Böyük günahlardan biri – bidət

Lüğətdə “bidət” kəlməsi

Ərəb dilinin məşhur izahlı lüğətlərində “bidət” sözünün mənası barədə geniş izahlar verilir. Ərəb dilinin ən mükəmməl izahlı lüğətlərindən sayılan “Lisan əl-ərəb” lüğətində “be-dal-ayn” kökünün “inşa etmək, başlamaq” mənası verdiyi bildirilir.

“Bidət” kəlməsi isə yaranmış şey, kamil olduqdan sonra dində yaradılan yenilik kimi izah edilir. Məşhur ərəb dilçisi İbn Sikkit də hər növ yaranmışı (mühdəs) bidət adlandırırdı.

Azərbaycan dilində mövcud olan “bədii” sözü də eyni kökdəndir. Biz adətən bu sözü insan tərəfindən yaradılan obrazlı təsvir haqqında işlədirik (məsələn, bədii ədəbiyyat, bədii film, bədii qiraət və s.).

Allah-təalanın gözəl 100-dən bir əskik, yəni 99 gözəl adı (əsmayi-hüsna) vardır. Bu adlardan biri də “Bədi”dir. Bu sözün mənasını belə izah edirlər: “Əl-Bədi’ bütün varlıqları, bənzəri və nümunəsi olmadan, bənzərsiz sənət əsəri şəklində yaradan, misilsiz, heyrətverici aləmlər icad edən, heç bir bənzəri olmayan şeylər ortaya qoyan deməkdir” (Kərimov, Eldar. Allahın gözəl adları - Əsmayi-hüsna,  səh. 413). Qurani-kərimdə də Allah-təala özünü bu adla vəsf edir: “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” –deyər, o da (fövrən) olar” (Bəqərə, 117).

Məşhur ərəb dilçisi Xəlil ibn Əhməd qeyd edirdi ki, ərəb dilində “bəd’ü” kəlməsi əvvəllər yaranmamış (xəlq), xatırlanmamış (zikr) və tanınmamış (mərifət) bir şeyin meydana çıxarılması mənasını bildirir. Yəni bu, elə məfhuma şamil edilir ki, o zamana kimi onu yaradan, xatırlayan və tanıyan olmayıb (Kitab əl-ayn, 1-ci cild, səh. 121).

Terminoloji mənada bidət məfhumu

Yuxarıda deyilənlər bidətin lüğəvi mənaları idi. Göründüyü kimi, bidət məfhumu lüğəvi anlamda geniş mənaları ehtiva edir və hər cür yeniliyə aid edilə bilər. Əgər məsələyə bu baxımdan yanaşsaq, zehində meydana gəlmiş bir fikri (ideyanı), icad edilmiş bir ixtiranı yeni yaradılmış bir əmtəə məhsulunu da bidət adlandıra bilərik. Hətta yaradılmış yeni sənət əsərləri, uşaq oyuncaqları, oyun və əyləncə növləri, maşın və mexanizmlər də ümumi anlamda bidətdir.

Terminoloji mənada isə bidət – dində əvvəllər olmayan hərəkət, söz və əqidə yeniliklərinə deyilir. Yəni dini anlamda bidət – dinə aid olan mövzulara şamil edilir. Buraya həm ibadət, həm də əqidə sahəsi aiddir. Bu barədə ötən yazılarda daha geniş məlumat vermişdik.

(http://az.islam.az/article/a-704.html; http://az.islam.az/article/a-706.html).

Bidət məfhumu hədislərdə

İslam müqəddəslərinin hədislərində bidət anlayışı əksər hallarda mənfi mənada işlədilir. “Lisan əl-ərəb” lüğətində də “mübtədi” (bidətçi, bidət yaradan) kəlməsinin əksər hallarda ürfdə (adət-ənənədə, xalq dilində) məzəmmət mənasında işlədilidyi göstərilir (8-ci cild, səh. 6).

Peyğəmbərin (s) zamanında – insanların cahiliyyət ab-havasından təzəcə uzaqlaşdığı, İslam qanunlarının cahiliyyət dəbləri ilə üzləşdiyi bir dövrdə bidət problemi özünü mənfi mənada qabarıq şəkildə göstərirdi. Buna görə də İslam Peyğəmbəri (s) bidət deyərkən, həmişə mənfi halları nəzərdə tuturdu. Həmçinin, hədisləri incələyərkən Peyğəmbərin (s) tənqid etdiyi bidətlərin hamısının dini məsələlərə aid olduğu qənaətinə gəlirik. Bu da bir daha təsdiq edir ki, əvvəla, “yaxşı bidət” anlayışının düzgünlüyü şübhə altındadır (bu barədə bir qədər sonra söhbət açılacaq), ikincisi, dinə birbaşa aidiyyatı olmayan sahələrdəki yenilikləri bidət adlandırmaq düzgün deyil.

Ümmül-möminin Aişədən rəvayət edilir ki, Allahın Rəsulu (s) buyurub: “Hər kim bizim bu işimizə (yəni gətirdiyim dinə), onda olmayan yenilik gətirsə, rədd olunmalıdır”. Bu hədis “Hər kim bizim işimizin (dinimizin) xaricində bir şey yaratsa, rədd olunmalıdır” şəklində də nəql olunub (Sünənü Əbu Davud, Kitab əl-Sünnənin əvvəli, 5-ci bab, hədis 4606).

Abdullah ibn Məsud isə Peyğəmbərin (s) bu hədisini rəvayət edib: “(Qoyduğum qanunlara) tabe olun, bidət yaratmayın. (Bu qanunlar) sizə kifayət edər” (Kənz əl-ümmal, 1-ci cild, səh. 221, hədis 1112). Hədisdən göründüyü kimi, burada Peyğəmbər zamanında məlum olan iki ana mənbədən – Qurandan və sünnədən kənar olan, hətta bunlarla ziddiyyət təşkil edən yeniliklər nəzərdə tutulur.

İslam Peyğəmbərinin (s) bəzi mübarək hədislərində bidət insanı azğınlığa sürükləyən, hətta cəhənnəmə aparan amillərdən sayılır. O həzrətin aşağıdakı məzmunlu hədisi müxtəlif variantlarda rəvayət olunur və çox məşhurdur: “Bidətdən uzaq olun. Bütün bidətlər zəlalətdir (azğınlıqdır), bütün zəlalətlər isə cəhənnəmə aparır” (yux. mənbə, hədis 1113).

Sünən əl-Nəsaidə Cabirin vasitəsilə Peyğəmbərdən (s) rəvayət edilir: “Allah hər kimi hidayət etsə, onu azdıran olmaz. Hər kimi (Allah) zəlalətə salsa, onu hidayət edən olmaz. Şübhəsiz, sözlərin ən doğrusu Allahın Kitabıdır. Hidayətlərin ən yaxşısı Mühəmmədin hidayətidir. İşlərin ən pisi isə sonradan yaradılanıdır. Hər yaradılan yenilik bidətdir, hər bir bidət zəlalətdir, hər bir zəlalət isə cəhənnəmdədir” (Sünən əl-Nəsai, Kitab Səlat əl-eydeyn, 22-ci bab, hədis 1579).

Bidətçi böyük günah sahibidir

Hədislərdə bidət şiddətlə məzəmmət olunduğu kimi, bidət yaradan və bidətə tabe olan şəxslər də böyük günah sahibi kimi tanıtdırılır. Sünən əl-Tirmizidə rast gəldiyimiz bir hədisdə Allahın Elçisi (s) Bilal ibn Haris adlı səhabəyə buyurur: “Hər kim məndən sonra ölmüş (unudulmuş) bir sünnəmi dirçəltsə, o sünnəyə əməl edənlərin savabı qədər ona savab verilər; həmin sünnəyə əməl edənlərin savabından da heç nə əskilməz. Hər kim Allahın və Rəsulunun razı olmadığı bir azdırıcı bidət yaratsa, o bidətə əməl edənlərin günahı qədər günah da ona yazılar: onların günahından da heç nə əskilməz” (Sünən əl-Tirmizi, Kitab əl-Elm, 16-cı bab, hədis 2677).

Həzrət Əli (ə) buyurub ki, bir gün Allah Rəsulunun (s) hüzurunda oturmuşduq, o həzrət isə yatmışdı. Söhbət Dəccaldan düşdü. Həzrət yuxudan ayıldı, üzü qəzəbdən qızarmış halda bizə buyurdu:  “Mən sizin üçün Dəccaldan daha artıq dərəcədə başqa bir təhlükədən - bidət əhlinin başçıları olan azdırıcı rəhbərlərdən qorxuram” (Zəməxşəri. Rəbi əl-əbrar, 2-ci cild, səh. 248-249).

Əbu İmamə Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edir: “Bidət əhli cəhənnəm əhlinin köpəkləridir” (Kənz əl-ümmal, 1-ci cild, səh. 223, hədis 1125).

Ənəs ibn Malikdən rəvayət edilən digər bir hədisdə buyurulur: “Allah-təala bidətçinin nə orucunu, nə namazını, nə sədəqəsini, nə həccini, nə ümrəsini, nə cihadını, nə mal-pul xərcləməsini, nə də şahidliyini qəbul edər. Ta ki, o, xəmirin içindən çəkib çıxarılan tük kimi İslamdan çıxar” (hədis 1115).

Kainatın Fəxri (s) hədislərinin birində bidət əhlini tanıtdırarkən, onların lənətə layiq olduqlarını bildirir. Bu hədisə görə, bidətçi əslində insanları haqq yoldan azdıran və lənətə layiq olan fırıldaqçıdır: “Hər kim ümmətimə hiylə etsə, Allahın, mələklərin və insanların lənəti ona olar”. Soruşdular ki, hiylənin mənası nədir? Cavab verdi: “Hiylə odur ki, ümmət üçün yeni bidət yaratsın və camaat da o bidətə əməl etsin” (hədis 1118).

(ardı var)

Yerləşdirilib:29 Yanvar, 2016, Baxılıb:4420, Çap
 

Son şərhlər : 1
Müəllif: Adil | 21 Aprel, 2016  17:56
# Ответить
0


]]>]]>

en boyuk gunah shirkdir
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com