Tövhid dərsləri

(birinci hissə)

Hər şeyi yoxdan yaradan və idarə edən Allah-təalanın varlığını iki yolla tanımaq mümkündür. Bunların birincisi fitri yol, ikincisi araşdırma (ağıl) yoludur.

Fitri yolla Allahı tanımaq üçün insanın hisləri və fitri duyğuları kifayət edir. Allah-təala hər kəsin daxilində Onu axtarmağa meyil və tanımağa qabiliyyət yerləşdirmişdir. Bu fitri hissin təsiri altında hər kəs onu yaradan və idarə edən qüvvəni tanımağa ehtiyac duyur. Fitri yolla Allahı dərk etmək üçün heç bir araşdırma tələb edilmir, bu proses qəlbin köməyi ilə baş verir. Quranda buyurulur: “Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bunu bilməz” (Rum, 30). Həzrət Mühəmməd Peyğəmbər (s) də bu həqiqətə işarə edərək buyurmuşdur: “Hər kəs fitrətə bağlı halda (yəni vahid tanrıya inanaraq) doğulur. Sonra valideynləri onu yəhudi, xristian və ya atəşpərəst edirlər”. Fitri hissi inkişaf etdirmək və ya boğmaq insanın öz iradəsinə yaxud düşdüyü şəraitə bağlıdır. Kimisi bu duyğunun təsiri ilə öz araşdırmalarını davam etdirərək Allahı daha yaxşı tanıyır və ona bəndəlik edir, kimisi də öz fitrətinin əksinə gedərək kafir olur.

Məşhur fransız filosofu Blez Paskal bu barədə demişdir: “Allahı duyan qəlbdir, şüur yox. Budur iman. Allah qəlb vasitəsilə hiss olunur, ağıl vasitəsilə yox”.

Fitrət yolu ilə Allahı tanımaq tələbi Allahın bəşəriyyətə olan bir lütfü və mərhəmətidir. Bu yolla Allah öz bəndələrinin Ona tərəf yönlənməsini asanlaşdırır. Lakin Allahı tanımağın daha fəzilətli və səmərəli yolu məhz ikinci yoldur: əqli araşdırmalarla Allahı tanımaq yolu. Əqli araşdırma həmişə emosional duyğulardan daha möhkəm və davamlı olur. Üstəlik, əqli araşdırma ilə müəyyən nəticəyə gələn adam bunu başqalarına da isbat edə bilir. Fitri yönlənmədə isə hər şey insanın rasional yolla isbat edilə bilməyən duyğularına bağlıdır və bir nəfər üçün qənaətbəxş olan nəticə başqası üçün keçərli sayılmaz. Ona görə də dini kitablarda Allahı araşdırma yolu ilə tanımaq üzərində daha çox dayanılır. Ümumiyyətlə, düşünmək, təfəkkür etmək, araşdırmaq dinimizdə çox bəyənilir. Hətta düzgün nəticə ilə sonlanan təfəkkür müstəhəb ibadətlərdən də üstün sayılır.

Allahın mövcudluğunu bir neçə əqli (rasional) dəlillə isbat etmək olar. Bunlara dini terminologiyada “bürhan” deyirlər. Bunların sırasında hərəkət, hüdus (yaranma), imkan və nizam bürhanlarını xüsusi qeyd etmişlər. Aşağıda həmin dörd əsas bürhana qısa şəkildə aydınlıq gətirəcəyik:

Hərəkət bürhanı

Elm artıq çoxdan sübut edib ki, bütün kainat arasıkəsilməz hərəkət halındadır. Bu hərəkət özünü hər şeydə göstərir. Hərəkət müxtəlif cür ola bilər: kəmiyyət, keyfiyyət və məkan dəyişiklikləri hərəkətin növləridir. Ayrı-ayrı cismlər bir-birinə nisbətən hərəkət etməkdən əlavə, cismlərin təbiətində də hə¬rəkət vardır. İlk baxışda sabit və dayanıqlı gördüyümüz cismlər əslində Yer planeti ilə bərabər hərəkətdədərlər. Hətta tam sabit və hərəkətsiz bir cism tapsaq belə, nəzərə al¬malıyıq ki, onu təşkil etən atom və mole¬kulların daxilində cazibə və dəfetmə qüvvə¬lərinin təsiri altında zərrəciklərin daimi hə¬rəkət prosesi gedir. Eləcə də, canlılar doğulur, böyüyür, qocalır, həyatdan gedir, onların yerini yeniləri tutur. Hər şey yaxşı ilə pis, azla çox, köhnə ilə təzə arasında dəyişir, hərəkət edir.

Əgər kainatı başdan-başa hərəkət bürüyüb¬sə, bu hərəkətin yaradıcı qüvvəsi də olmalidır. Həmin hərəkətverici qüvvə Allahdır.

(ardı var)


Yerləşdirilib:15 Avqust, 2015, Baxılıb:5265, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com