Həzrət İbrahim (I hissə)

Hörmətli izləyicilər! İslam.az “Uşaqlarınıza oxuyun” rubrikasının növbəti məqaləsini diqqətinizə təqdim edir.

Əziz uşaqlar!

İndi də gəlin, ikinci ülul-əzm peyğəmbərin haqqında məlumat alaq. Həzrət Nuhdan sonrakı peyğəmbərlər onun qoyduğu yolla getdilər. Allah onlara yeni şəriət hökmləri öyrətməmişdi. Bu vəziyyət Həzrət İbrahim peyğəmbərin dövrünə kimi davam etdi.

İbrahim qədim Babilistan torpağında doğuldu. Burada Nəmrud adlı zalım bir padşah hökm sürürdü. Nəmrud elə azğınlaşmışdı ki, hətta özünü tanrı adlandırırdı. Camaatdan tələb edirdi ki, Allaha deyil, ona sitayiş etsinlər.

Bir gecə Nəmrud yuxuda gördü ki, onun padşahlığını əlindən alıblar. O, öz yuxusunu yuxuyozanlara danışdı. Yuxuyozanlar dedilər: “Bu yuxunun mənası budur ki, yaxın vaxtlarda bir nəfər oğlan sənin axırına çıxacaq”.

Nəmrud qorxuya düşüb əmr verdi ki, bütün ölkədə yeni doğulan körpələri öldürsünlər. Əsgərlər evbəev gəzib, körpələri tapır və öldürürdülər. Qısa müddət ərzində minlərlə günahsız uşaq öldürüldü.

Həzrət İbrahimin anası gizlicə bir mağaraya gedib orada körpəni dünyaya gətirdi. İbrahimi mağarada saxlayıb hamının gözündən gizli şəkildə böyütməyə başladı.

İbrahim böyüyəndən sonra yenə şəhərə qayıtdı. Çünki yaşca böyük adamları öldürmürdülər. Allah-təala İbrahimə peyğəmbərlik verdi. İbrahim əvvəlcə gizli, sonra isə açıq şəkildə Allahın dinini təbliğ et¬məyə başladı.

Həzrət İbrahimin əmisi Azər bütpərəst idi. İbrahim tez-tez əmisi ilə mübahisə edirdi. Ona başa salmağa çalışırdı ki, bütlərə pərəstiş etmək mənasız işdir. Amma nə Azər, nə də başqa bütpərəstlər İbrahimin sözlərini qəbul etmirdilər.

İbrahimin yaşadığı şəhərin əhalisinin öz adət-ənənələri var idi. Məsələn, bayram günlərində sübh tezdən hamı şəhərdən çıxırdı. Camaat şəhər kənarında toplanıb şənlik edir, axşam hərə öz evinə dönürdü.

Bayram günlərinin birində yenə şəhər tamamilə boşaldı. Təkcə İbrahim şəhərdən çıxmadı. O, həmin gün fürsətdən istifadə edib, bütlərin qoyulduğu yerə gəldi. Baltanı götürüb bütün bütləri sındırdı, yalnız ən böyük bütü salamat saxladı. İbrahim axırda baltanın dəstəsinə ip keçirib, onu böyük bütün boy-nundan asdı, özü isə evə qayıtdı.

Adamlar bayramdan  qayıdanda  gördülər  ki,  bütlərin birindən başqa hamısı sındırılıb. Onlar bütləri sındıran şəxsi axtarmağa başladılar. Bu zaman yadlarına düşdü ki, bayram zamanı şəhərdə yalnız İbrahim qalmışdı. Deməli, bütləri də elə o sındırıb.

Qəzəblənmiş insanlar İbrahimi tutub dedilər:

- Sən bizim tanrılarımızı təhqir etmisən. Ona görə də səni cəzalandıracağıq!

İbrahim söylədi:

- Sizin bütlərinizi mən sındırmamışam. Məgər görmürsünüz ki, balta böyük bütün boynundan asılıb? Bütləri sındıran da elə həmin böyük bütdür. Böyük büt çoxdan o biri bütləri öldürmək istəyirdi. Siz şəhərdən çıxan kimi o, baltanı götürüb qalan bütlərlə vuruşdu və onların hamısını öldürdü.

Adamlar İbrahimə cavab verdilər:

- Sən bizi aldatma! Bütlər necə bir-biri ilə savaşa bilərlər? Axı onlar cansızdırlar!

Onda İbrahim söylədi:

- Əgər bu bütlər cansızdırlarsa, niyə onlara sitayiş edirsiniz? Bütlərdən əl çəkin, Allaha iman gətirin! Əgər bu bütlər özlərini müdafiə edə bilmirlərsə, sizi necə təhlükədən qoruya bilərlər?!

İbrahimin bu sözlərindən sonra hamı başa düşdü ki, bütləri o sındırıb. Tez Nəmruda xəbər verdilər ki, cinayətkarı tapmışıq. Nəmrud əmr verdi:

- Onu mənim hüzuruma gətirin. Mən özüm onu mühakimə edib cəzalandıracağam!

islam.az

Yerləşdirilib:18 Fevral, 2015, Baxılıb:5198, Çap
 

Son şərhlər : 2
Müəllif: feyza | 14 Mart, 2015  09:52
# Ответить
-1


]]>]]>

bes bunun ardi yoxdu?
Müəllif: Kerbelayi | 26 Mart, 2015  05:59
# Ответить
-1


]]>]]>

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com