“İnsana ancaq öz zəhməti qalar”

Həyatda uğur qazanmağın ən vacib yollarından biri əmək fəaliyyəti ilə məşğul olmaq, heç bir bəhanə ilə işdən yayınmamaq, öz əlinin zəhməti ilə dolanmaqdır. Müftəxorluq və tənbəllik həm bədəni, həm də ruhu korlayır.

Xoşbəxtlik zəhmətlə, təcrübə ilə əldə edilir. Qurani-kərimdə buyurulur: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (Nəcm, 39).

Rəvayətə görə, bir gün Peyğəmbər əlləri qabar bağlamış bir nəfəri gördü, onun əlindən tutub camaata göstərdi və buyurdu: “Cəhənnəm alovu bu əli yandırmaz. Allah və onun Rəsulu bu əli sevirlər. Hər kim öz əlinin zəhməti ilə dolansa, Allah onun üzərinə mərhəmət nəzərini salar”.

Peyğəmbərə bir nəfəri nişan verib dedilər ki, bu adam ardıcıl olaraq ibadətlə məşğuldur. Onun və ailəsinin xərcini isə qardaşı verir. Peyğəmbər buyurdu: “Onun və ailəsinin dolanışığını təmin edən qardaşı Allahın nəzdində onun özündən daha artıq dərəcədə sevimli və abid sayılır”.

Həzrət Əli (ə) Kufə məscidində oturmuş bir dəstə adam gördü. Bunların kim olduğunu soruşanda cavab verdilər ki, bunlara “əhli-həqq” deyirlər. Onlar heç bir işlə məşğul olmadan həmişə məsciddə qalırlar. Kim onlara yemək versə, alıb şükr edirlər, yemək tapmayanda isə səbr edirlər. Həzrət Əli (ə) buyurdu: “Kufə bazarındakı köpəklər də belədir. Onlara yemək verəndə təşəkkür edir, verməyəndə dözürlər”. Sonra İmam əmr verdi ki, əhli-həqqi həmin yerdən qovsunlar. Həmin adamların hərəsi bir işin ardınca gedib öz zəhməti ilə yaşamağa başladı.

Xoşbəxtlik yalnız çalışqan və zəhmətkeş adamların qapısını döyər. İslamın böyük şəxsiyyətləri həmişə bir peşə ilə məşğul olmuş, alın təri ilə çörək qazanmışlar. İmamların səhabələri içində ən müxtəlif peşələrin sahiblərinə və peşə ləqəbi ilə çağırılan şəxslərə rast gəlirik. İmam Cəfər Sadiqin (ə) bəzi səhabələri yağsatan, dəvəotaran, pinəçi idi. Bu gün çoxumuz hambal adına təhqir kimi baxır və bu işi əskiklik sayırıq. Amma təsəvvür edək ki, əgər bir şəhərdə yük daşıyanlar tətil etsələr, o şəhərin sənayesinin vəziyyəti necə olar? İmam Əli (ə) külüng vurub bulaq qazırdı, torpağı belləyirdi. O həzrət gecələr yemək kisəsini çiyninə alıb, qapı-qapı kasıblara baş çəkir, ərzaq paylayırdı.

İmam Mühəmməd Baqir (ə) qızmar istinin altında bağda bellə işləyirdi. Alnından tər damcıları süzülürdü. Səhabələrindən biri ona etiraz edib, bu işin Peyğəmbər nəvəsinə yaraşmadığını söylədi. İmam ona belə cavab verdi: “İşləmək də bir növ ibadətdir. Mən burda ona görə işləyirəm ki, özüm və ailəm sənə və başqalarına möhtac olmasın”.

Peyğəmbərin və imamların həyat tərzini özlərinə ülgü seçmiş böyük müsəlman alimləri hətta ən ağır zamanlarda və məşəqqətli günlərdə belə, elmi fəaliyyəti dayandırmamış, mütaliə və yazı ilə məşğul olmuşlar. Cəfəri məzhəbinin fəxri sayılan Xacə Nəsirəddin Tusi özünün ən məşhur əsəri olan “Şərhi-İşarat” kitabını ismaililərin Ələmut qalasında həbsdə olduğu zaman qələmə almışdı. Şəhidi-əvvəl ləqəbli alim də bu gün mədrəsələrdə fiqh dərsliyi kimi tədris olunan “əl-Lümətüd-Diməşqiyyə” kitabını Dəməşq qalasında zindanda yatarkən yazmışdı. Orta əsr sosioloqu İbn Xəldunun məşhur “Müəqddimə”si də müəllifin sürgün illərindən yadigardır.

“Cəvahirül-kəlam” kitabının müəllifi mərhum Şeyx Mühəmməd Həsən İsfahani Nəcəfi 30 il müddətində bu nəhəng əsəri təkbaşına yazıb tamamlamışdı. Məzhəblərarası vəhdət cərəyanının başçılarından olan Şeyx Mühəməd Təqi Qumi xatırlayırdı ki, Misirdə olduğu zaman “Cəvahirül-kəlam” kitabını misirli əhli-sünnə alimlərinə göstərmişdi. Misir alimləri kitabla qısa tanışlıqdan sonra bu qədər dərin fundamental araşdırmanın təkbaşına bir nəfər tərəfindən aparıldığına heyran qalmışdılar. Sahibi-Cəvahir elmi fəaliyyətə o qədər aludə idi ki, hətta doğma oğlunun ölümü belə, onu bu işdən çəkindirməmişdi. Müasirlərinin dediyinə görə, alimin oğlu vəfat edəndə cənazəni qüslləyib kəfənə bükəndən sonra havanın qaraldığını görüb dəfni ertəsi günə keçirdilər. Cənazəni İmam Əlinin (ə) hərəmindəki hücrələrdən birində səhərə kimi saxlamağı qərara aldılar. Alim oğlunun cənazəsinin yanında bir qədər Quran oxuduqdan sonra yenə “Cəvahirül-kəlam” kitabını yazmağa davam etdi. Oğlunun ölümü belə, onu elmi yaradıcılıqdan ayıra bilmədi.

(Cəfər Sübhaninin “Böyük şəxslərin uğurunun rəmzi” kitabından)


Yerləşdirilib:6 Avqust, 2015, Baxılıb:2308, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com