Xədicə (ə) peyğəmbərlə (s) ailə qurmazdan əvvəl ərdə olmuşdurmu?

Davamı

(Əvvəli: http://az.islam.az/article/a-774.html)

Üçüncü iddia:

Həzrət Xədicənin (ə) bakirə olduğunu bəzi böyük alimlər təsdiq etmişlər. Məsələn, Bəlazuri, yuxarıda adı çəkilən Əbül-Qasim Kufi, məşhur şiə alimləri Seyyid Mürtəza Ələmül-hüda (“Şafi” kitabında) və Şeyxüt-taifə Tusi (“Təlxis” əsərində) bu fikri müdafiə etmişlər. Onların bu mövqedə olmalarını İbn Şəhraşub “Mənaqib” kitabında yazır.

Cavabı:

Həzrət Xədicənin (ə) İslam Peyğəmbərinə (ə) ərə getməzdən əvvəl iki dəfə ailə qurub dul qalması tarix elmində heç də nadir fərziyyə deyil, əksinə, çox geniş yayılmış bir mövqedir. Demək olar ki, bütün əhli-sünnə yazarları və əksər şiə alimləri bu mövqedə olmuşlar. Əksinə, əks tərəfdə duranların sayı azlıq təşkil etmişdir. Ona görə də hər şeydən əvvəl bunu qeyd edək ki, Həzrət Xədicənin (ə) Peyğəmbərlə (s) izdivaca kimi bakirə olması fikri azlığa məxsusdur.

Doğrudur, İbn Şəhraşub öz “Mənaqib”ində (1-ci cild, səh. 206) bir neçə alimin bu fikirdə olduğunu qeyd edir. Amma özü yenə də birinci nəzəriyyəni müdafiə edir. Yəni özündən əvvəl yaşamış məşhur cəfəri alimləri Seyyid Mürtəza və Şeyx Tusinin başqa fikri bölüşməsi İbn Şəhraşubun öz mövqeyində qalmasına mane olmamışdır. Bu faktın özü düşünməyə əsas verir ki, İbn Şəhraşub Xədicənin (ə) dul olması nəzəriyyəsinin kifayət qədər güclü olduğuna inanırdı, buna görə də Seyyid Mürtəzanın və Şeyx Tusinin baxışlarını bölüşməmişdir.

Bəzi tədqiqatçılar Əbül-Qasim Kufinin sözünə bu qədər əhəmiyyət verməklə, zənnimizcə, ifrata varırlar. Həmin Əbül-Qasim Kufi barəsində son dövrün məşhur rical alimlərindən biri mərhum Əllamə Mühəmməd Təqi Şüştəri özünün “Qamus əl-rical” adlı fundamental kitabında ciddi tənqidlər səsləndirir (12-ci cild, səh. 246-247). Əllamə Şüştəri Əbül-Qasim Kufini “ağlı və dini (əqidəsi) xarab” adlandırır. Əqidəsinin xarab olmasına sübut kimi onun “müxəmməsə” məzhəbindən olduğunu göstərir. Müxəmməsə – ifrat şiə cərəyanlarından (ğülüvv) biridir. Bu əqidəyə görə, Allah-təala dünya işlərinin idarəsini beş müqəddəs nəfərin – Salman, Miqdad, Əbuzər, Əmmar və Əmr ibn Üməyyə Zümərinin ruhlarına həvalə edib. Əbül-Qasim Kufinin müxəmməsədən olduğunu bir çox böyük alimlər də təsdiq etmişlər. O cümlədən, Şeyx Tusi, Nəcaşi, Əllamə Hilli və başqaları Kufinin əvvəlcə düzgün şiə məzhəbində olduğunu, sonra əqidəsinin pozulduğunu qeyd etmişlər. Hətta rical elmində belə bir qayda da var ki, Əbül-Qasim Kufinin kitablarındakı hər hansı məlumat onun düz yolu azmasından əvvələ aiddirsə, o məlumata etibar etmək olar; əks halda onun sözü kənara qoyulmalıdır. Əllamə Şüştəri həm də Kufinin savadını və ağlını şübhə altına qoyaraq bildirir ki, o, adıçəkilən kitabda Peyğəmbərin (s) Zeynəblə Rüqəyyəni Osman ibn Affana ərə verdiyini yazırdı; halbuki, Osmanın həyat yoldaşları Ümmi-Külsumla Rüqəyyə idi.

Bəlazuriyə gəlincə, məlum deyil ki, İbn Şəhraşub həmin fikri hansı əsasla Bəlazuriyə aid etmişdir. Bəlazurinin ən məşhur əsəri olan “əl-Ənsab əl-əşraf”da (1-ci cild, səh. 406-407) əksinə, Xədicənin (ə) Peyğəmbərdən (s) qabaq iki dəfə ərdə olub dul qalması aşkar şəkildə yazılıb. Beləliklə, bu fikrin Bəlazuriyə aid edilməsi yanlışdır. Seyyid Mürtəza ilə Şeyxüt-taifə Tusiyə gəlincə, onların da adı çəkilən kitablarında bu məsələyə işarə olunmayıb. (Qeyd edək ki, Tusinin “Təlxis” kitabı elə Seyyid Mürtəzanın “əl-Şafi” əsərinin şərhindən ibarətdir).

Beləliklə, məlum olur ki, İbn Şəhraşubun qeyd etdiyi 4 alimin kitabında ümumiyyətlə bu mətləbə toxunulmayıb, Kufinin isə fikirlərinə ehtiyatla yanaşmaq lazımdır.

Əks-arqumentlər daha güclüdür

(əqli sübutlar)

Bu iddialara cavab verdikdən sonra biz də qarşı tərəfə bu sualları ünvanlayırıq:

1. Həzrət Xədicənin (ə) Peyğəmbərə (s) ərə gələrkən 40 yaşında olduğunu əksər tarixçilər təsdiq etmişlər. Bəzi müəlliflər isə onun nisbətən cavan olduğu qənaətindədirlər ki, bunların da əksəriyyəti 28 yaş üzərində durmuşlar. Elə isə, qızların kiçik yaşda ailə qurduğu Ərəbistan kimi bir mühitdə Xədicənin (ə) bu yaşa kimi ailə qurmamasının səbəbi nə idi? Həm fiziki, həm əqli, həm də iqtisadi baxımdan yetkin olan bir qadın niyə bu yaşa kimi ərə getməmişdi? Həzrət Xədicənin (ə) ətrafındakılar onun özündən aşağı təbəqəyə məxsus şəxslərə ərə getməsinə pis baxırdılarsa və Xədicə (ə) üçün ictimai rəy bu qədər mühüm idisə, bəs niyə həmin camaat onun heç kimi bəyənməyib evdə qalmasına etiraz etmir və təzyiq göstərmirdilər? Xədicə (ə) bu basqılara necə dözürdü? Əgər dözə bilirdisə, deməli, əvvəlki iki izdivaca görə ona qarşı yönələn basqılara da dözə bilərdi.

2. Həzrət Xədicə (ə) Peyğəmbərdən (s) qabaq heç kimlə ailə qurmamışsa, öz var-dövlətini haradan əldə etmişdi? Sərmayəsi haradan idi? Deməli, bu var-dövlət atası Xüveyliddən ona qalmışdı. Elə isə, Xüveylid niyə o biri qızı Haləyə var-dövlət qoymamışdı? Niyə Haləyə də Xədicəyə çatdığı qədər sərvət çatmadı? Niyə Halə öz bacısına sığınmağa məcbur oldu?

3. Əgər cahil ərəblər Xədicənin o iki nəfərlə ailə qurmasına əsil-nəsəb baxımından pis baxardılarsa, niyə bacısı Halənin bu addımına pis baxmadılar? Məgər Xədicə ilə Halə eyni nəsildən, eyni atanın qızları deyildilərmi? Xədicə (ə) üçün əskik sayılan cəhət Halə üçün də əskik sayılmalı deyildimi?

4. Həzrət Mühəmməd Peyğəmbər (s) müharibədə əsir düşmüş və Xədicənin (ə) evində xidmətçilik etmiş Zeyd ibn Harisəni öz oğulluğu elan etsə də, onu “Mühəmmədin oğlu” çağırmağın əleyhinə çıxmış və Zeydi bioloji atasının adı ilə çağırmağı tapşırmışdı. Elə isə niyə o həzrət, Xədicənin (ə) bacısı qızı kimi təqdim edilən Zeynəblə Rüqəyyənin öz qızı kimi qəbul edilməsinə qarşı çıxmırdı? Niyə Zeydlə bağlı hadisədə olduğu kimi elan etməmişdi ki, Zeynəblə Rüqəyyəni “Mühəmmədin qızı” yox, öz bioloji atasının qızı kimi çağırsınlar? Bu, yalnız bir halda mümkün ola bilərdi ki, bu qızlar ya Xədicənin (ə) Peyğəmbərdən (s) qabaqkı izdivacından doğulmuş olaydılar, ya da Peyğəmbərin (s) bioloji övladları olaydılar.

Quran ayəsi

Qurani-kərimin “Əhzab” surəsinin 59-cu ayəsində buyurulur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması  və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” Ayədə cəm halda “bənatikə”, yəni “qızlarına” ifadəsi işlədilib. Deməli, Peyğəmbərin (s) bir deyil, (Fatimədən (ə) başqa) qızları da var imiş. Doğrudur, bəzi təfsirçilər bu ayəni “mübahilə” ayəsi ilə müqayisə edərək deyirlər ki, “mübahilə” ayəsində də cəm halda “qadınlarınız” buyurulduğu halda, yalnız Fatimeyi-Zəhradan (s) söhbət gedir. Lakin mübahilə olayı mübahisə doğurmayan bir məsələdir və orada Fatimə (ə) haqqında cəm halda danışıldığı qəti surətdə məlumdur.

Hədislər

Mötəbər şiə mənbələrindəki bir çox hədis və rəvayətlər həmin qızların əslində Xədicənin (ə) bacısı qızları deyildilər, onun Peyğəmbərlə (s) izdivacından doğulduqlarını bəyan edir.

Şeyx Əmin əl-İslam Təbrisi “İlam əl-vəra ”kitabında, beşinci babın birinci fəslində (1-ci cild, səh. 274-275) Həzrət Xədicənin (ə) iki dəfə ərdə olmasını və ərlərinin adlarını qeyd edir, Peyğəmbərlə (s) izdivacından isə 2 oğul və 4 qız dünyaya gətirdiyini yazır.

Şeyx Küleyni “Üsuli-Kafi” əsərində “Hüccət” kitabının “Əbvab əl-tarix” bölümündə, birinci babda Həzrət Peyğəmbərin (s) Xədicə (ə) ilə izdivacından söz açaraq yazır: “İyirmidən artıq yaşı olanda Xədicə ilə evləndi, besətdən (peyğəmbərlikdən) qabaq Qasim, Rüqəyyə, Zeynəb və Ümmi-Külsum doğuldular...”

Şeyx Səduq “Xisal” kitabında (səh. 404-405) “Allah Rəsulunun yeddi övladı olub” babında İmam Cəfər Sadiqdən (ə) iki hədis verir. Bu hədislərdə Peyğəmbərin Həzrət Xədicə (ə) ilə idivacından Qasim və Tahir (Abdullah) adlı iki oğlu və yuxarıda adları çəkilən dörd qızı olduğu buyurulur. (O həzrətin yeddinci övladı Mariyeyi-qibtiyyədən olan İbrahim idi).

Məşhur şiə mənbələrindən olan “Qürb əl-isnad” kitabında İmam Cəfər Sadiqdən (ə) belə bir hədis verilib: “Allahı Rəsulunun Xədicədən Qasim, Tahir, Ümmi-Külsum, Rüqəyyə, Fatimə və Zeynəb adlı övladları doğuldu...” (Əbül-Abbas Himyəri. Qürb əl-isnad, səh. 9, hədis 29).

Alimlərin rəyi

Həzrət Xədicənin (ə) keçmiş həyat yoldaşları barədə bir çox məşhur şiə aliminin əsərlərində məlumata rast gəlirik. Məsələn, hədis elmində dəqiq və dərin görüşləri ilə seçilən, “siqət əl-mühəddisin”, yəni “hədis alimlərinin inanılmışı” ləqəbli Şeyx Abbas Qumi “Müntəha-l-amal” kitabında bunu açıq şəkildə qeyd etmişdir (səh. 59-60).

Şiə şəxsiyyətlərin həyatı barədə ən müfəssəl ensiklopedik mənbələrdən sayılan “Əyan əl-şiə” kitabında Seyyid Mühsin Əmin yuxarıda adı çəkilən Əbül-Qasim Kufinin “əl-İstiğasə” kitabında yazılanları uzun-uzadı nəql etdikdən sonra bu nəzəriyyəyə açıq-aşkar şübhə ilə yanaşdığını göstərir.

Məsələ bundadır ki, şiə mənbələrində məşhur olan, Həzrət Mühəmməd Peyğəmbərin (s) şəklü-şəmayilindən (zahiri görünüş və davranışından) bəhs edən geniş hədisin sənədində deyilir ki, İmam Həsən buyurdu: “Dayım Hind ibn Əbu Halədən istədim ki, Allahın Rəsulunu mənim üçün təsvir etsin”. Şəmayil hədisi bir çox mənbələrdə, o cümlədən, Şeyx Təbrisinin “Məkarim əl-əxlaq” kitabının əvvəlində nəql edilib. İmamın buyurduğu Hind – Peyğəmbərin (s) oğulluğudur. Yuxarıda yazdığımız kimi Hind Xədicənin (ə) ya da bacısı Halənin oğlu idi, atası vəfat etdikdən sonra onun qəbiləsində tərbiyə alıb böyümüşdü.

İmam Həsənin (ə) onu “dayım” adlandırması göstərir ki, Hind həqiqətən, Peyğəmbərin (s) oğulluğu və İmamın (ə) ögey dayısı sayılırmış. Amma Hind Peyğəmbərin (s) evində böyüməmişdi ki, bu səbəbdən onu o həzrətin oğulluğu adlandırsınlar. Fərz edək ki, Zeynəb və Rüqəyyə həqiqətən Xədicənin (ə) deyil, bacısının qızları idilər və sadəcə, Peyğəmbərin (s) evində böyüdükləri üçün o həzrətin qızı sayılırdılar. Bəs Peyğəmbərin (s) evindən kənarda tərbiyə almış Hindi hansı əsasla o həzrətin oğulluğu sayırmışlar? Bu, yalnız o zaman mümkün ola bilərdi ki, Hind həqiqətən Xədicənin (ə) keçmiş ərindən doğulmuş olaydı. Bu halda o, istər Peyğəmbərin (s) evində, istərsə də kənarda böyüsəydi, o həzrətin oğulluğu kimi qəbul edilə bilərdi. Çünki bioloji anası o həzrətin həyat yoldaşı idi.

Həzrət Xədicənin (ə) iki dəfə ərdə olub dul qalmasını əsrimizin ən böyük alimlərindən ikisi də təsdiq edir. Tarix, rical və əqaid elmləri üzrə ixtisaslaşmış Ayətullah Cəfər Sübhani “Füruğe-əbədiyyət” adlı kitabında bu məsələni aşkar şəkildə qeyd edir (1-ci cild, səh. 198). “Füruğe-vəlayət” Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatıdan bəhs edən ən sanballı kitablardan biri sayılır və müəllif onu yazarkın çoxlu mənbələrdən istifadə etmişdir. İkinci məşhur alim isə tarixçi Rəsuli Məhəllatidir. O, “Analitik İslam tarixi” kitabının ikinci cildində (səh. 33-38) bu mövzuda bəhs açır, müxalif tərəfin sübutlarını gətirir, sonra onları tutarlı əks-arqumentlərlə rədd edir.


Yerləşdirilib:30 Dekabr, 2015, Baxılıb:5259, Çap
 

Son şərhlər : 4
Müəllif: Abbas | 31 Dekabr, 2015  10:28
# Ответить
0


]]>]]>

Salamun Aleykum Allahin nezeri usdunuze olsun bilirem diyesisiz ki yene yazdi ama xaiw edirem bunlari da nezerden kecirin meqsedim sadece Haqqi tapmaq tanimaq ve tanitmaqdi hercend layiq olmasamda verdiyiz suallara acizane cavablar:
1.Hz.Xədicənin (s.ə) o yawa qeder aile qurmamasinin yegane sebebi İslamin yayilmasinda boyuk misyani yerine yetirmek ucun İlahi proqramda heyat terzi yawayib vezifensin gozleyirdi ve eynile hec kes sual vere bilmez ki Hz Məryəm (ə) niye aile qurmadi
2.Hz.Xədicənin (s.ə) o qeder var dovlet sahibi olmasi haminin bildiyi kimi agilli ve bacariqli bir xanim idi ve qazanirdi diger terefden ruzini veren Allahdır yeni hemin var dovletin olmayan erlerinden qalmasi tesdiqlene bilecey wey deyil cunki İslam muqeddes oldugu qeder pakdir yeni İslamin dircelmeyi ucun kimlerdende qalmiw miras yox halal qazanilmiw servet lazim idi
Müəllif: Abbas | 31 Dekabr, 2015  10:29
# Ответить
0


]]>]]>

3.Hz.Xədicəni (s.ə) bacisi Hale ile muqayise edirsiz hec kes Xanim Xədicəni iki defe erde oldugu ucun qinamir ki Haleni de qinayaq ya qinamayaq bizim etiqadimiz sadece olaraq Xanimin ilk evliliyi Hz Peyğəmbərlə (s.ə.a.s) olub ve o iki bacini da eynilewdirmey olmaz bele baxanda bezi Peygemberlerin ovladlari kafir olub ve ya inancsiz olub meselen Hz.Yusif (ə) ve qardawlari baxmayaraq ki eyni atadan idiler ama mesele İmandır inancdir ve etiqaddir
Müəllif: Abbas | 31 Dekabr, 2015  10:31
# Ответить
0


]]>]]>

4.Hz Peyğəmbərdən minlerle hedis var ki yetimlere qaygi gosterin ve xususen de qiz uwaqlarina bunu Deyen Peyğəmbərin oz heyat yoldawinin bacisin qizlarina sahib cixmagi ve onlara ata kimi reftar elemeyi ve xalqa da bu cur tanitmagi hec de qeyri adi biwey deyil qaldiki Hz Muhəmməd (s.ə.a.s) ve Hz Əli (ə) bu ummetin atasidirlar neinki o qizlarin ve ya Zeydin
5. Quran ayesine geldikde ise zaten ozunuz aciqlama verdiz eynile Mubahile ayesindeki kimi qaldiki Qurani Kərimdə bir cox hallarda cem halda buyrulub
Allah razi olsun
Müəllif: Momin | 11 Yanvar, 2016  17:51
# Ответить
+2


]]>]]>

Xədicənin əvvəlik ərlərinin adı ƏTİQ İBN ABİD MƏXZUMİ,,,,vəə ƏBU HALƏ HİND İBN ZURARƏİ TƏMİMİ...
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com