Hər kəsin tutumu fərqlidir

(irfan dünyasından iki nümunə)

Savadsız bir kənli hər həftənin cümə günü uzaq məsafə qət edərək şəhərə gəlir və cümə namazında iştirak edirdi. Yol üstündən axan çayı keçmək üçün kəndli məcbur olub dolanbac yollarla körpüyə qədər gedir, körpüdən keçib yenə uzun yollarla şəhərə çatırdı. Beləliklə, körpü uzaqda olduğundan, hər həftə kəndli yolda bir neçə saat artıq vaxt itirirdi.

Cümə xütbələrinin birində vaiz “Bismillahir-Rəhmanir-Rəhim” ayəsinin fəzilətindən söz açır. Deyir ki, bu ayə Allahın ən əzəmətli adına (ismi-əzəmə) çox yaxındır. Keçmiş peyğəmbərlər bu ayəni oxumaqla mözücələr göstəriblər. Məsələn, Həzrət İsa peyğəmbər (ə) “bismillah” ayəsini oxuyub suyun üzü ilə gedirmiş.

Mömin kəndli bu sözü yadında saxlayır. O biri həftə şəhərə gələndə qərara alır ki, bu ayənin gücündən istifadə etsin. Çayın sahilinə çatanda təmiz niyyətlə və qəlb yəqinliyi ilə “Bismillahir-Rəhmanir-Rəhim” ayəsini oxuyub suya qədəm basır və həqiqətən çayın üzərindən keçib o biri sahilə çıxır.

Beləliklə, kəndli öz yolunu xeyli qısaldır və bir neçə saat vaxta qənaət edir. Bir gün qərara gəlir ki, xeyirxah məsləhətinə görə minnətdarlıq kimi vaizi evinə qonaq aparsın. Vaiz kəndlinin dəvətini qəbul edir və namazdan sonra birlikdə kəndə tərəf yola düşürlər. Çayın sahilinə çatanda kəndli yenə “bismillah” deyib suyun üzərinə qədəm basır. Yolun yarısında geriyə dönüb görür ki, vaiz hələ sahildə durub.

Kəndli təəccüblə soruşur:

- Niyə gəlmirsən? Məgər minbərdən söylədiyin ayə yadında deyil?! Oxu və ardımca gəl!

Vaiz cavab verir:

- Ayəni mən də oxuya bilərəm. Amma qəlblərimiz eyni deyil. Sənin qəlbində olan yəqin məndə yoxdur.

***

Məşhur sufi Şəqiq Bəlxi həcc ziyarəti zamanı övliyanın görkəmli zatlarından olan İbrahim ibn Ədhəmlə görüşmüş və aralarında belə bir söhbət olmuşdu.

Şəqiq Bəlxi İbrahimdən soruşur:

- Ey İbrahim, nə ilə dolanırsan?

İbrahim belə cavab verir:

- Ruzi tapanda şükr edir, tapmayanda səbr edirəm.

Şəqiq istehza ilə söyləyir:

- Şəhərimizin itləri də bu cürdürlər. Yem tapanda qarınlarını doyurub sevinirlər. Yem tapmayanda isə aclığa dözürlər.

İbrahim təəccüblə ondan soruşur ki, bəs sən necə hərəkət edirsən?

Şəqiq deyir:

- Biz ruzi tapanda başqalarına bağışlayırıq, tapmayanda şükr edirik.

İbrahim cavabı eşidəndə qalxıb Şəqinin alnından öpür və deyir:

- Vallahi, sən bu elmdə məndən daha ustadsan.


Yerləşdirilib:14 Sentyabr, 2015, Baxılıb:4103, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com