Bidəti necə tanıyaq?

(birinci hissə)

Bidətin ən əsas cəhəti – Allaha aid edilməsidir. Yəni hər hansı əməl, ideya və ya söz əgər Allaha (və ya onun dinini bəyan edən müqəddəslərə) aid edilirsə, bununla belə, əslində onlara aid deyilsə, bidət sayılır. Bu isə iki yolla mümkündür: ya dində olmayan bir məsələni dinə əlavə etməklə, ya da dində olan bir məsələni inkar etməklə.

Qurani-kərimin bəzi ayələri də bu fikri təsdiq edir. Məsələn, Quranda xristianların rahiblik (tərki-dünya həyat tərzi sürüb ailə qurmadan özünü ibadətə həsr etmək) bidətini yaratmaları ilə bağlı buyurulur: “...Onlar özlərindən rahiblik icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir” (Hədid, 27).

Ayədən məlum olur ki, xristianlar Allahın razılığını qazanmaq naminə özlərindən rahiblik yaratmışlar; bir halda ki, Allah rahibliyi onlara vacib etməmişdi. Diqqətçəkici cəhət budur ki, ayədə məhz “bidət” kökündən qaynaqlanan “ibtədəuha” kəlməsi işlədilib.

Bu ayədən rahiblik misalında bidətin aşağıdakı əsas xüsusiyyətlərini öyrənirik:

1. İnsanlar tərəfindən icad edilmişdir.

2. Allah tərəfindən buyurulmamışdır.

3. Allahın razılığını qazanmaq naminə, yəni din adına icad edilmişdir.

Quran diqqətimizi xristianların yaratdığı daha bir bidətə doğru yönəldir: “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!” (Tövbə, 31).

Digər bir ayədə Allah-təala ilahi vəhyi təhrif edib, Tövratı öz istədikləri şəklə salan, yazdıqları kitabı “Allah tərəfindəndir” deyə təqdim edən və hətta bunun əvəzində muzd alan yəhudilərdən danışır (Bəqərə, 79).

Qurani-kərimin başqa bir ayəsində Allah-təala Həzrət Mühəmməd Peyğəmbərə (s) buyurur ki, müşriklərin puç iddialarının müqabilində belə söyləsin: “De: “Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?” (Yunis, 59). Bu ayədən də məlum olur ki, müşriklər Allahın nemətlərini öz istəkləri əsasında halal və haram növlərə ayırır, amma bunu Allahın adından edirdilər (Allahın izni olmadan, Allaha iftira ataraq).

Diqqət yetirilməli məqam budur ki, əgər müşriklər hər hansı neməti özlərinə haram bilərkən bunu Allaha aid etməsəydilər, günah qazanmaz və məzəmmətə hədəf olmazdılar. Məsələn, hər kəs istədiyi qidanı yemək və istəmədiyini yeməmək ixtiyarına malikdir. Fərz edək ki, bir şəxs öz zövqünə, sağlamlıq vəziyyətinə, maddi durumuna uyğun olaraq hər hansı qidanı yeməkdən imtina edir və ömrü boyu o qidaya yaxın durmur. Amma bunu Allahın hökmünü icra etmək adı altında həyata keçirmir, bu qadağanın Allah tərəfindən verildiyini iddia etmir. Bu halda onun hərəkəti bidət sayılmaz və günah olmaz. Lakin əgər bunu əsassız olaraq Allahın adından təqdim edərsə və sübut edə bilməzsə, bidətə imza atmış olar.

Beləliklə, deyilənləri ümumiləşdirərək bu nəticəyə gəlirik: Bidətin əsas fərqləndirici cəhəti din daxilində, din adından həyata keçirilməsi və dinə dəyişiklik gətirməsidir. Əgər hər hansı dəyişikliyin mövzusu dindən kənardırsa, bu, bidət sayıla bilməz. Hətta bu dəyişiklik haram və günah olsa belə, bidət sayılmaz. Məsələn, toy məclislərində qadınlarla kişilərin bərabər iştirak etməsi son onilliklərdə meydana çıxmış haldır. Şəriət baxımından günah olsa belə, bunu bidət saya bilmərik. Çünki bunu edənlər din pərdəsi altında özlərinə bəhanə uydurmurlar. Bu hal haram bir yenilikdir, amma terminoloji mənada “bidət” adlandırıla bilməz.

islam.az

Yerləşdirilib:23 Fevral, 2015, Baxılıb:4148, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com