Dörd min tələbə yetişdirmiş müəllim

(İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümü münasibəti ilə)

Hicri 114-cü (miladi 733-cü) ildə beşinci İmam Mühəmməd Baqirin (ə) şəhadətindən sonra oğlu Həzrət Cəfər Sadiq (ə) imamət vəzifəsini öhdəyə aldı. Onun imamət dövrü Əməvilər xilafətinin sonuna və ilk Abbasi xəlifələrinin zamanına təsadüf edirdi. Bu hakimiyyət dəyişikliyi əslində İmam Sadiqin (ə) fəaliyyətinə müsbət təsir göstərdi. Hər iki zalım qruplaşma hakimiyyət uğrunda bir-biri ilə mübarizə apardığı üçün Əhli-beytin üzərindəki nəzarət müvəqqəti olaraq zəifləmişdi. İmam yaranmış imkandan faydalanaraq, 4000 nəfərdən artıq şagird yetişdirməyə və onları müsəlman məmləkətlərinə yaymağa macal tapdı. (Şeyxüt-taifə Tusi “Rical” kitabında İmam Sadiqdən (ə) hədis rəvayət etmiş 3222 nəfərin adını qeyd edib).

İmam Cəfər Sadiqin (ə) elm və mərifət nurundan əhli-sünnə alimləri də bəhrələnirdilər. Maliki məzhəbinin banisi Malik ibn Ənəs, hənəfi məzhəbinin banisi Əbu Hənifə, məşhur fəqihlər Süfyan Sovri, Süfyan ibn Üyeynə, İbn Cüreyc, Şöbə onun dərs məclislərini ziyarət edirdilər.

İmam Cəfər Sadiqin (ə) tələbələri sırasın¬da kimya elminin qurucusu Cabir ibn Həyyan, kəlam mövzusunda 30-dan artıq kitab müəllifi Hişam ibn Həkəm, “Möminüt-taq” ləqəbli Mühəmməd ibn Əli ibn Nöman Bəcəli, “Tövhidi-Müfəzzəl” kitabını İmamın diqtəsi ilə qələmə almış Müfəzzəl ibn Ömər Cüfi, Əban ibn Təğlib, Zürarə ibn Əyün, qardaşları Həmran və Bəkr, Süleyman ibn Mehran Əməş, Cabir ibn Yezid Cüfi, Əbu Həmzə Sümali, Cəmil ibn Dərrac kimi böyük alimlər vardı. İmam Sadiq (ə) öz tələbələrinin qabiliyyətinə uyğun olaraq, onları müəyyən bir elm sahəsində yetişdirirdi. Bəzi səhabələr Quran qiraəti, bəziləri lüğət və ərəb ədəbiyyatı, bəziləri fiqh, bəziləri də kəlam sahəsində dərin biliyə malik idilər. Çox zaman İmam, onunla elmi mövzuda mübahisə etmək istəyən şəxslərə bu şagirdlərlə yarışmağı tövsiyə edirdi.

İmam Sadiqə (ə) kimi şiəlik artıq bir neçə qola bölünmüşdü. Şiələrin bir hissəsi Həzrət Əlidən (ə) sonra oğlu Mühəmməd ibn Hənəfiyyənin imamlığına inanır (keysaniyyə qolu), başqa bir dəstə Həzrət Zeynül-abidindən (ə) sonra oğlu Zeydi imam sayırdı (zeydilik qolu). Zeydilik xüsusilə böyük nüfuz qazanmışdı. Zeydilər silahlı mübarizə yolunu tutmayan şəxsin imamlıq hüququndan məhrum olduğunu söyləyirdilər. Məhz İmam Sadiqin (ə) səyləri ilə 12 imamçı şiə məzhəbinin (isna əşəriyyə) ideoloji və praktiki əsasları sistemləşdirildi və o həzrətdən sonra şiəliyin bu qolunu cəfəri məzhəbi kimi tanımağa başladılar.

Həzrət Cəfər Sadiq (ə) hicri 148-ci il şəvval ayının 25-də (miladi 765-ci il) Abbasi xəlifəsi Mənsurun əmri ilə zəhərlədilib şəhid oldu.

Aşağıda İmam Cəfər Sadiqin (ə) mübarək kəlamlarından bir neçəsini diqqətinizə təqdim edirik:

“Allah-təala buyurub: “Mənim mömin bəndəmi alçaldan (təhqir edən) adam mənimlə açıq müharibəyə qalxmış kimidir”.

“Allah öz bəndəsinin üzünə dünya qapılarından birini açanda, mütləq tamah qapılarından birini də onun üzünə açar”.

“Hər kim öz müsəlman qardaşını söysə, Allah onun ruzisindən bərəkəti götürər, onu özbaşına buraxar və güzəranını pis vəziyyətə salar”.

“Dünyaya həris insan barama qurdu kimidir. Nə qədər öz ətrafını barama ilə bürüsə, bir o qədər xilas olmağı çətinləşər, axırda qəm-qüssədən (həsəd və tamahdan) ölər”.

“Bidət əhli ilə yoldaşlıq etmə, yoxsa camaatın gözündə onlardan biri kimi görünərsən”.

“Mömin insana elə bir məclisdə oturmaq yaraşmaz ki, orada Allaha itaətsizlik edilsin və həmin mömin bu məclisi pozmaq gücünə sahib olmasın”.

“Allaha və qiyamət gününə imanı olan kəs gərək verdiyi vədə əməl etsin”.

“Yaxşı əməl yalnız bu üç şərtlə kamil olar: xeyir işi edərkən tələsmək (yəni xeyir işi təxirə salmamaq, fikrindən dönməmək), etdiyin böyük yaxşılığı kiçik saymaq və minnət qoymamaq”.

“Həqiqətən, günah bəndəni ruzidən məhrum edər”.

(hədislər “Üsuli-Kafi” kitabındandır)


Yerləşdirilib:12 Avqust, 2015, Baxılıb:2330, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com