Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət

Osman Qazinin gərgin səyləri nəticəsində yaradılmış Osmanlı dövləti qısa müddət ərzində inkişaf edərək 3 qitəni öz kolgəsi altına almış və altı əsr boyunca şərəflə yaşamışdır.

Əlbəttə, bu böyük dövlətin son dərəcə ehtişamlı və uzunömürlü olmasının çoxlu maddi və mənəvi səbəbləri vardır. Bunların ən mühümlərindən biri də, heç şübhəsiz, qeyri-müsəlman təbəqəyə qarşı münasibətlərdə həyata keçirilən və İslamın özündən qaynaqlanan cahanşümul ədalət və nizam-intizamdır. Bu səbəbdəndir ki, yüz illər boyu Osmanlı bayrağı altında birləşən millətlərin heç biri öz mənliyindən və dini həyatından qoparılmamış, hər xalq öz xüsusiyyətlərini çox rahat bir şəkildə mühafizə edə bilmişdir.

Tarix şahiddir ki, Osmanlı dövlətində varlı və kasıb, şah və kəndli eyni haqqa sahib idi. Qeyri-müsəlmanlar isə dövlətə Allah tərəfindən əmanət verilmiş, qorunmağa möhtac olan kimsələr hesab edildiklərindən, onların hüquqlarına daha çox riayət edilirdi. Osmanlıların bu ədalətinə görə xristianlar onlara aşiq olmuşdular. Xüsusilə, Avropadakı fəthlərin sürətlə genişlənməsinə Osmanlı ədaləti daha çox təsir göstərmişdir. Hətta Konstantinopol Osmanlılar tərəfindən mühasirə edildiyi zaman Romadan yardım istənilməsi təklifinə qarşı Bizans əsilzadələrindon olan Notarasın dediyi sözlər tarixdə çox məşhurdur: "Konstantinopolda kardinal şapkası görməkdənsə, türk çalmasını görməyi daha üstün tuturam".

Heç şübhəsiz ki, Notarasın bu cümləsi Osmanlıların Həzrəti Peyğəmbərdən (s.ə.s.) əxz etdiikləri bənzərsiz İslam ədalətindən qaynaqlanırdı. 1789-cu il Böyük Fransa İnqilabının ideoloci rəhbərlərindən biri olan filosof Lafayet məşhur "İnsan haqları bəyannaməsi"ni hazırlayarkən bütün hüquq sistemlərini tədqiq etmiş, İslam hüquq məktəbinin üstünlüyünü görərək söyləmişdi: "Ey Muhəmməd! Ədaləti həyata keçirmək sayəsində sənin çatdığın səviyyə nə qədər bənzərsiz və möhtəşəmdir!"

Həzrəti Muhəmməd Peyğəmbərin (s) tapşırıqlarına tam ciddiliklə riayət edən Osmanlılar da ondan ilhamlanaraq dünyaya ədalətin zövqünü dadızdırmış, xalq arasında əmin-amanlıq və asayiş yaratmışlar. İnsanlıq, haqq və ədalət məfhumlarına ehtiram və riayət etdiyinə görə Osmanlı sultanı Süleyman Qanuniyə "Möhtəşəm Süleyman" ləqəbini müsəlmanlar deyil, məhz fransızlar vermişdilər. Bu onu göstərir ki, Osmanlılar "mülkün təməli ədalətdir" prinsipini dünyaya ən gözəl şəkildə bəyan etmişlər. Vaxtilə Polşada belə bir misal deyilirdi: "Osmanlı əsgərlərinin atları Vistul çayından su içmədikcə, Polşanın azadlıq və istiqlal qazanması mümkün olmayacaqdır". Osmanlılar fəth etdikləri xristian məmləkətlərində xalqı aclıq və yoxsulluqdan xilas edir, ailə başçısını itirmiş dul qadınları ehtiyacdan qurtarır, kasıbları yemək, geyim və yaşayış yeri ilə təmin edirdilər. Osmanlıların məqsədi yalnız cahangirlik və hakimiyyət qazanmaqdan ibarət olmamışdır. Hələ Osmanlı dövlətinin təşəkkül etdiyi illərdə onun mənəvi rəhbərliyini həyata keçirmiş Şeyx Ədəbalı həzrətləri Osmanlı imperiyasının başçısı Osman Qaziyə və onun şəxsində bütün Osmanlı sultanlarına xitabən belə nəsihət edirdi:

"Oğul! Hədər yerə qan tökülməz. Qan torpağı sulamaq üçün axıdılmaz. Savaşı sevmirəm, qan axıdılmasını xoşlamıram. Bilirəm ki, bəzən hökmü qılınc verməlidir. Lakin qılınc öldürmək üçün deyil, yaşatmaq üçün qalxıb-enməlidir. Hökmdar məmləkətdən ayrı deyildir. Müharibə yalnız hökmdardan ötrü aparılmaz".

Öz növbəsində Osman Qazi bu nəsihətdən bəhrələnərək ölüm ayağında ikən oğlu Orxan Qaziyə belə vəsiyyət etmişdi: "Bunu bil ki, bizim apardığımız dava quru bir rəqabət və cahangirlik üzündən aparılmır. Bizim məqsədimiz Allahın dinini ucaltmaqdır".

Məşhur şərqşünas Gibbons Osmanlı sultanı II Murad haqqında yazırdı: "Sultan Murad Bizans kilsə xadimlərinin gözündə İsanın düşməni sayılsa da, xristianlarla münasibətdə Roma papasından daha mərhəmətli idi. O, Allahdan qorxan, ağıllı və təmkinli bir adam idi, məğlub etdiyi tərəfə qarşı insafla davranırdı".

Osmanlı Sultanı İldırım Bəyazid Niğbolu doyüşündə qalib gələrək bir neçə xristian zadəganını əsir almışdı. Əsirlərin arasında məşhur fransız cəngavəri, "qorxusuz" ləqəbli Şevalye Can da var idi. Əsirlər xilas olmaları üçün bir miqdar pul (fidyə) ödədikdən sonra Sultan onları azad etdi. Hətta əsirlər öz ölkələrinə döndükləri gün Osmanlılar onlar üçün ziyafət təşkil etdilər. Bütün xristian cəngavərlər Sultanın bu insanpərvər münasibətini müharibələrdə əsir düşmüş müsəlmanlara qarşı xristianların vəhşi rəftarı ilə müqayisə edərək heyrət içində söylədilər: "Bu andan etibarən öz namus və şərəfimizə and içirik ki, bir daha Anadolu və Rum elinin xaqanı İldırım Bəyazidə qarşı silah qaldırmayacağıq!"

Qeyd etmək yerinə düşər ki, yalnız əsir düşmüş xristian cəngavərlər deyil, bütün xristian dünyası Osmanlıların ədaləti qarşısında heyran qalmışlar. Vaxtilə çoxları kimi Saloniki yepiskopu da Sultan Bəyazidi dəvət etmişdi ki, qoşun çəkərək həmin məmləkəti fəth etsin və oranın əhalisini zülmdən qurtarsın. Osmanlıların Yunanıstanı fəth etmələrinin səbəbi də elə bundan ibarət idi.

Sultan II Murad oğlu Sultan Məhəmməd Fatehə nəsihətində həmin dünyagörüşünü işıqlandırırdı:

"Oğlum, unutma ki, əcdadlarımızın böyük zəfərləri zahirən qılınc kölgəsində baş vermişsə də, əslində ağıl, məntiq və məhəbbət nəticəsində həyata keçmişdir. Oğlum, bir an da olsa ədaləti unutma! Çünki uca Allah adildir və ədalətliləri sevir! O, sənə lütf edərək səni öz bəndələrinə başçı təyin etmişdir; bunu heç vaxt unutma!"

...İstanbulu fəth etdikdən sonra Sultan Məhəmməd Fateh öz vəzifəsini düzgün yerinə yetirməyən bir xristian memarın əlinin kəsilməsini əmr etmişdi. İstanbul qazisi Xızır bəy Sultanın yaxın dostu idi və onun tərəfindən İstanbul qaziliyinə təyin edilmişdi. Əli kəsilmiş xristian memar qazinin yanına gedib Sultandan şikayət edir. Qazi şikayətlə əlaqədar məhkəmə işini başlayıb hər iki tərəfi məhkəməyə dəvət edir. O zaman Osmanlı hökmdarına rəsmi şəkildə "Sultan ibn Sultan Qazi Əbu'l-Fəth Məhəmməd Xan Sani" deyə müraciət edirdilər. Lakin qazi Xızır bəy təmtəraqlı müraciət formasına əhəmiyyət verməyərək Sultanı adi bir rəiyyət kimi məhkəməyə çağırır: "Murad oğlu Məhəmməd, filan vaxtda məhkəməyə gəl".

Sultan adi bir vətəndaş kimi məhkəmə otağına gəlib müttəhimlər kürsüsündə oturur. Məhkəmə qaydasına görə ifadə verənlər ayaq üstə durmalı idilər. Sultanın oturduğunu görən Xızır bəy ona müraciət edir: "Məhkəmə qarşısındasan, ayağa qalx!"

Sultan Fateh qazinin əmrinə itaət edib ifadə vermək üçün ayağa qalxır. Qazi Xızır bəy məsələni araşdıraraq Sultanı müqəssir, şikayətçi xristian memarı isə haqlı sayan hökm çıxarır. İslam qanunlarına görə, əli kəsilən şəxs qarşı tərəfin əlinin kəsilməsini tələb edə bilər. Lakin tərəflər arasında razılaşma əldə edilərsə, cinayətkar şəxs qolunun kəsilməməsi xatirinə tələbkar tərəfə müəyyən miqdarda pul da ödəyə bilər (buna "diyə" deyilir; tələbkar tərəf diyəni qəbul etməkdən imtina edərsə, cinayətkarın qolu mütləq kəsilməlidir).

Qazi həmin şəriət hökmünü əldə əsas tutaraq Sultanın əlinin kəsilməsinə hökm verir. Böyük bir imperiyanın başçısı olan Sultan Məhəmməd Fateh heç bir etiraz etməyərək qərarla razılaşır və "hökm şəriətə məxsusdur" - söyləyir.

Xristian memar Sultanın bu ədalətindən heyrətə gələrək göz yaşları içində belə deyir: "Mən öz haqqımdan keçdim, diyəni qəbul edirəm, qoy Sultanın əli salamat qalsın".

Sultan Fateh memarın xeyirxahlığı müqabilində diyənin miqdarından qat-qat dəyərli olan bir malikanəni ona bağışlayır. Xristian memar isə bu ədaləti seyr edərək sonda öz qəlbinin hökmünü dilə gətirir: "Dünyada belə bir ədalətə heç bir yerdə rast gəlmək olmaz. Həqiqətən, İslam ədalət dinidir. Mən də bu andan etibarən müsəlmanlığı qəbul edirəm". Beləliklə, hökmdarın ədaləti daha bir xristianın kəlmeyi-şəhadət gətirərək İslamı qəbul etməsinə səbəb olur.

Tarixdən məlumdur ki, Sultan Məhəmməd Qanuni Macarıstan kralını və şahzadələrini Avstriya əsirliyindən, Fransa kralını isə alman imperatoru Şarlkenin həbsxanasından xilas etmiş, öz ölkələrinə qaytararaq hakimiyyətə qayıtmalarına şərait yaratmışdı. Halbuki, adı çəkilən alman imperatoru Şarlken Roma papasını əsir tutarkən yalnız çox böyük miqdarda pul aldıqdan sonra azad etmiş, papalığa tabe olan şəhərləri talan etmişdi. O, hətta atlara keşiş qiyafəsi geyindirərək kilsələrdə kürsülərə oturtmuş, müqəddəs kilsələrdə olmazın cinayətlər və əxlaqsızlıqlar törətmişdi.

Osmanlı imperiyasında qeyri-müsəlmanlar arasında baş vermiş ixtilaflı məsələlər onların mənsub olduqları dini qanunlar əsasında həll edilirdi. Əlbəttə, əgər qeyri-müsəlman şəxs hər hansı müsəlmana qarşı cinayət törətsəydi, məsələyə İslam məhkəməsində baxılırdı.

Bu gün BMT başqa mədəniyyətlərə səbirlə yanaşmağı demokratiya və sivilizasiyanın şərti hesab etməkdədir. Osmanlılar 600 il bundan öncə həmin prinsiplərə riayət edirdilər.

Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Sultan II Əbdülhəmidin 1880-cı illərdə İstanbulda tikdirdiyi "Daru'l-Acəzə" adlı qocalar evində məscidlə yanaşı həm kilsə, həm də yəhudi sinaqoqu mövcud idi.



Osmanlı imperiyasının 625 illik hakimiyyət dovrünün müxtəlif mərhələlərində əhatə etdiyi ölkələr bunlar olmuşdur:

Bolqarıstan, Yunanıstan, Krit, Egey adaları, Albaniya, Yuqoslaviya, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Qərbi Rusiya, Belarus, Cənubi Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Kipr, Suriya, Livan, Fələstin, İordaniya, İraq, Ərəbistan, Yəmən, Qatar, Bəhreyn, Küveyt, Ərəb Əmirlikləri, Şərqi Türküstan, İndoneziya, Malaziya, Sinqapur, Hindistan, Pakistan, Misir, Sudan, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Mavritaniya, Niger, Çad, Seneqal, Nigeriya, Kamerun, Qambiya, Qvineya, Bruney, Uqanda, Efiopiya, Cibuti, Somali, Oman, Zəngibar, Tanzaniya, Keniya və Mozambik.




Dr. Əlican Tatlı,
Mərmərə Universiteti İlahiyyat fakültəsinin professoru


Yerləşdirilib:12 İyun, 2008, Baxılıb:4290, Çap
 

Son şərhlər : 1
Müəllif: hmmm | 1 Avqust, 2017  23:11
# Ответить
0


]]>]]>

"Həzrəti Muhəmməd Peyğəmbərin (s) tapşırıqlarına tam ciddiliklə riayət edən Osmanlılar.." heqiqeten bele olubmu?? Nese inanmagim gelmir.Mence burada tam duzgun melumat verilmeyib.Osmanlida shielere olan munasibetler haqda da yazin.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com