Tövhid dərsləri

(dördüncü hissə)

(əvvəli: http://az.islam.az/article/a-744.html; http://az.islam.az/article/a-745.html; http://az.islam.az/article/a-751.html)

Allahın varlığının növbəti nəzəri sübutu: İMKAN BÜRHANI

Allahın mövcudluğuna üçüncü dəlil – səbəb-nəticə (imkan) bürhanıdır.

İslam fəlsəfəsində bütün mövcud aləm iki qismə bölünür: mövcudluğu mümkün olan (mümkünül-vücud) və mövcudluğu vacib olan (vacibül-vücud).

Mümkünül-vücud odur ki, onun varlığı da, yoxluğu da mümkündür. Yəni onun həm varlığını, həm də yoxluğunu təsəvvür edə bilərik. O, öz varlığına görə başqasına möhtacdır, başqasına dayanıqlıdır. Onun yox olması ilə varlıq aləmi yox olmaz.

Vacibül-vücud odur ki, heç kimə və heç nəyə ehtıyaclı deyil, əksinə, başqaları ona möhtacdır. Vacibül-vücudun bir an yoxluğu bütün varlıq aləminin məhvinə səbəb olar.

Çox sadə və bəsit misalla aydınlaşdırmağa çalışaq. Təsəvvür edin ki, hər hansı elektron qurğu batareyadan qidalanır. Nə qədər ki, batareya fəaliyyətdədir, həmin qurğu da işləyir. Əgər batareyanı xaric etsək, qurğu həmin anda öz fəaliyyətini dayandıracaq. Əlbəttə, bu misal əslində Allaha şamil edilməyəcək dərəcədə bəsitdir, lakin mücərrəd mövzunu daha əyani izah etmək üçün bu misaldan yararlanmaq məcburiyyətindəyik.

İslam əqidəsinə görə vacibül-vücud təkdir, şəriksizdir: o, Allahdır. Yalnız Allah vacib, qalan hər şey mümkündür. Hər şey öz kökünü Allahdan alır. Dünyada bütün səbəb bağlılıqlarının kökü Allaha gedib çıxır və Allahda sona çatır.

Allahın bir sıra səlbiyyə sifətləri (yəni Allahda olması mümkün olmayan və Ona əskiklik gətirəcək xüsusiyyətlər) məhz vacibül-vücud anlayışından qaynaqlanır. Məsələn, Allah mürəkkəb (hissələrdən ibarət) ola bilməz. Çünki belə olsa, öz hissələrinə möhtac olar. Məsələn, su hidrogen və oksigen¬dən, öz növbəsində hidrogen qazı molekullardan, molekullar atomlardan, atomlar daha xırda zərrəciklərdən təşkil olunub. Bu, o deməkdir ki, su öz mövcudluğuna görə hidrogenə və oksigenə möhtacdır. Bu elementlərin biri olmasa, su öz xüsusiyyətlərini itirər. Hidrogeni təşkil edən molekullar da bir-birindən asılıdır; onların arasındakı cazibə və dəfetmə qüvvələri pozulsa, hidrogenin molekul quruluşu pozular.

Allah başqası ilə birləşə də bilməz. Çünki bu halda onların arasında şəriklik yaranar; şəriklik isə asılılıq və ehtiyac deməkdir. Həm də bu zaman ya Allah birləşdiyi şeyə çevrilməli, ya da həmin şey dönüb Allah olmalidır. Bunların isə hər ikisi qeyri-mümkündür. Bəzi ifrat düşüncə adamlarının iddia etdiyi hülul (Allahda həll olmaq) konsepsiyasının yanlış olduğu da buradan aydın olur.

Beləliklə, səlbiyyə  sifətləri son mənada Allahın ehtiyaclı olmasını tələb edir ki, bu da Onun vacibül-vücud sifətinə ziddir.

(ardı var)


Yerləşdirilib:5 Oktyabr, 2015, Baxılıb:3829, Çap
 

Son şərhlər : 1
Müəllif: Xaliq | 5 Oktyabr, 2015  13:53
# Ответить
+1


]]>]]>

Ehsen
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com