Həzrət İbrahim (II hissə)

Hörmətli izləyicilər! İslam.az “Uşaqlarınıza oxuyun” rubrikasının növbəti məqaləsini diqqətinizə təqdim edir.

(Həzrət İbrahim (I hissə) - http://az.islam.az/article/a-703.html)

İbrahimi Nəmrudun hüzuruna gətirdilər. Nəmrud ondan soruşdu:

- Sən nə ixtiyarla məni tanrı hesab etmirsən, başqa bir tanrıya inanırsan?!

İbrahim cavab verdi:

- Sən tanrı deyil, adi bir insansan. Sənin özünü Allah yaradıb. O, istədiyi zaman səni öldürəcək.

Nəmrud qəzəblənib əmr etdi ki, böyük bir tonqal qalayıb, İbrahimi onun içinə atsınlar. Tez odun toplayıb iri tonqal qaladılar. Alovun dilləri lap yüksəyə qalxmışdı. İbrahimi hündür bir yerə qaldırıb, oradan düz tonqalın içinə tulladılar.

Hamı gözləyirdi ki, İbrahim yanıb məhv olacaq. Amma belə olmadı, möcüzə baş verdi. Tonqal əvvəlki kimi alovlansa da, İbrahimə heç bir zərər yetirmədi. Allah-təala Həzrət İbrahimi alovun içində qoruyub salamat saxladı.

Nəmrud qorxuya düşüb İbrahimi buraxdı. Amma ona tapşırdı ki, tez ölkədən çıxıb getsin. Həzrət İbrahim öz ailəsi ilə birlikdə Vətənini tərk edib,  əvvəlcə Misir ölkəsinə getdi.  Orada bir müddət qaldıqdan sonra Fələstinə gəlib yaşamağa başladı.

Özünü tanrı elan edən Nəmrud isə tezliklə Allahın bəlasına tuş gəldi. Allahın əmri ilə xırda bir ağcaqanad onun burnundan girib beynini dişləməyə başladı. Nəmrudun başında dözülməz ağrılar başladı. Heç bir müalicə fayda vermədi. Nəmrud ağrılara dözməyib öldü. Cah-cəlallı padşah xırda bir ağca-qanadın qurbanı oldu.

İbrahim peyğəmbərin çoxlu möcüzələri var idi. Onun möcüzələrindən biri ilə artıq tanış olmuşuq: Həzrət İbrahimi tonqala atsalar da, alov ona təsir et-mədi. İbrahim peyğəmbərin daha bir möcüzəsi də ölü heyvanları diriltməsi idi. Həmin hadisə belə baş vermişdi:

Həzrət İbrahim bilirdi ki, bu dünyanın sonunda qiyamət günü olacaq. Yəni dünyanın axırında Allah bütün ölüləri dirildəcək. Bundan sonra məhşər adlı böyük məhkəmə başlayacaq. Hər kəsin həyatı boyu etdiyi bütün işlərə qiymət veriləcək. Yaxşı adamları cənnətə aparacaqlar, pis adamlar isə cəhənnəmə düşəcəklər.

İbrahim peyğəmbər boş vaxtlarında tez-tez qiyamət günü barəsində düşünürdü. Bir gün o, yenə dərin düşüncələrə daldı. Fikirləşdi ki, görəsən, qiyamət günündə ölülər necə diriləcək? Bu zaman Allah-təaladan bir səs eşitdi: “İbrahim! Olmaya qiyamət gününə inanmırsan?”

İbrahim cavab verdi: “Mən qiyamətə inanıram. Amma indiyədək  ölülərin  dirilməsini görməmişəm.  Ona görə də  bu işin necə baş verdiyini təsəvvür edə bilmirəm”.

Allahdan vəhy gəldi: “İndi mən sənə ölülərin necə dirilməsini göstərəcəyəm. Ey İbrahim, dörd quş tut, bədənlərini tikə-tikə doğra. Sonra bu tikələri qarışdırıb, dörd hissəyə ayır. Hər hissəni apar, bir təpənin üstünə qoy. Özün uzaqda durub, quşları yanına çağır. O zaman möcüzə görəcəksən”.

İbrahim deyilən kimi etdi. Dörd quşu parça-parça doğrayıb ətlərini qarışdırdı. Sonra bu ətləri dörd hissəyə ayırdı, hərəsini bir təpənin başına qoydu. Heç bir təpənin üstündəki ətlər eyni quşunku deyildi. Məsələn, hər quşun başı bir təpənin, quyruğu o biri təpənin, qanadları isə başqa təpənin üstündə idi.

İbrahim peyğəmbər özü bir qədər kənara çəkildi. Sonra dörd quşun hərəsini öz adı ilə çağırıb dedi: “Tez mənim yanıma uçub gəlin!”

Söz İbrahimin ağzından qurtarmamışdı ki, təpələrin üstündəki ət parçaları havaya qalxdı. Hər quşun tikələri havada bir-birinə bitişdi. Quşların dördü də bütöv və diri halda uçub, İbrahimin yanında yerə qondu.

Həzrət İbrahim bu möcüzəni görəndə Allaha şükr etdi: “Ey Allah! Həqiqətən, Sən hər şeyə qadirsən. Daha mənim qiyamət gününə şəkk-şübhəm qalmadı”.

Əziz uşaqlar!

Həzrət İbrahim peyğəmbərlərin içində seçilmişlərdəndir. Allah-təala onu “dostum” adlandırırdı. İbrahim peyğəmbərin ləqəbi “Xəlilullah” (Allahın dostu) idi. İbrahim peyğəmbər ömrü boyu bütpərəstliklə mübarizə aparır, insanları yeganə Allaha pərəstiş etməyə çağırırdı. İbrahimi həm də “peyğəmbərlərin atası” adlandırırlar. Çünki onun iki oğlu - Həzrət İsmayıl və Həzrət İshaq peyğəmbər idilər. Bütün sonrakı peyğəmbərlər də Həzrət İsmayılla İshaqın nəslindəndirlər.



Yerləşdirilib:28 Fevral, 2015, Baxılıb:5142, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com