Teymurləng: məzhəb cəngavəri yoxsa hiyləgər siyasətçi?

Sirr deyil ki, hər zaman fatehlər öz işğalçı yürüş və talanlarına haqq qazandırmaq üçün din və məzhəb amilindən istifadə etmişlər. İstər Səlcuqlar və Qəznəvilər zamanında, istər Teymurləngin dövründə, istərsə də Osmanlı-Səfəvi müharibələrində bu tendensiyanın izini aşkar şəkildə görürük.

Tarix boyunca bəzi qüvvələr öz siyasi məqsədlərinə çatmaq üçün müsəlman qanını tökməkdən nəinki utanmamış, hətta buna dini don geyindirməyə çalışmışlar. Eynilə indi olduğu kimi...

Şəxsiyyəti ən çox mübahisə doğuran fatehlərdən biri də Teymurdur. Teymurləng barədə aparılan müzakirələrdə ən çox ziddiyyət doğuran məqamlardan biri isə onun məzhəbi mənsubiyyəti və İslam məzhəblərinə münasibətidir. Belə ki, alimlərin böyük bir qismi etibarlı dəlillərə əsaslanaraq, Əmir Teymurun hənəfi məzhəbində olduğunu qeyd etmişlər. Salnamələr məlumat verir ki, Teymurləng öz müşaviri olan hənəfi alimi Əbdülcabbar Xarəzminin arxasında camaat namazı qılırdı. Buna baxmayaraq, bəziləri onu şiə saymaqda davam edirlər. Hətta Teymurləngin sünni olduğunu etiraf edənlər arasında da onun şiə məzhəbinə və bu məzhəbin ardıcıllarına münasibəti barədə fikir ayrılıqları vardır.

Bütün sentimental duyğuları, subyektiv önyarğıları kənara qoyaraq, Teymurləngin həyatından bəhs edən salnamələrin işığında mövzuya aydınlıq gətirməyə çalışacağıq.

Teymurun şiə məzhəbinə və şiələrə münasibətinin ən parlaq təzahürü onun Xorasanda hakimiyyətdə olan şiə əqidəli Sərbedar dövləti ilə rəftarında görünür. Teymur birinci dəfə Xorasana yürüş edərkən vasitəçilər Sərbedarları təslim olmağa inandıra bilmişdilər və məsələ qan-qadasız həll olmuşdu. Lakin iki ildən sonra Xorasanda Teymurun əleyhinə qiyam qalxır və Sərbedarlar müstəqil olduqlarını elan edirlər. Bundan qəzəblənən Teymur onları cəzalandırmaq üçün şəxsən qoşunun başına keçib Xorasana üz tutur.

Tarixi mənbələr məlumat verir ki, Teymurləng 1383-cü ildə Sərbedarların paytaxtı Səbzəvar şəhərini ələ keçirib iki min nəfər şiə əqidəli dinc şəhər sakinini diri-diri divarların arasında hördürdü (Şərəfəddin Əli Yəzdi. Zəfərnamə (rusca tərcümə), səh. 103).

Digər tarixi mənbədə Teymurun ikinci yürüş zamanı Səbzəvar əhalisini necə amansızlıqla cəzalandırması daha artıq dəqiqliklə təsvir edilir. Fransız tədqiqtaçısı Marsel Briyon tərəfindən tarixi sənədlər əsasında tərtib edilmiş “Mənəm Teymuri-cahangüşa” salnaməsində xəbər verilir ki, Sərbedar qoşununu məğlub edib Səbzə-var şəhərini ələ keçirəndən sonra Teymurləng əhalinin əmlakını qarət etmək barədə fərman verir. Şəhər böyüklərindən olan Şeyx Hüsaməddin fatehin hüzuruna gələrək ondan xahiş edir ki, əhalinin qarət olunması və uşaqlarla qadınların əsir aparılması barədə öz fərmanını ləğv etsin. Teymurləng isə ona belə cavab verir: “Səbzəvar sakinləri müqavimət göstərdikləri üçün kafiri-hərbidirlər. Quran ayələrinin qəti hökmünə əsasən onların qadınları əsir edilməlidir”.

Daha sonra Əmir Teymur ona müqavimət göstərənlərin aqibətini bildirmək və camaatda qorxu yaratmaq üçün öldürülənlərin kəlləsindən qüllə düzəltmək qərarına gəlir. Bu ideyanı gerçəkləşdirmək üçün o, dəhşətli bir yol seçir. Fərman verir ki, Səbzəvar camaatı öldü¬rülənlərin başlarını öz əlləri ilə bədəndən ayırıb bir yerə toplasın. Şəhərin şərq və qərb qapıları qarşısında üst-üstə 90 min kəsik baş yığılır. Sonra hökmdar memarları ça¬ğırıb kəllələrdən qüllə düzəltməyi tapşırır və əmr verir ki, qüllələr möhkəm olsun deyə, başların arasını xırda daşlarla və əhənglə suvasınlar. Amma çöl tərəfdən qüllələrə əhəng vurmasınlar ki, dəhşətli mənzərə pozulmasın. Memarlar tikintiyə başlayırlar. Tezliklə kəsik başlardan ibarət iki hündür konus yaranır. Qüllələrin zirvəsinə çıraq da qoyurlar ki, uzaqdan yaxşı görünsün. (Mənəm Teymuri-cahangüşa, səh. 77-78; bu kitabda hadisənin gedişatı, qüllələrin konstruksiyası bütün dəqiqliyi və dəhşəti ilə ətraflı təsvir edilib).

Teymurun şiələrə münasibətini göstərən daha bir hadisə də maraq doğurur. Hökmdar o zamanlar Mərəşi soyundan olan şiə sülaləsi tərəfindən idarə edilən Mazandaran vilayətinə hücum çəkir. Mərəşi dövlətinin başçısı Seyid Kəmaləddin qısa müqavimətdən sonra təslim olur. Teymurləng şiə əyanlarını hüzuruna gətirməyi əmr edir və görüş zamanı Seyid Kəmaləddinə deyir: “Mən sizin mal-mülkünüzü əlinizdən almaq üçün vilayətinizə gəlməmişəm. Bura ona görə gəlmişəm ki, sizin məzhəbiniz (əqidəniz) pisdir!” Seyid Kəmaləddin soruşur: “Ey əmir, bizim məzhəbimizin nəyi pisdir?” Teymur o zamanlar şiələr haqqında əhli-sünnədə formalaşmış fikri dilə gətirir: “Siz səhabələri söyürsünüz və rafizi məzhəbsiniz!” (Mir Seyid Zəhirəddin Mərəşi. Təbəristan, Ruyan və Mazandaranın tarixi, səh. 231). Teymurləngin bu sözündən görünür ki, o, Mazandaran vilayətinə hücumunu din pərdəsinə bürümək istəyirdi.

Maraqlıdır ki, Seyid Kəmaləddin Mərəşi fatehin bu sözlərindən zərrəcə qorxuya düşmür, nəinki öz əqidəsini gizlətmir, hətta ona belə cavab verir: “Biz öz ata-babalarımıza tabeyik. Əgər babamızın düşmənlərini söyürüksə, qəribə deyil. Ən qəribəsi budur ki, bu qədər günahla, qan tökməklə, müsəlmanların namusunu tapdayıb, əmlakını qarət etməklə... bərabər, başqalarına bu cür müraciət edirsən”.

Teymur bəhanə gətirib söyləyir ki, mənim hüzurumda olan alimlər sizin əqidənizin xarab olduğunu mənə deyiblər! Seyid Kəmaləddin ona cavab verir: “Bəs niyə bu alimlər indiyə kimi sənə deməyiblər ki, “La ilahə illəllah, Mühəmmədun rəsulüllah” söyləyən insanların qanını tökmək, malını qarət etmək pis işdir? Əgər deyiblərsə, niyə onların həmin sözünə əməl etmədin, amma indi bizim haqqımızda söylədiklərinə əməl etdin?”

Teymur şiə hakiminin bu haqlı sözünə cavab tapa bilmir və işarə verir ki, onları çadırdan çıxarsınlar. Hökmdar əvvəlcə Mərəşilər soyunu edam etməyi düşünsə də, sonradan bəzi əyanların xahişi ilə fikrindən vaz keçir (yuxarıdakı mənbə, səh. 231-232).

Burada belə bir sual yaranır: Teymurləng həqiqətənmi yalnız məzhəbi təəssüb üzündən hərəkət edir və guya şiəliyin kökünü kəsib, əhli-sünnə məzhəbini bərqərar etməyə can atırdı? Həqiqətənmi dünya şöhrətli fateh yalnız bu məqsədlə ömrünü at belində keçirirdi, müharibələrdə öz əsgərlərini qurban verirdi?

Tarixə hətta səthi bir baxış da bunu söyləməyə əsas verir ki, Teymurləngin vəhşilikləri yalnız şiələrə deyil, ona müqavimət göstərən sünni əhaliyə və qeyri-müsəlmanlara da şamil olmuşdur. O, bütün qırğınları yal¬nız var-dövlət əldə etmək, ölkələri ələ keçirmək və dünyanın yeganə cahangiri kimi tanınmaq məqsədi ilə törədirdi. Bütün fa¬tehlər kimi o da heç zaman yalnız məzhəb məsələsinə bağlanmamış, öz hərbi əməliyyatlarını səmimiyyətlə din adı altında həyata keçirməmişdir. Onun fəth etdiyi ölkələr, dağıtdığı şəhərlər arasında sünni məmləkətləri üstünlük təşkil etmiş, qırdığı insanlar arasında əhli-sünnə mənsubları şiələrdən daha çox olmuşdur. Elə yalnız əhli-sünnə məzhəbində olan Osmanlı dövləti ilə apardığı qanlı müharibəni xatırlamaq kifayət edər.

Teymurun sünni məzhəbli İsfahan əhalisi ilə davranışı da məşhurdur. 1387-ci ildə şəhəri ələ keçirəndən sonra hökmdar orada 3 min nəfərlik qarnizon yerləşdirib gedir. İsfahan əhalisi qiyam qaldırıb əsgərləri öldürür. Teymur bu xəbərdən çox qəzəblənib İsfahana divan tutmaq əmrini verir. Orduya car çəkilir ki, hər kim şəhər əhalisindən birini öldürərərər başını kəsib gətirsə 20 dinar mükafat alacaq. Əsgərlər o qədər canfəşanlıq göstərirlər ki, Teymur bu yolla müflis olacağını anlayır və mükafatın məbləğini get-gedə azaldır. Hər kəsik başın qiyməti yarım dinara kimi azalır. Axırda ümumiyyətlə, hökmdar mükafat verməkdən imtina edir. Amma o zamana kimi artıq 70 min baş kəsilmişdi. Teymur bununla da kifayətlənmir, öz süvarilərinə əmr edir ki, atlarını valideynini itirmiş minlərlə yetim uşağın üstünə sürsünlər. Uşaqlar at ayaqlarının altında tapdanıb həlak olurlar...

Teymur, ona müqavimət göstərməyi heç zaman bağışlamamışdır. Onun hərb üsulu bu cür idi: Bir şəhəri mühasirəyə alanda birinci gün düşərgənin qarşısında yerə ağ bayraq sancardı. Mənası bu idi ki, əgər həmin gün şəhər təslim olsa, hamıya aman veriləcək və qırğın olmayacaq. Şəhər təslim olmurdusa, ertəsi gün həmin yerə qırmızı bayraq sancılardı. Mənası bu idi ki, bu gün şəhər təslim olsa, əhaliyə aman veriləcək, amma şəhər böyükləri cəzalandırılacaq. Bunun da faydası olmayanda üçüncü gün qara bayraq asardılar. Qara bayrağın mənası bu idi ki, artıq şəhərdə heç kimə aman verilməyəcək... Deyilənlərə görə, yalnız Herat şəhərindən başqa bütün hallarda Teymur bu ənənəyə sadiq qalmışdır. (Herat mühasirənin ikinci günündə - qırmızı bayraq asıldığı gün - ələ keçirilmiş və şəhərdə böyük qırğın törədilmişdi)...

Teymurləng hər hansı ölkəni fəth etmək üçün din və məzhəb amilini asanlıqla əlində bəhanə edə bilən bir şəxs idi. Bəhanə lazım olmayan zaman isə tolerant münasibət sərgiləyə də bilərdi.

Məsələn, Suriyaya yürüş edərkən yolüstü Rey şəhərinə gələn fateh orada dəfn edilmiş böyük cəfəri alimi Məhəmməd ibn Əli ibn Babüveyhin (Şeyx Səduqun atasının) məzarını ziya¬rət edir və ruhuna rəhmət diləyir. Ətrafdakıların onu heyrətlə müşahidə etdiklərini görəndə isə deyir: “Dünyanın bütün millətlərinin alimləri mənim yanımda hörmətə malikdirlər. Siz bilir¬siniz ki, mən bircə alimin də qanına əlimi boyamamı¬şam. Bu torpaqda yatan adam öz zəmanəsinin böyük alimlərin¬dən sayı¬lıb. Mən onun kitablarından ikisini oxumuşam. Hərçənd ki, şiə olduğuna görə öz kitablarında mənim qəbul etmədiyim bəzi şeylər yazıb. Amma bu məsələ onun elmi dəyərini əksiltmir” (Mənəm Teymuri-cahangüşa, səh. 348-349).

Çox maraqlıdır ki, Teymurləng İmam Əlinin (ə) dəfn edildiyi Nəcəf şəhərini, İmam Hüseynin (ə) məzarı yerləşən Kərbəlanı, Kazimiyyəyə bitişik olan Bağdadı, İmam Rzanın (ə) məzarı yerləşən Tusu fəth etsə də, bu müqəddəs zatların məzarlarını ziyarət etməsi barədə salnamələrdə məlumata rast gəlmirik. “Mənəm Teymuri-cahangüşa” salnaməsində yazılıb ki, Teymur uzun illər böyük şair Firdovsinin qəbrini ziyarət etmək arzusunda olmuş, Xorasanı ələ keçirəndə şairin itib-batmaqda olan qəbrini ziyarət etmiş və məzar daşını təzələməyə göstəriş vermişdi. Müəllif bu zaman Firdovsinin guya rafizi (şiə) olduğuna görə müsəlman məzarlığında deyil, öz bağında dəfn oldunduğunu qeyd etməyi də unutmur. Lakin həmin kitabda Teymurun İmam Rzanı (ə) ziyarət etməsi barədə heç bir işarəyə rast gəlmirik. “Zəfərnamə” kitabında Teymurun Xorasan səfəri zamanı Əbu Müslimin məzarını ziyarət etməsi xatırlanır, amma burada da İmam Rzadan (ə) söhbət açılmır.

(ardı var)

Yerləşdirilib:13 Yanvar, 2016, Baxılıb:5272, Çap
 

Son şərhlər : 3
Müəllif: Abbas | 13 Yanvar, 2016  19:32
# Ответить
+1


]]>]]>

Salamun aleykum cox tesufler olsun ki zamanemizde de Teymur kimileri din adi altinda oz cirkin ve menfeetxor planlari ile zulm toredirler Allahın lənəti olsun zalimlərə
Müəllif: Ziya | 21 Yanvar, 2016  22:02
# Ответить
+1


]]>]]>

Teymur güclü və savadlı hərbi sərkərdə idi. Onun savadına dövrünün alimlərindən biri olan İbn Haldunda heyrətələnmişdir. Teymurun həmin dövürde verdiyi fermanlara baxanda insan heyrətlənirş.
Müəllif: Ali | 22 Yanvar, 2016  13:39
# Ответить
+1


]]>]]>

Teymur guclu serkerde idi ki, o qeder erazi ishqal edibmish. Amma hamisini hakimiyyet, herislik namine ve qeddarliqla edib. Yazi da bu barededi ele. Tarixde bu cur qanichen guclu serkerdeler cox olub
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com