Teymurləng: məzhəb cəngavəri yoxsa hiyləgər siyasətçi?

(ikinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-777.html)

Teymur iki dəfə Bağdada yürüş etmişdi. Bu səfərlər zamanı o, İmam Əbu Hənifənin məzarına baş çəksə də, İraq torpağında dəfn olunmuş Əhli-beyt (ə) üzvlərinin qəbrini ziyarət etməmişdi. Hər halda, yuxarıda adı çəkilən iki məşhur mənbədən bu aydın olur. İraq ərazisindəki müxtəlif peyğəmbər və övliya məzarlarını, eləcə də, Orta Asiyada Xoca Əhməd Yəsəvi kimi sufi şeyxlərinin qəbrini ehtiramla ziyarət etmiş Teymurləng nədənsə, Əhli-beyt (ə) imamlarının məzarına bu ehtiramı göstərmir, onları ziyarətə layiq bilmirdi.
Azərbaycan dilinə də tərcümə olunmuş “Əmir Teymurun tüzükləri (vəsiyyətləri)” adlı kitabda (səh. 95) hökmdarın İraq ərazisindəki müxtəlif ziyarətgahların fəaliyyətinə rövnəq verməsi və onlara vəqf ayırması xəbər verilir. Burada Nəcəfdə İmam Əlinin (ə), Kərbəlada İmam Hüseynin (ə), Bağdadda İmam Kazimlə Təqinin (ə), Tusda İmam Rzanın (ə), Mədaində Salmani-farsi kimi şiə müqəddəsləri ilə yanaşı, İmam Əbu Hənifənin, böyük sufi Əbdülqadir Gilaninin də məzarlarının adı çəkilir. Amma əvvəla, adıçəkilən mənbə nə qədər etibarlı sayılır? Müəllifi məlum olmayan, orijinal nüsxəsi belə, günümüzə gəlib-çatmayan, yalnız təxminən 250 ildən sonra farscaya edilmiş tərcüməsi əsasında bizə məlum olan bir kitab Teymurun öz müasirləri tərəfindən yazılnış salnamələrlə müqayisə edilə bilərmi? İkincisi, hətta Teymurun həmin ziyarətgahlara vəqf ayırması barədə xəbərlər düzgün olsa belə, özü o torpaqlarda olduğu zaman başqa məzarları ziyarət etdiyi halda, Əhli-beyt (ə) müqəddəslərinin qəbirlərinə baş çəkməmişsə, bu vəqf fərmanlarının səmimi olduğunu düşünmək çətindir.
Yeri gəlmişkən, İraq ziyarətgahlarının təmir tarixçəsinə nəzər saldıqda, burada abadlıq işləri görən hökmdarların sırasında Əmir Teymurun adına rast gəlmirik. Əksinə, Teymurun döyüşdüyü və məğlub etdiyi Sultan Əhməd Cəlairi bu ziyarətgahları təmir etdirmişdi. Əlbəttə, bunu da inkar etmək olmaz ki, Teymurun gəlini (Şahruxun arvadı) Gövhərşad bəyim Məşhəd şəhərində, İmam Rzanın (ə) hərəminin yanında möhtəşəm məscid tikdirmiş, hərəmdə bəzi təmir və genişləndirmə işləri aparmışdı. Lakin bu, Teymurun vəfatından sonra baş vermişdir (miladi 1418-ci il).
Əmir Teymurun yürüşlərindən bəhs edən, fatehdən azacıq sonra yaşamış Şərəfəddin Əli Yəzdinin qələmə aldığı “Zəfərnamə” salnaməsində yazılıb ki, Teymur Dəməşqi uzun mühasirədən sonra ələ keçirir, şəhər əhalisi üsyan qaldırsa da, üsyan yatırlır. Bir neçə gündən sonra hökmdar seyidləri, müdrik alimləri və Şamın dövlət adamlarını yanına çağırıb deyir: “Biz daim bunu eşitmişik ki, Mərvanilər Müqəddəs Şəhərin (Məkkənin) əhalisi ilə, o cümlədən, Allah Rəsulunun kürəkəni və əmisi oğlu ilə düşmənçilik etmişlər. Onlara qarşı əllərindən gələn hər işi gormüş, qətl və müharibələr törətmişlər. Bu cür sözləri biz bəyənmirik. Çünki onlar (yəni Məkkə əhalisi və Əhli-beyt) müsəlmanların ən yaxşısı olmuş, cahiliyyə zülmətindən çıxıb İslam nuruna qovuşmuşdular. Bəs niyə onlar (Əməvilər) Müqəddəs Şəhərin əhalisi ilə düşmənçilik etmişlər? Yetər, indi bizə həqiqət aydın oldu...” Bundan sonra Teymur əmr verir ki, əsgərlər Dəməşqi qarət etsinlər. Bir neçə gün ərzində şəhər dəhşətli şəkildə talan edilir, yanğın başlayır, hətta məşhur Əməvilər məscidi məhv olmaq təhlükəsi qarşısında qalır (Zəfərnamə, səh. 278).
“Mənəm Teymuri-cahangüşa” kitabında da Teymurun Dəməşq əhalisindən intiqam almasının səbəbi kimi dəməşqlilərin Kərbəla əsirlərinə zülm etmiş Əməvi və Mərvani soyuna rəğbət bəsləmələri göstərilir. Həqiqətən, tarixdən məlumdur ki, Dəməşq əhalisi burada uzun müddət hakimiyyət sürmüş Əməvi soyuna sevgi bəsləyir, Əhli-beytə qısqanslıqla yanaşırdı. Bu mənada Teymurun iddiası inandırıcı görünə bilər. Lakin şəhərin yağmalanması əmrinin bundan dərhal sonra verilməsi belə təsəvvür yaradır ki, dəməşqlilərin Əməvilərə sevgisi Teymur üçün sadəcə bir bəhanə idi. Hökmdar öz əsgərlərinə vəd etdiyi qənimətə haqq qazandırmaq üçün bu manevri etmişdi. (Həmin kitabda Teymurun Dəməşq camaatından necə biabırçı şəkildə intiqam alması ətraflı təsvir edilib).
“Zəfərnamə”də yazılıb ki, Teymur Dəməşqi ələ keçirəndən sonra Peyğəmbərin (s) həyat yoldaşları Ümmi-Sələmə ilə Ümmi-Həbibənin, səhabə Bilali-həbəşinin məzarlarını ziyarət edir. Şiə tarixlərinin bəzisində guya Teymurun Dəməşqdə İmam Hüseynin (ə) qızı Səkinənin məqbərəsini təmir etdirməsi, əksinə, Yezidin qəbrini dağıtması yazılıb. Hətta Cənubi Azərbaycanın böyük növhə şairi Molla Hüseyn Dəxil Səkinənin məzarına Teymurləngin xitabını nəzmə çəkmişdir (Necə qan ağlamasın daş bu gün. Mərsiyələr, sinəzənlər, qəsidələr, səh. 38). Lakin o dövrün iki məşhur salnaməsində - “Mənəm Teymuri-cahangüşa” və “Zəfərnamə” əsərlərində bu barədə danışılmır.
Tarixi məlumatlardan aydın olur ki, Teymurləng müasiri olduğu seyidlərə dərin ehtiram göstərirmiş. Bu ehtiramı Teymurləngin Əhli-beytə (ə) məhəbbəti ilə də izah edənlər var. Bir məsələni unutmaq olmaz ki, seyidlər Teymurləng üçün siyasi güc idilər. Hökmdar onların elmi-dini və ictimai-siyasi nüfuzundan faydalanırdı. Xüsusilə, hərbi yürüşlər zamanı seyidlər Teymurləngin köməyinə çatırdılar. Bir şəhərə hücum etməzdən qabaq Teymurləng adətən nüfuzlu seyidləri yerli hakimlərin yanına danışıq üçün göndərirdi. Seyidlər hakimləri və əhalini təslim olmağa çağırır, silahı yerə qoymağa razı salırdılar.
Burada bir haşiyə çıxaraq qeyd edirik ki, Teymur hətta öz soykökünü seyidlərə bağlamaqla özünə müqəddəslik qazandırmaq da istəmişdir. Fatehin öz sağlığında onun nəslinin bir tərəfdən Çingiz-xana, digər tərəfdən İmam Əli ibn Əbutalibə (ə) bağlanması haqqında rəvayətlər uydurulmuşdu. Əhli-beytə (ə) bağlanan nəsil şəcərəsi daha çox əfsanəvi və qondarma təsiri bağışlayır. Teymurun Səmərqənddəki böyük nefrit qəbir daşının üzərində onun soykökü barədə əfsanəvi rəvayət də qeyd edilib. Orada yazılıb ki, Teymurun ulu nənələrindən biri Alankuva adlı qadın imiş. Guya bir nur qapı dəliyindən Alankuvanın yanına girib gözəl insan qiyafəsi alır. Məlum olur ki, bu, Əli ibn Əbutalibin (ə) övladlarından biridir. Həmin gözəl simalı insandan Alankuvanın oğlu olur və guya Teymurləng də bu nəsildən törəyib (Castin Marotsi. Tamerlan – dünya fatehi, səh. 430).
Teymurləng öz dövrünün böyük sufi seyidlərindən olan Seyid Bərəkəyə xüsusi ehtiram bəsləyir və onu özünə mürşid bilirdi. Seyid Bərəkə ən çətin anlarda Teymura mənəvi dayaq olmuşdu. Teymur vəsiyyət etmişdi ki, Seyid Bərəkə vəfat etdikdən sonra onun cəsədinin qalıqlarını Səmərqəndə gətirib hökmdar üçün hazırlanmış məqəbərədə torpağa tapşırsınlar. Teymurun özünü də öz vəsiyyətinə əsasən, Seyid Bərəkənin məzarının ayaq tərəfində dəfn etdilər.
Teymurləngin hörmətinə layiq görülən seyidlərdən biri də Səfəvilər soyunun banisi Şeyx Səfinin nəvəsi Şeyx Əli Siyahpuş idi. Yeddinci imam Musa Kazimin (ə) nəslindən gələn, Şah İsmayılın babasının babası olan Şeyx Əli Siyahpuş Ərdəbildəki xanəgahda məskunlaşmışdı. Teymurləng Osmanlı sultanı İldırım Bayezidi məğlub etdikdən sonra çoxlu qənimətlə geri qayıdır. O, adəti üzrə Rum (indiki Türkiyə) ərazisindən xeyli insanı da əsir tutub özü ilə gətirirdi. Ümumiyyətlə, Teymurləng ələ keçirdiyi yerlərin əhalisi içindən sağlam, gənc insanları, xüsusilə də, sənətkarları seçib Səmərqəndə aparmağı xoşlayırdı. Səmərqənd və Buxara şəhərlərində tikilmiş möhtəşəm memarlıq abidələri bu işçi qüvvəsinin hesabına ərsəyə gəlmişdi.
Yolüstü Ərdəbilə baş çəkən Teymurləng orada Şeyx Əli Siyahpuşla görüşmək istədiyini bildirir. Söhbət zamanı Şeyxə bir neçə sual verib qənaətbəxş cavab aldıqdan sonra Teymur təklif edir ki, ondan nə istəyirsə desin. Şeyx Əli fatehdən xahiş edir ki, Rum elindən əsir tutub gətirdiyi cavanları ona bağışlasın. Teymur ələ keçirilən əsirlərin arasında həm də qeyri-müsəlman xristianların olduğunu söyləyir və bunların Şeyxin nəyinə lazım olması ilə maraqlanır. (Əsirlərin arasında Osmanlıların Avropa yürüşləri nəticəsində əsir aldıqları və ya girov kimi göndərilən cavanlar üstünlük təşkil edirdilər). Şeyx Əli cavab verir ki, onlar xristian olsalar da, insandırlar.
Teymur Şeyxin xahişini yerinə yetirib əsirləri ona bağışlayır. Həmin rumlu əsirlər Şeyx Əli tərəfindən azad edilib indiki İran ərazisində məskunlaşırlar. Deyilənlərə görə, gələcəkdə Şah İsmayıl hərəkatında mühüm yer tutan Rumlu tayfası onların törəmələri olmuşdur. Beləliklə, Teymur özü də bilmədən Səfəvi hərəkatına öz töhfəsini vermiş olur.
Məlumdur ki, Teymurləng təsəvvüfə rəğbət bəsləmiş, sufi şeyxlərinə ehtiram göstərmişdir. Hətta Teymur özünü sufi şeyxlərindən Şeyx Zeynəddin Tayibadinin müridi hesab edirdi. Buna görə də bəziləri Əmir Teymurun Əhli-beytə (ə) sevgini öz şeyxindən əxz etdiyini bildirirlər və buna aşağıdakı sübutu gətirirlər:
Teymurun zamanında Mavəraünnəhrdə (Orta Asiyada iki çay arasında) nasibi icması yaşayırmış. Nasibilər İmam Əliyə (ə) kin bəsləyir, hətta onun ruhunu təhqir etməkdən çəkinmirdilər. Onların əqidəsi bu idi ki, hər kəsin qəlbində bir zərrə boyda da olsa, Əliyə (ə) nifrət olmalıdır. Çünki guya Əli (ə) Osmanın qətlini sifariş etmiş və qatilləri gizlətmişdir!
Nsibilər Əmir Teymura məktub yazıb onu da öz əqidələrinə dəvət edirlər. Hökmdardan xahiş edirlər ki, hakimiyyəti altında olan şəhərlərin məscidlərində Əliyə (ə) lənət oxunmasına əmr versin. Teymur məktubu oxuyub deyir: “Mənim pirim və mürşidim Şeyx Zeynəddin Tayibadidir. Onun göstərişi olmadan heç nə deyə bilmərəm”.
Əmir Teymur nasibilərin məktubunu Şeyxə göndərib ondan cavab istəyir. Bir müddətdən sonra Şeyxdən cavab gəlir. Tayibadi həmin məktubun arxasına özünün yazdığı bu rübaini əlavə etmişdi:
Gər an ke bövöd fövqe-səma mənzile-to,
Vəz-Kövsər əgər sereştə başəd gele-to,
Gər mehre-Əli nəbaşəd əndər dele-to,
Miskin tovü səyhaye-bihasile-to.
Tərcüməsi:
Əgər səmadan yuxarıda mənzil etsən də,
Əgər yaradıldığın gil cənnətdəki Kövsər bulağı ilə qarışsa da,
Qəlbində Əlinin sevgisi yoxdursa –
Özün miskin, əməllərin isə faydasızdır.
(Abbas Əzizi. İmam Əlinin müsibətlərindən 400 dastan – “Nəfais əl-əxbar” kitabından nəql edilir).
Deyirlər ki, Əmir Teymur Şeyxin cavabını oxuyandan sonra həmin nasibi qövmü cəzalandırır.
Mövzuya yekun vuraraq bunu söyləyə bilərik: Obyektiv tarixi araşdırmalar bunu göstərir ki, Teymur şiə deyildi, əksinə, özünü əhli-sünnə məzhəbinin mənsubu kimi nümayiş etdirirdi. Onun müəyyən zaman kəsimlərində şiəliyə və şiələrə müsbət və ya mənfi münasibət bəsləməsi də məzhəbi amildən daha çox, siyasi səbəbə əsaslanırdı. Şiə məmləkətlərini ələ keçirmək lazım gələndə o, özünü əhli-sünnə əqidəsinin müdafiəçisi və “rafizilərə” qarşı “müqəddəs” müharibənin icraçısı kimi göstərirdi. Əksinə, sünnilər yaşayan əraziləri fəth etmək istəyərkən, özünü Əhli-beyt (ə) tərəfdarı və şiələrin dostu kimi qələmə verirdi.


Yerləşdirilib:20 Yanvar, 2016, Baxılıb:2885, Çap
 

Son şərhlər : 2
Müəllif: Zahid | 15 Fevral, 2016  13:03
# Ответить
+1


]]>]]>

Allah İslam düşmənlərinə lənət eləsin
Müəllif: Emin | 29 Mart, 2016  16:19
# Ответить
0


]]>]]>

cox maraqli melumatlardir teshekkurler
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com