Tövhid dərsləri

(beşinci hissə, ardı)

(əvvəli: http://az.islam.az/article/a-764.html; http://az.islam.az/article/a-756.htmlhttp://az.islam.az/article/a-744.htmlhttp://az.islam.az/article/a-745.htmlhttp://az.islam.az/article/a-751.html)

Nizam bürhanı

Məşhur bioloq, əvvəlcə xristian olub, sonra İslamı qəbul etmiş Moris Bukay insan orqanizmində fəaliyyətdə olan qidalanma, qan-damar, həzm, sinir, çoxalma və s. sistemlərdən yalnız biri – həzm sistemi haqqında yazır: “Biz ən müxtəlif qida maddələrini xam material kimi mədə adlı laboratoriyaya tökürük. Gün ərzində çörək, ət, göyərti, tərəvəz və daha nələr, nələr yeyirik. Bunlardan əlavə, xeyli su, çay və başqa mayelər içir, bəzən dərman kimi müəyyən maddələr də qəbul edirik. Bizim mədəmiz bu qədər qida maddələri içindən faydalı olanları seçib, öz istehsal etdiyi həlledicilər və turşularla onu işləyir. Sonra alınan kütlənin artığını tullayır (yəni bağırsağa göndərir), lazım olan hissəni isə proteinə çevirib bədən hüceyrələrini onunla qidalandırır.

Mədə daim müəyyən yağları və başqa zəruri maddələri ehtiyat kimi saxlayır ki, orqanizmə vaxtlı-vaxtında qida yetişmədikdə acından həlak olmasın. Bu işlərin hamısı insanın xəbəri və köməyi olmadan görülür. Hər dəfə qida qəbul edilərkən insan mədəsi adlı laboratoriyaya bir milyondan artıq növə aid maddələr daxil olur. Bu, hər hansı süni kimyəvi laboratoriyanın imkanı xaricindədir”.

Hər hansı şəhərə, müəssisəyə, yaxud xırdaca evə su və kanalizasiya xətləri çəkmək üçün layihə, plan, iş alətləri və bacarıq tələb olunur. Halbuki bizim bütün bədənimiz (hətta gözümüzün bəbəyi belə) tükdən nazik, zərif qan və əsəb damarları ilə örtülmüşdür. İnsan dərisinin təqribən 7 sm2 sahəsində 700-ə yaxın tər vəzisi, 70 tük kisəciyi, 80 piy vəzisi, 30 metrdən artıq uzunluğa malik sinir kələfləri və üst-üstə uzunluğu 7 metrdən çox olan irili-xırdalı qan damarları və kapilyarlar yerləşir. Bütün bunların özbaşına yaranması mümkündürmü?

Hətta yuxarıda söylənmiş azsaylı sübutlar belə, Allahı inkar edən materialistlərin tamamilə səhv düşündüklərini söyləməyə əsas verir. Təbiət özbaşına surətdə öz-özünü yaratmağa və yaşatmağa qabil deyildir. Fərz edək ki, çay kənarında yerləşən iri anbarda hər cür tikinti materialları toplanıb. Tikinti briqadası lazımi texnika və nəqliyyat vasitəsilə materialların bir qismini daşıyıb gələcək bina üçün ayrılmış yerə tökür. Sonra ustalar tam nizam-intizamla tikintiyə başlayır, əvvəlcə özül atır, sonra divarları ucaldır, binanın damını örtür, qapı-pəncərəsini yerləşdirir, su, istilik, işıqlandırma və kanalizasiya şəbəkələrini çəkirlər.

Təbiət isə öz “bənnalığını” başqa cür həyata keçirir: Sahilində anbar yerləşən çay daşaraq anbarı uçurur və bütün tikinti materiallarını öz qoynuna alıb aparır. Həmin yerdən bir neçə kilometr uzaqda selin vurub sahilə çıxardığı materiallar üst-üstə qalanır. Bu qalaqda hər şey vardır: beton, polad borular, taxta, şüşə və s. Fərq bundadır ki, ustaların tikdiyi binada hər şey yerli-yerindədir. Təbii qüvvələrin şüursuz müdaxiləsi nəticəsində yaranmış qalaqda isə hər şey mənasız və yersiz halda səpələnmişdir. Əgər təbiət qüvvələri özbaşına halda bir binanı tikməyin öhdəsindən gələ bilmirsə, sonsuz kainatın eyni yolla yaranmasını iddia etmək gülünc deyilmi?

Rəvayət edirlər ki, bir allahsız şəxs İmam Sadiqin (ə) yanına gəlib, Allahın varlığını sübut etməsini ondan istədi. İmam ona əyləşməsini tapşırdı. İmamın otağında kiçik övladlarından biri yumurta ilə oynayırdı. İmam Sadiq (ə) yumurtanı uşaqdan alıb o adama göstərdi və buyurdu: “Bu yumurta hər tərəfi bağlı olan möhkəm qalaya bənzəyir, onu üzdən qalın bir qabıq əhatə edir. Onun altında çox nazik bir pərdə var, pərdənin altında isə duru gümüşə bənzər yumurta ağı və maye qızıla bənzər yumurta sarısı gizlənmişdir. Nə yumurtanın ağı sarısına qarışır, nə də sarısı ağına. Yumurtanın içinin yaxşı, ya pis olduğunu xəbər vermək üçün heç nə ora daxil ola, yaxud oradan çıxa bilməz. Bilinmir ki, yumurtanın daxilindəki rüşeym dişidir, yoxsa erkək? Bununla belə, vaxt çatanda özü yarılar və içindən, məsələn, əlvan rəngli, gözəl tovuzquşu cücəsi çıxar. Onun bir yaradıcısı olduğunu qəbul edirsənmi?” Həmin şəxs bir müddət başını aşağı salıb fikirləşdikdən sonra tövbə etdi və Allahın varlığını təsdiqlədi (Üsuli-Kafi).


Yerləşdirilib:18 Noyabr, 2015, Baxılıb:4117, Çap
 

Son şərhlər : 1
Müəllif: Xaliq | 7 Dekabr, 2015  06:00
# Ответить
+1


]]>]]>

Evvelce uca Yaradan sizden razi olsun ki bucur derslikleri bizlere teqdim edirsiz. Allah niyyetinize göre versin inşallah.
Uca Yaradan bizi öleceyimiz gün gözel şekilde qarşılanmaĝı nesib elesin inwallah.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com