İslam və sığorta (1-ci hissə)

Müasir dünyada ictimai yaşamın heç bir sferasını sığortasız təsəvvür etmək mümkün deyil. İstər həyatın və sağlamlığın, istərsə də müxtəlif mülkiyyət formalarının sığortalanması artıq günümüzün adi tələbatına çevrilmişdir. Məhz bu səbəbdən də müasir dünyada sığortanın müxtəlif növləri iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilmişdir.

Bildiyimiz kimi, sığorta - hər hansı bir işdə ortaya çıxa biləcək bir zərərin qarşılanacağına əvvəlcədən zamin durmaqdır.

Sığorta sözünün qarşılığı olaraq, ingilis dilində "security" və ya "insurance", fransız dilində isə "assurance" kəlmələri işlədilir. Bu kəlmə ərəb dilində ilk dəfə İbn Abidin (v 1252/1836) tərəfindən "səvkara" və ya "suqirta" şəklində işlədilmiş, günümüzdə isə "sığorta" şəklini almışdır. Müasir ərəb yazılarında sığortanın qarşılığı olaraq "ət'təmin", "ət-təkafulu'l-ictimai" və "ət-tədamun" terminləri işlədilməkdədir.

Yanğından pəncərənin sınmasına, su basqınından oğurluğa, təyyarə və ya gəmi qəzasından avtomobil qəzasına, xəstəlikdən ölümə qədər müxtəlif zərər ehtimalları sığorta mövzusu ola bilər. Sığorta, gələcəkdə baş verə biləcək bir zərəri qarantiya altına almaq üçün əvvəlcədən həmin zərərin ehtimal olunması deməkdir.

Sığortanın dəqiq tarixi bilinmir. Amma sığortaya oxşar bəzi yardımlaşma müəssisələrinə hələ qədim dövrlərdən rast gəlinmişdir. E.ə. 2-ci minillikdə Yunanıstanda, qədim Romada və Misirdə yoxsullara yardım edən vəqflər mövcud olmuşdur.

Bundan başqa, bilirik ki, Hz Yusif Misirdə yeddi bolluq ilində anbarlara yığdırdığı əkin məhsullarını sonrakı yeddi qıtlıq ilində əhaliyə paylamışdır.

İslamda Mədinə dövründə hazırlanan ilk Konstitusiyada yer alan və qəbilələrarası yardımlaşmanı nəzərdə tutan maddələr də bu qəbildəndir.

Səlcuqlu dövründə sənətkar və tacirlərin təşkil etdikləri "futuvvət" və "əxilik" adı verilən birliklər də bu sinifə mənsub olanlar arasında yardımlaşmanı təmin etmişdir.

Günümüzdəki mənada sığortaçılıq ilk dəfə İtaliyada dəniz sığortaçılığı olaraq 15-ci əsrdə ortaya çıxmışdır. 18-ci əsrdə iri kapitallı şirkətlər qurulduqca buna paralel olaraq iri və professional sığorta şirkətləri də inkişaf etməyə başladı. Vaxt keçdikcə özəl sığorta şirkətləri ilə bərabər dövlət tərəfindən idarə olunan sosial sığorta təşkilatları da ortaya çıxdı.


Müsəlman aləmində sığorta


İslam dünyasında isə sığortaya baxış birmənalı deyil. Çünki bildiyimiz kimi, sığorta İslamın ilkin dövrlərində mövcud olmamış, sonrakı dövrlərdə ortaya çıxmış bir anlayışdır. Bu səbəbdən də fiqh qaynaqlarımızda bununla bağlı bir açıqlama yoxdur. İslam hüquqşünasları arasında sığorta mövzusunu və bunun İslami hökmünü ilk araşdıran alim İbn Abidin (v. 1252/1836) olmuşdur. Çünki sığorta anlayışı Şərq ölkələrinə ilk dəfə onun dövründə, yəni hicri 13-cü əsrdə daxil olmuşdur. Bu əsrdə Avropa sənaye inkişafına paralel olaraq Şərq ilə Qərb arasındakı ticarət əlaqələri güclənməyə başlamışdı. İdxalatla bağlı danışıqları aparmaq üçün İslam ölkələrinə gələn xarici şirkətlərin təmsilçiləri vasitəsi ilə Avropadan idxal olunan malların sığortalanması yolu ilə bu anlayış İslam dünyasına qədəm qoydu. Bu təmsilçilər idxal ediləcək malları dəniz sığortası edərək sığorta anlayışını İslam ölkələrinə gətirmiş oldular. İbn Abidin sığorta mövzusunu "Raddu'l-Muxtar" adlı kitabının "Kitabu'l-cihad" bölməsində, "Mustə'mən" ("Pasportlu əcnəbi qeyri-müsəlman") başlığı altında ələ almışdır. Çünki o dövrdə bu müqaviləni bağlayan əcnəbi qeyri-müsəlman tacirlərə belə ad verilirdi.

İbn Abidinə görə, dəniz vasitələri ilə daşınma zamanı tələf olan malın təzminatını ödəməyi nəzərdə tutan dəniz sığortası caiz deyil. Çünki aşağıdakı üç səbəbdən ötrü tələf olan sığortalı malın bədəlini almaq olmaz:


1. Sığorta müqaviləsi dinin əmr etmədiyi bir borcun altına girməkdir. İslamda bir şeyin təzminatını tələb etmək üçün dörd təzminat səbəbindən biri olmalıdır:

a) Zərərin haqsız bir hərəkətlə olması;

b) Malın tələfinə səbəb olmaq. İctimaiyyətin istifadə etdiyi bir yolda çuxur açmaq və buraya düşən bir insan və ya heyvanın tələfinə səbəb olmaq kimi;

c) Bir malı haqsız yerə mənimsəmək. Qəsb, oğurluq, satılan malın satıcının əlində ikən tələf olması kimi;

d) Zəmanət razılaşması əldə etmək;

Sığorta şirkəti ortaya çıxan zərəri nə haqsız bir hərəkətlə ortaya çıxarmış, nə malın tələfinə səbəb olmuş, nə zərərə uğrayan malı mənimsəmiş, nə də bu zərərə zamin durmuşdur.


2. Sığorta - müəyyən məbləğ qarşılığında malı əmanət etmək mahiyyətində də deyil ki, əmanət qoyulan mal tələf olduqda həmin şəxs bu malın təzminatını ödəsin. Çünki mal sığorta şirkətinə təhvil verilmir. Məsələn dəniz yolu ilə daşınan mal gəmi sahibinin əlindədir. Ancaq gəmi sahibi eyni zamanda sığorta edəndirsə, bu təqdirdə əmanətçi deyil, ortaq işçi (müştərək) olur. Əmanətçi və ya ortaq işçi isə qaçılmaz zərərə görə (məsələn, ölüm, yanğın və suda batma kimi) təzminat ödəmək məcburiyyətində deyildir.


3. Sığorta - kimisə zərərə saldığı üçün təzminat ödəmək mahiyyətində də deyil. Sığorta şirkətinin taciri aldatmaq niyyəti olmur. Məsələn, bir gəminin dənizdə batıb batmayacağını əvvəlcədən bilə bilməz. Ancaq sığorta şirkəti və sığorta etdirən tacir oğurluq, yol kəsmə kimi yol risqini əvvəldən bilsələr, sığorta şəklində təzminat ödəmək caiz olar. Lakin sığorta müqaviləsi buna tam olaraq uyğun gəlmir. Məsələn, bir nəfər o birinə "Bu yolla get. Əgər malın qəsb edilsə mən təzminat ödəyəcəyəm" desə, həmin yol ilə gedən şəxs həqiqətən də, ziyana düşsə, təzminat ödənməlidir. Çünki belə olan halda mal sahibi ilə zəmanət razılaşması əldə edimiş olur.

İbn Abidinin sığortaçıdan təzminat almağın caiz olmadığı görüşünü əsaslandırdığı prinsiplər bunlardan ibarətdir. Onun fikirlərini qısa şəkildə bu cür ifadə edə bilərik ki, sığortaçı bir müqavilə ilə əslində mükəlləf olmadığı bir borcun altına girmiş olur. Əslinə baxanda o, yanında bir şey əmanət (vədia) qoyulan və ya kirayə verilən bir kəs kimidir. Bunların isə niyyəti, səhvi və ya laqeydsizliyi olmadığı təqdirdə, ortaya çıxan zərərə görə təzminat ödəmək məsuliyyəti yoxdur. Burada təzminat ödəmək məsuliyyəti müqaviləyə daxil edilsə belə, bu şərt keçərli olmaz.

Lakin bununla belə, müsəlmanın xarici ölkədəki bir sığorta şirkəti ilə müqavilə bağlaması İbn Abidin tərəfindən caiz görülmüşdür.

Gördüyümüz kimi, İbn Abidinin sığortaya münasibəti kifayət qədər sərt olmuş və ümumi götürdükdə bunu caiz görməmişdir. Lakin günümüzdə sığortaya münasibət nisbətən fərqlidir. İqtisadiyyatın bu sahəsi haqqında müstəqil əsərlər yazaraq məsələyə liberal yanaşan İslam alimləri ilə yanaşı müxtəlif iddialar irəli sürərək sığortanın İslama uyğun olmadığını irəli sürənlər də vardır. Biz burada əvvəlcə sığortanın müxtəlif növlərinə İslamın baxışını ələ alacaq, sonra isə bu məsələ ilə bağlı irəli sürülən iddialara cavab verməyə çalışacağıq.




Aqil HACIYEV (aqil@islam.az)


Yerləşdirilib:28 İyul, 2008, Baxılıb:4819, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com