. Təhanəvi bu növlərin hər birinə aid misallar çəkir. Vacib bidətə misal olaraq dini elmləri öyrənməyi göstərir. Haram bidətlərə əhli-sünnə vəl-cəmaət əqidəsinə zidd olan məzhəbləri aid edir. Alimin fikirncə, mədrəsə və təkyələr tikmək məndub bidətlərə, məscidləri və Quran nüsxələrini bəzəmək məkruh bidətlərə, yemək, içmək və geyimdə bolluq yaratmaq isə mübah bidətlərə nümunə ola bilər (Təhanəvi. Kəşşaf istilahat əl-fünun və-l-ülum, 1-ci cild, səh. 313).

“Şəhidi-əvvəl” ləqəbli cəfəri alimi Mühəmməd ibn Məkki Amili bu cür təsnifatı doğru saymırdı. O, yazırdı ki, Peyğəmbərdən sonra meydana çıxmış yeniliklər 5 növə ayrılsa da (vacib, haram, müstəhəb, məkruh və mübah), bunlardan yalnız bir növünə - haram olana “bidət” sözü aid edilə bilər (Mövsuət əl-Şəhid əl-əvvəl, 15-ci cild, səh. 353).

Bəzi alimlər Peyğəmbərdən nəql olunan məşhur hökmlərə zidd olan, amma inadkarlıqla deyil, şübhə əsasında yaradılan məsələlərə bidət adı vermişlər. Burada inadkarlıq deyil, şübhə amilinin qabardılmasına səbəb budur ki, Peyğəmbərin (s) buyruğuna inadkarlıqla əks çıxmaq bidətdən daha ağırdır və küfrə bərabərdir.

(əvvəli: http://az.islam.az/article/a-782.html)

(ardı var)


Yerləşdirilib:3 Fevral, 2016, Baxılıb:3710, Çap
 

Son şərhlər : 2
Müəllif: Bidet | 2 Avqust, 2017  22:05
# Ответить
0


]]>]]>

təravih namazları təklikdə (fərdi olaraq) qılınmalidir,camaatla qilmaq bidetdir,eger bu"yaxshi bidet"olsaydi,Peygember.s.e.a.s.Ozu bunu heyata kechirerdi! Elbette ki,bu omerin etdiyi ilk bidet deyil,o Peygemberin ve Quranin halal etdiyi muveqqeti nigahi da,buna hech bir haqqi olmadan haram elan edib! Bashga ishler de gorub,hamisini bura yazmaq olmaz
Müəllif: Bidet | 2 Avqust, 2017  22:08
# Ответить
0


]]>]]>

Teravih namazi haqda shie muctehidlerin reyini yazmaq lazim idi,insanlar bu meqaleni oxuyub,chawqinliga duwe biler.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com