Hər kəsə faydalı olan öyüdlər

Dünya tarixində ən məşhur elm və hikmət sahiblərindən biri də Loğmandır. Hətta onu hikmətin rəmzi sayırlar.

Bir zamanlar qara dərili zənci qul olmasına baxmayaraq, Loğman daim öz zehnini gücləndirmək və əxlaqını gözəlləşdirmək yolunda çalışmış, bu yolda yüksək məqama çatmışdı. Sonda ağası tərəfindən köləlikdən azad edilən Loğman öz zəmanəsinin bir neçə peyğəmbəri ilə ünsiyyət saxlamışdı. Mənbələrdə onun Həzrət Davud və Eyyib Peyğəmbərlərlə (ə) müasir olduğu xəbər verilir. Dini rəvayətlərə görə, Allah Loğmanı peyğəmbərlik yoxsa hikmət seçimi qarşısında qoymuş, Loğman peyğəmbərliyin məsuliyyətindən çəkinərək hikməti seçmişdi. Tibb sahəsində xüsusi məharəti vardı; təsadüfi deyil ki, ən mahir təbibləri “loğman” ləqəbi ilə çağırırlar. Loğmanın adı Qurani-kərimdə də çəkilir, hətta Quran surələrindən biri onun adını daşıyır.

İslam aləmində Loğmanın öz oğluna nəsihətləri məşhurdur. Bu nəsihətlərdən bir neçəsi Quranın “Loğman” surəsində xatırlanır. Yüzlərlə başqa nəsihətlər isə İslam müqəddəslərinin hədislərində qeyd edilib. Aşağıda Loğmanın öz oğluna nəsihətlərindən bəzi seçmələri diqqətinizə təqdim edirik.

“Oğlum! Namaz qıl, insanları yaxşı işlərə çağır, pis işlərdən çəkindir. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”

“Oğlum! Dünya dərin bir dəryadır. Çoxları onun içində qərq olub. Bu dəryanın içində sənin gəmin – Allahdan çəkinmək, azuqən – iman, yelkənin – təvəkkül, rəhbərin (kapitanın) – ağıl, bələdçin – elm, sükanın – səbr olsun”.

“Oğlum! Mən dörd yüz peyğəmbərə xidmət etdim, onların kəlamlarından dörd söz əxz etdim. Namaz zamanı qəlbini qoru (yəni başqa fikirləri qəlbinə yaxın buraxma), süfrə arxasında boğazını qoru (yəni boğazından haram tikə keçməsinə imkan vermə), başqasının evində olarkən gözünü qoru (yəni ev sahibinin məhrəm sirlərini öyrənmək üçün ora-bura boylanma), camaat arasında olarkən dilini qoru (yəni xalqa dilinlə əziyyət vermə)”.

“Oğlum! Əgər bütün insanların və cinlərin savabı qədər savabın olsa belə, Allah sənə əzab verəcəyini düşünəcək dərəcədə Allahdan qorx. Əgər bütün insanların və cinlərin günahları qədər günahın olsa belə, Allah səni bağışlayacaq qədər Allahın mərhəmətinə ümid bəslə”.

“Oğlum! Yetimin malını yemə ki, qiyamətdə rüsvay olmayasan və o malı sahibinə qaytarmağı sənə vəzifə etməsinlər”.

“Oğlum! Günahlardan tövbə etməyi yubatma. Çünki ölüm qəfildən gəlir”.

“Oğlum! Əyləncəli sədalara qulaq asma, axirəti sənə unutdurar. Dəfn mərasimlərinə qatıl, qəbirləri ziyarət et, ölümü və ondan sonra baş verəcək qorxulu olayları yad et, özünə azuqə (savab) topla”.

“Oğlum! Özünü çəkib təkəbbür göstərənin vay halına! Özünü necə böyük sayır, bir halda ki, torpaqdan yaranıb və torpağa gedəcək. Heç bilmir ki, cənnətə gedib nicat tapacaq, yoxsa cəhənnəmə gedib ziyana düşəcək?”

“Oğlum! Elə bir adam varmı ki Allaha ibadət etsin, amma Allah onu əskiltsin? Elə bir adam varmı ki Allahı axtarsın, amma tapmasın? Elə bir adam varmı ki Allahı zikr etsin, Allah onu xatırlamasın? Elə bir adam varmı ki Allaha təvəkkül etsin, amma Allah obu başqalaının öhdəsinə buraxsın (möhtac etsin)? Elə bir adam varmı ki Allaha yalvarsın, amma Allah ona rəhm etməsin?”

“Oğlum! Pis dostdansa tənhalıq yaxşıdır. Tənha qalmaqdansa saleh dostla olmaq yaxşıdır”.

“Oğlum! Özündən böyüklərlə məşvərət et. Özündən kiçiklərlə məşvərət etməkdən utanma”.

“Oğlum! Fasiq (arıcıl günah edən) adamlarla dostluq etmə. Onlar köpək kimidirlər. Sənin yanında nə isə tapsalar, yeyərlər. Əks halda səni acılayıb rüsvay edərlər. Onların məhəbbəti bir saatlıqdır”.

(mənbə: Mühəmməd Raci Qumi. “Ataların övladlara öyüdləri”).



Yerləşdirilib:23 İyul, 2015, Baxılıb:4463, Çap
 

Son şərhlər : 1
Müəllif: Elcin | 19 Aprel, 2016  15:02
# Ответить
0


]]>]]>

Cox deyerli, Allah razi olsun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com