İsmayıl peyğəmbər (ə)

Hörmətli izləyicilər! İslam.az “Uşaqlarınıza oxuyun” rubrikasının növbəti məqaləsini diqqətinizə təqdim edir.

Yəqin ki, müsəlmanların ən böyük bayramlarından olan Qurban bayramının tarixi sizi maraqlandırır. Bu barədə məlumat almaq üçün Həzrət İsmayıl peyğəmbərin həyatını öyrənməyiniz kifayətdir.

Həzrət İbrahimin həyat yoldaşının adı Sara idi. İbrahimlə Sara mehriban yaşayırdılar. Onların bircə narahatçılığı uşaqlarının olmaması idi. Yaşları ötsə də, hələ övlad sahibi olmamışdılar.

Bir gün Sara İbrahimə dedi:

- Yaxşı olar ki, başqa bir qadınla da evlənəsən. Bəlkə, o zaman Allah sənə övlad bəxş edər.

Həzrət İbrahim bu məsləhətlə razılaşdı və Hacər adlı mömin bir qadınla evləndi. Tezliklə Hacərlə İbrahimin oğlu oldu. Uşağın adını İsmayıl qoydular.

İbrahim oğlunu çox sevirdi, İsmayıldan ayrılmır, onu qucağından yerə qoymurdu. İbrahimin bu hərəkətləri Saraya təsir edirdi. Axı, Saranın övladı yox idi. Buna görə də o, Hacərlə İsmayıla həsəd aparmağa başladı. Nəhayət, bir gün Sara İbrahimdən xahiş etdi ki, Hacərlə İsmayılı evdən uzaqlaşdırsın. Həzrət İbrahim ailədə qanqaralıq düşməsin deyə, Hacərə tapşırdı ki, balaca İsmayılı da götürüb səfərə hazırlaşsın. Onlar üçlükdə yola çıxdılar. Xeyli yol getdikdən sonra Ərəbistan torpağına çatdılar. İndiki Məkkə şəhərinin ərazisi¬nə yetişəndə İbrahim Hacərlə İsmayılı orada qoyub özü geri döndü. Hacər oğlu ilə səhrada tək qaldı.

O zamanlar indiki Məkkə şəhərinin ətrafı susuz səhra idi, burada heç kim yaşamırdı.

İbrahim gedəndə Hacərlə İsmayıl üçün bir az yemək və su qoymuşdu. Bir müddət sonra su qurtardı. Balaca İsmayıl susuzluqdan çığırıb ağlamağa başladı. Hacər səhrada o yan-bu yana qaçırdı ki, bəlkə azacıq su tapa bilsin. Birdən gördü ki, möcüzə baş verdi: İsmayılın ayağınin altında torpaq yarıldı və yerdən bulaq çıxdı. Hacər həmin bulağın suyundan İsmayıla içirtdi, sonra özü də içdi. O, bulağa Zəmzəm adını verdi. Çox-çox sonralar Zəmzəm bulağı¬nın yerində quyu qazdılar. Həmin quyu indi də durur. Məkkəyə ziyarətə gedən hacılar Zəmzəm quyusunun suyundan içirlər.

Hacərlə İsmayıl Zəmzəm bulağının yanında ev tikib yaşamağa başladılar. Başqa qəbilələr də orada köç saldı. Həzrət İbrahim hərdən gəlib İsmayıla baş çəkirdi.

İsmayıl böyüyüb yaraşıqlı bir oğlan oldu. Atası onu çox sevirdi. Bu vaxt Allah-təala İbrahim peyğəmbəri sınağa çəkmək istədi. Allah-təala yoxlamaq istədi ki, görəsən, İbrahim Allahı çox sevir, yoxsa İsmayılı?

Bir  gecə  İbrahim  peyğəmbər  yatmışdı.  Allah  yuxuda ona əmr etdi ki, İsmayılı Allah yolunda qurban kəssin. Həzrət İbrahim üç dəfə eyni yuxunu gördü, yuxunun doğruluğuna inandı.

Səhər İbrahim İsmayılı da özü ilə götürüb, Mina adlı yerə yollandı. O öz məqsədini hələ oğluna açıb deməmişdi.

Minaya çatanda İbrahim İsmayıla söylədi:

- Oğlum, yuxuda Allah mənə əmr edib ki, səni qurban kəsim. Ona görə də bu gün səni buraya gətirmişəm.

İsmayıl atasına ədəblə cavab verdi:

- Ata, sən peyğəmbərsən. Nə etmək lazım olduğunu yaxşı bilirsən. Mən heç vaxt Allahın əmrindən və sənin sözündən çıxmaram. Allah sənə nə əmr edibsə, onu yerinə yetir. Mən Allahın yolunda hər şeyə, hətta ölümə də səbirlə dözərəm.

İbrahim oğlu ilə halallaşıb onu yerə uzandırdı, bıçağı əlinə götürüb onun boğazına çəkdi. Amma Allahın əmri ilə bıçaq İsmayılın boğazını kəsmədi. İbrahim bıçağı bir də çəkdi. Amma İsmayılın boğazı yenə kəsilmədi.

Bu zaman Allah-təala mələklərdən birini iri bir qoçla İbrahimin yanına yolladı. Mələk İbrahimə dedi:

- Ey İbrahim! Allah sənin sədaqətini yoxlamaq istəyirdi. Sən sübut etdin ki, doğma oğlunu da Allaha qurban verməyə hazırsan! Bu, bir imtahan idi. Allah istəmir ki, İsmayıl ölsün. Gətirdiyim bu qoçu İsmayılın əvəzinə Allah yolunda qurban kəs!

Bu hadisə Qurban bayramı günü baş vermişdi. İndi də hacılar Qurban bayramında Məkkədə Həzrət İbrahimin hərəkətlərini təkrar edir, Allah yolunda qurban kəsirlər.

İsmayıl  böyüdükdən  sonra  da  İbrahim  peyğəmbər  tez-tez gəlib ona baş çəkirdi. Müsəlmanların ən müqəddəs yeri sayılan Məkkədəki Kəbə evini də Həzrət İbrahimlə İsmayıl tikmişdilər. Kəbəni tikərkən İsmayıl atasına kömək edir, daş daşıyır, divar hörürdü.

Allah-təala Həzrət İsmayıla da peyğəmbərlik verdi. O, Ərəbistan torpağında fəaliyyət göstərirdi. Həzrət İsmayılın çoxlu oğul-uşağı var idi. Onun nəsli artıb-çoxaldı. Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd də İsmayıl peyğəmbərin nəslindən idi.

islam.az


Yerləşdirilib:17 Mart, 2015, Baxılıb:5155, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com