İshaq peyğəmbər (ə)

Hörmətli izləyicilər! İslam.az “Uşaqlarınıza oxuyun” rubrikasının növbəti məqaləsini diqqətinizə təqdim edir.

İbrahim peyğəmbərlə Hacərin İsmayıl adlı oğlu olsa da, Sara ilə övladı yox idi. Onlar artıq yaşlanıb qocalmışdılar. Sara ana olmaqdan ümidini üzmüşdü. İbrahim peyğəmbər isə ümiddən düşmür, daha bir oğul arzusu ilə Allaha dua edirdi.

Allah Lut peyğəmbərin yaşadığı şəhəri məhv etmək üçün üç mələyi göndərəndə onlara tapşırıq verdi ki, yolüstü Həzrət İbrahimə də baş çəksinlər. İbrahim peyğəmbər çox qonaqpərvər idi, bir gün evinə qonaq gəlməyəndə üzülürdü.

Mələklər insan sifətində İbrahim peyğəmbərin evinə gəldilər. Həzrət İbrahim qonaqların adına süfrə açdı, süfrəyə yemək düzdü. Amma hiss etdi ki, qonaqlar yeməyə əl vurmurlar. (Axı, mələklər yeməz və içməzlər). İbrahim bunun səbəbini soruşanda sirli qonaqlar əslində mələk olduqlarını və Lut xalqına cəza vermək üçün yerə endiklərini söylədilər. Onlar Həzrət İbrahimə də Allahdan müjdə gətirmişdilər. Tezliklə İbrahimlə Saranın oğlu olacaqdı.

İbrahimlə Sara bu xəbəri təəccüblə qarşıladılar. Məgər qoca vaxtlarında övlad sahibi olmaları mümkün idimi? Amma Allahın əlində mümkün olmayan heç nə yoxdur.

Bu hadisədən bir müddət sonra Saranın bir oğlu oldu. Uşağa İshaq adını verdilər. İshaq böyüyəndən sonra Allah-təala ona peyğəmbərlik verdi. O da öz atası İbrahimlə çiyin-çiyinə fəaliyyət göstərməyə başladı. Beləliklə, İbrahimin hər iki oğlu peyğəmbər oldu. İshaq öz atası ilə birlikdə eyni ölkədə, İsmayıl isə Ərəbistanda peyğəmbərlik edirdi.

İbrahim peyğəmbər vəfat etdikdən sonra İshaq onun işini davam etdirməyə başladı. O, ətraf yerlərin əhalisini bütpərəstlikdən döndərib Allaha inandırmağa çalışırdı.

İshaq peyğəmbər çoxlu möcüzələr göstərirdi. Onun duası ilə hətta heyvanlar dilə gəlib danışırdı.

Bir gün Həzrət İshaq camaat arasında təbliğat aparırdı. Ona dedilər: “Əgər dağı yerindən tərpədə bilsən, sənin sözlərinə inanarıq”.

İshaq dua etdi, dağ yerindən tərpənib hərəkətə başladı. Adamlar bu möcüzəni görəndə Allaha iman gətirdilər.

İshaq peyğəmbərin qəbiləsində bir nəfər heç cür imana gəlmək istəmirdi. Axırda o, evdən bir neçə maral dərisi gətirib İshaqın qarşısında yerə qoydu və dedi:

- Bu maralları dirilt, Allaha inanım.

Həzrət İshaq dərilərin içini qumla doldurdu, sonra dua etdi. Dərilər dirilib canlı marallara çevrildi.

İshaq peyğəmbər uzun ömür yaşadıqdan sonra vəfat etdi. Onu İbrahim peyğəmbərin yanında dəfn etdilər.

Həzrət İshaq peyğəmbərin iki ekiz oğlu var idi: Eys və Yəqub. Amma bu iki qardaş yola getmirdilər. Ona görə də Yəqub ata yurdunu tərk edib dayısıgilə köçməli oldu. O, dayısı qızı ilə evlənib orada yaşa¬mağa başladı.

Allah-təala Yəqubu peyğəmbər seçdi. O da cama¬atı babası İbrahimdən qalma qayda-qanunlara əməl etməyə çağırdı. Yəqubun ən məşhur ləqəbi “İsrail” (yəni Tanrının bəndəsi) idi. Onun nəslindən olanlara Bəni-İsrail, yəni İsrail övladı deyirlər.

Həzrət Yəqubun 12 oğlu var idi. Bu oğullar ana tərəfdən bir-biri ilə ögey idilər. Axırıncı iki oğul – Yusif və Benyamin ana tərəfdən də doğma idi.

Həzrət Yəqubdan sonra yaşamış peyğəmbərlərin əksəriyyəti onun nəslindən, yəni Bəni-İsraildən idi. Yəqubun nəsli elə sürətlə inkişaf edirdi ki, bir neçə əsrdən sonra geniş bir ərazinin əhalisi tamamilə Bəni-İsraildən ibarət oldu.


Yerləşdirilib:18 Aprel, 2015, Baxılıb:5252, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com