Monqolların Bağdada hücumunda “Tusi izi” axtaranlara cavab

Tarix boyunca məzhəbi ayrı-seçkilik yaxud əqli elmlərlə barışmazlıq mövqeyindən çıxış edən bəzi qüvvələr Xacə Nəsirəddin Tusinin şəxsiyyətini mənfi dəyərləndirmişlər. Əsasən, təəssübkeş alimlər və müasir dövrdə sələfi ideoloqları tərəfindən qələmə alınan kitablarda Tusi monqolları Bağdada istiqamətləndirməkdə, Abbasi xilafətinin süqutunda, dini elmləri zəiflədib, yerinə “bidət, zəlalət və küfr” sayılan fəlsəfəni gücləndirməkdə, din alimlərini öldürməkdə təqsirli bilnir.

Vəhhabilərin ideoloqu İbn Teymiyyənin şagirdi İbn Qayyim daha çirkin töhmətlərə əl ataraq, “şirkin və küfrün yardımçısı, mülhid” adlandırdığı Nəsirəddin Tusinin guya namazları dəyişdirərək iki namaz halına saldığını, sehri öyrətdiyini və bütlərə tapınan sehirbaz olduğunu yazırdı. Onun iddiasına görə Tusi və ardıcılları Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə kafir olan mülhidlərdən imişlər! (İbn Qayyim Cövziyyə. İğasət əl-ləhfan fi məsaid əl-şeytan, səh. 1032). Tusinin istənilən kitabının dibaçəsindəki şəhadət kəlmələrini və dini məzmunlu kitablarını mütaliə edən hər kəs bu sözlərin nə qədər gülünc və həqiqətdən uzaq olduğunu görə bilər.

Təəssübkeşliyi ilə məşhur olan İbn Kəsir Diməşqi “əl-Bidayə və-l-nihayə” əsərində Bağdadın süqutundan danışarkən, Nəsirəddin Tusini lənətlə yad edir. Təəssübkeş müəlliflər Bağdadın süqutunun səbəbi barədə əfsanə də uydurmuşlar. Guya bu hadisədən bir müddət əvvəl Bağdadda şiələrlə sünnilər arasında iğtişaş baş vermiş, nəticədə şiələrin yaşadığı Kərx məhəlləsində xeyli ev və dükan dağıdılmış, insanlar həlak olmuşdu. Xəlifənin şiə məzhəbli vəziri İbn Əlqəmi bunun intiqamını almaq üçün guya Nəsirəddin Tusiyə məktub yazıb xahiş edir ki, Hülakunu Bağdad üzərinə istiqamətləndirsin. Bağdadın fəthindən sonra da Tusi və İbn Əlqəmi guya şəhərin sünni əhalisindən və əhli-sünnə alimlərindən qisas almış, qətllərin daha da amansız şəkil almasına şərait yaratmışdılar. İbn Kəsir hadisələri təsvir edərkən, şiələrə olan nifrətini gizlətmir, həm Bağdadın şiə əhalisini, həm də Xacə Tusi ilə İbn Əlqəmini dönə-dönə “rafizi” (dindən çıxmış) adlandırır (əl-Bidayə və-l-nihayə, XVII cild, səh. 356-360).

Bu töhmətlərə ən gözəl cavabı Nəsirəddin Tusinin öz həyatı verir. Tusi ömrü boyu sünni məzhəbindən olan alimlərlə dostluq etmiş, bircə dəfə də olsa, saraydakı nüfuzuna arxalanıb məzhəb ixtilafı yaratmamışdı. Onun dostları və həmkarları, habelə, şagirdləri arasında müxtəlif müsəlman məzhəblərinə (şafii, hənəfi, maliki, cəfəri və s.) mənsub şəxslər var idi.

Tusinin Marağada təsis etdiyi rəsədxanada sünni dünyasının məşhur nücum və coğrafiya alimləri çalışırdı. Onların bir çoxunun həyatını monqol qılınclarından məhz Tusi xilas etmişdi. Məsələn, şafii alimlərindən Nəcməddin Katibi Təbrizi, Fəxrəddin İxlati, Seyid Rüknəddin Astarabadi, İbn Xəvvam Əlaəddin Abdullah, maliki məzhəbli alimlər Mühyiddin Məğribi və İzzəddin Mosuli, hənəfi alimi Mühyiddin Bağdadi və başqaları. Marağa rəsədxanasında hətta başqa dinlərin ardıcılları da çalışırdılar (o cümlədən, yəhudi mənşəli xristian alimi Qriqori Əbülfərəc, çinli Fao Mun-çi, monqolustanlı İsa). (Möəzzəme Eqbali. Əcubeye-əsar, səh. 99-100; H.Məmmədbəyli. Məhəmməd Nəsirəddin Tusi, səh. 59).

Nəsirəddin Tusi öz zəmanəsində yaşamış məşhur Quran təfsirçisi Qazı Beyzavi Şafii ilə dostluq edirdi. (Qeyd etmək yerinə düşər ki, Qazı Beyzavi Nəsirəddin Tusinin “Füsuli-Nasiriyyə” kitabını şərh etmişdir). Bir dəfə camaatın gözü qarşısında Tusi Qazı Beyzavinin atının üzəngisini tutub onun ata minməsinə kömək etmişdi. Xacədən soruşdular ki, Qazıya münasibətdə bu qədər ehtiram va təvazönün səbəbi nədir? Cavab verdi: “Çoxdan istəyirdim ki, bir nəfərə qarşi belə təvazökarlıq edib qulluğunda durum. Nə qədər axtardımsa, bunun üçün Qazıdan daha layiqli şəxs tapa bilmədim. Ona görə bu ehtiramı ona göstərdim”. Nəzərə almaq lazımdır ki, Xacə Tusi bu zaman vəzifə sahibi va hökmdarın vəziri idi (M.T.Müdərris Rezəvi. Əhval və asare-Tusi, s. 275-276).

Tusi Hülaku xanın yanında müəyyən nüfuza malik idi va öz nüfuzundan məharətlə istifadə edərək monqol fəthləri zamanı qırğın və dağıntıların nisbətən azalmasına çalışırdı. O, Hülakunu razı sala bilmişdi ki, ələ keçirdiyi şəhərlərdə heç olmazsa, elm və sənət adamlarına aman verilməsini əmr etsin. İşğal zamanı kim müqavimət göstərmir və elm əhli olduğunu söyləyirdisə, ona toxunmur və monqolların düşərgəsinə gətirib Nəsirəddin Tusiyə təhvil verirdilər. Əslən İspaniyadan olan, monqol işğalı zamanı Hələbdə elmi fəaliyyət göstərən Mühyiddin Məğribi adlı alim xatırlayırdı ki, şəhər monqollar tərəfindən ələ keçiriləndə o məhz bu yolla ölümdən xilas olmuşdu. Sonralar Mühyiddin Məğribi Marağa rəsədxanasına cəlb olundu və orada öz elmi tədqiqatlarını davam etdirdi.

Nəsirəddin Tusi hər şəhərdə ilk növbədə kitabxanaların xilas olmasına çalışırdı. Təəssüf ki, Bağdad kitabxanasını yanğından qorumaq ona nəsib olmadı. Amma Tusi kitabxananın yanğından salamat qalmış bütöv və yarımçıq əlyazmalarını toplaya bildi. Gərgin əmək nəticəsində o, məhv olmuş xeyli kitabı fraqmentlər əsasında bərpa etməyi bacardı.

Həqiqətənmi Hülakunu Bağdad üzərinə Tusi yönəltmişdi?

Tusiyə qarşı irəli sürülən çirkin iddiaların nə qədər əsassız olduğunu o dövrün siyasi vəziyyətinə nəzər salmaqla da anlamaq asandır. Böyük monqol xanı Mengu xan 1253-cü ildə öz qardaşı Hülakunu nəhəng bir ordunun başında Orta Şərqə göndərib, babası Çingiz xanın istilalarını davam etdirməyi tapşırdı. Hülaku bütün müsəlman torpaqlarını ələ keçirməyə və burada dövlət qurub hakimiyyət sürməyə təhkim olunmuşdu. Hülaku tələsmədən hərəkət edərək 1255-ci ildə müsəlman torpaqlarına soxuldu. Onun ilk hədəfi yolunun üstündə qərar tutan ismaililərin sığınacağı – Ələmut və ona bağlı qalalar idi. İsmaililərin müqavimətini qırdıqdan sonra Hülakunun öz yürüşünü davam etdirəcəyi şübhəsiz idi. Növbəti hədəfin Bağdad olacağı da təəccüblü deyildi. Müsəlman dünyasının liderliyinə iddialı olan Abbasi xəlifəsi formal da olsa, kifayət qədər nüfuz sahibi idi. Hülaku Şərqdə hökumət qurmaq istəyirdisə, mütləq Bağdadı ələ keçirməli və Abbasilərin hakimiyyətinə son qoymalı idi. Bağdadın süqutu ilə xəlifəyə bağlı bölgələr də monqollara tabe olmalı idi. Üstəlik, xəlifənin xəzinələri də Hülakunu özünə cəlb etməyə bilməzdi.

Belə bir şəraitdə Hülakunun Bağdada yürüşünü hər hansı şəxsin istəyinə bağlamaq ya bağışlanmaz naşılıq, ya da kor təəssübkeşlikdir. Hülaku müsəlman torpaqlarını öz ixtiyarı altına almaq məqsədi daşıyırdısa, Bağdadı tutmadan bu məqsədə necə nail ola bilərdi? Sonrakı hadisələr də göstərdi ki, Hülaku öz işğallarını durmadan davam etdirirdi. Bağdaddan sonra o, Şam istiqamətində yürüşə çıxdı. Daha sonra Misrə tərəf irəlilədi, amma məmlüklər tərəfindən geri otuzduruldu. Hülakunun öz yürüşünə Orta Asiyadan keçməklə başladığını, habelə, Qafqazda nüfuz qazanmaq uğrunda öz rəqibi olan Cuçi ulusu ilə döyüşdüyünü nəzərə alaraq deyə bilərik ki, o, bütünlükdə müsəlman məmləkətlərini özünə tabe etmək hədəfini güdürdü.

“Xristian izi”

Bağdadın süqutunda “şiə izini” qabartmağa çalışanlar xristian amilinə bu qədər diqqət yetirsəydilər, daha faydalı olardı.  Hülaku xanın anası və həyat yoldaşı Dokuz xatun xristianlığın Nestorian qoluna mənsub idilər. Hülakunun sarayında xristianlar hissediləcək nüfuza sahib idilər. Ordunun bəzi qabaqcıl sərkərdələri də (məsələn, Kitbuğa və başqaları) bu dinə itaət edirdilər. Tarixi məlumatlara görə, Hülaku xan Roma papası ilə yazışırmış. Papa IV Urbana yazdığı məktubda o, rəsmi surətdə xaç suyuna çəkilmək arzusunda olduğunu bildirmişdi. Papa cavab məktubunda bu qərardan xeyli məmnun olduğunu və Yerusəlim patriarxına bu işə yardım göstərməsi üçün göstəriş verdiyini yazmışdı.

Əslində Hülaku xanın müsəlman torpaqlarında törətdiyi cinayətlər Qərb dünyasına sərf edirdi. Çünki bu yolla əvvəla, Qərb uzun illər müharibələr apardığı, Səlib yürüşləri təşkil etdiyi müsəlman dünyasını zəiflədirdi. İkincisi, Qərb xristianlığa rəğbət bəsləyən Hülakunun simasında özünə güclü müttəfiq qazanırdı və eyni dindən olan Hülakuya təsir etmək imkanlarını artırırdı. Üçüncüsü, Hülakunun başı müsəlman dövlətlərinin işğalına qarışdığı üçün diqqəti Qərbdən yayınırdı və xristian ölkələri bu qorxunc təhlükədən nicat tapmış olurdular. Buna görə də Şərqin xristian hakimləri fəal şəkildə monqollara yardım göstərirdilər. Məsələn, erməni çarı Xetum özü şəxsən Qaraqoruma gedib Mengu xanla görüşmüş və Hülakunun yürüşünə dəstək olacağını vəd etmişdi. Antioxiyanın xristian hakimi də monqollara hərbi yardım göstərirdi. Belə bir tarixi-siyasi şəraitdə Hülakunun Tusi tərəfindən Bağdada yönəldildiyini düşünmək gülünc və absurddur.


Yerləşdirilib:26 Yanvar, 2016, Baxılıb:3993, Çap
 

Son şərhlər : 1
Müəllif: Arif | 21 Aprel, 2016  17:57
# Ответить
0


]]>]]>

Maraqlidir... cox sag olun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com