Dünyəvi təhsil sistemində dini tədris

Ən adi araşdırma göstərir ki, orta məktəblərdə İslam əsaslarının tədrisi nə demokratiyanın, nə də dünyəvilik prinsipinin ziddinə deyil.
‘‘Orta məktəblərdə dini dərsləri tədris edək, ya etməyək?’’ - bu sual son zamanlar həm müvafiq dövlət qurumları, həm ictimai təşkilatlar, həm də bir sıra kütləvi-informasiya vasitələrində tez-tez müzakirə obyektinə səbəb olan mövzulardan birinə çevrilmişdir. Məsələnin ciddiliyi həm də onunla müəyyən olunur ki, bu mövzuya müxtəlif konfras iştirakçılarından tutmuş, təhsil naziri və hətta prezidentədək hər bir şəxs öz çıxışlarında kifayət qədər yer ayırmışdır.

Dövlətçilik baxımından

Hər şey Azərbaycanın dövlət müstəqilliyi qazanmasından başladı. Köhnə siyasi sistem ilə birgə ideoloji sistem, eyni zamanda həmin sistemə müvafiq yetişdirilmiş dəyərlər də dağılıb getdi.
Yeni yaradılan və dövlətçiliyi yenidən qurulan bir respublika üçün iqtisadi və siyasi problemlərin həlli nə qədər vacib idisə, mə’nəvi və ən əsası, ideoloji problemlərin həlli də bir o qədər əhəmiyyət kəsb etməyə başladı. SSRİ-nin və kommunist ideologiyasının süqutu nəticəsində baş vermiş ideoloji plüralizm respublika vətəndaşlarının dini dəyərləri azad surətdə mənimsəməsi və öz dini inanclarını realizə etməsi üçün əlverişli zəmin yaratdı. Lakin təəssüf ki, müstəqillik qazandıqdan dərhal conra Azərbaycanı bürümüş siyasi hadisələr burulğanı ictimai və siyasi həyatın bu ən mühüm sahəsini ümumi diqqət mərkəzindən kənarda qoymuş oldu. Nəticələr üzünü çox gözlətmədi: sonradan aparılmış tədqiqatlar göstərir ki, 1991-ci ildən sonrakı qısa bir zaman içərisində respublikada onlarla dini-təriqətçi təşkilat yaradılmış, burada xaricdən istiqamətlənən çoxlu sayda təriqətçi-missioner qrupları nüfuz etmişdir.
Bu gün respublika vətəndaşları üçün Azərbaycanda qeyri-ən’ənəvi təriqət sayıla biləcək 20-yə yaxın xristian missioner təşkilatının, krişnaçıların, bəhailərin, son illərin xofuna çevrilmiş vəhhabilərin, şeytançıların və daha kimlərin mövcudluğu haqqında xəbər, yenilik deyildir. Yüzlər və minlərlə gəncimizin bu yeni din və təriqətlərə üz tutması ictimaiyyətin ümumi narazılığına səbəb olur və haqlı olaraq bu faktlarda dövlət müstəqilliyimizin gələcəyi üçün təhlükə görürlər. Bir çoxları by ‘‘biabırçılığa’’ dərhal son qoymağa çağırır. Lakin çox az adam buna yalnız inzibati yollar və çağırışlarla nail olmağın qeyri-mümkünlüyünü başa düşür. Bu gün açıq surətdə e’tiraf etmək lazımdır ki, məhz dövlət tərəfindən Azərbaycan xalqının milli tarixi, spesifik xüsusiyyətlərini nəzərə alaraq işlənib hazırlanmış dini siyasət konsepsiyası olmayanadək ictimayi və siyasi həyatımızın dini sahəsindəki xaos davam edəcək və partlayış müəyyən zamana hesablanmış ‘‘ləngidilmiş bomba’’ effektini özündə daşıyacaqdır. Bu gün tam açıqlığı ilə dərk etmək lazımdır ki, ‘‘din dovlətdən ayrıdır’’ şüarını bayraq edərək dini sahədəki ‘‘de-fakto’’ statusunu qorumağa çalışmaq, onu cəmiyyətdən təcrid etməyə cəhd etmək son nəticədə oz içimizdə tamamilə başqa cür düşünən, ‘‘başqa dildə danışan’’ bir təbəqənin formalaşmasına, inkişafına və aydındır ki, son nəticədə özümüzə qarşı çıxmasına səbəb olacaqdır.
Aydındır ki, ‘‘müqəddəs yer boş qalmaz’’. Bu gün öz dini bilgilərə olan ehtiyacını ödəmək istəyən, ruhi və mə’nəvi axtarışda olan gəncə cəmiyyət onu qane edə biləcək bir şey verə bilməsə həmin gənc bunu kənarda axtaracaq və bu zaman missioner və ya təriqətçi (dinindən asılı olmayaraq) torundan qaçmaq onun üçün çox çətin olacaqdır. Biz isə ‘‘daha bir gəncimiz satıldı’’ deyə, yalançı ‘‘hiddətimizi’’ bildirməklə kifayətlənəcəyik. Qısası, demək istədiyimiz budur - yalançı və yabancı dini ideoloji tə’sirlərdən gənclərimizi və yeniyetmələrimizi qorumağın ən optimal və bəlkə də yeganə yolu onların vaxtında düzgün, təhrif olunmamış dini bilgilərlə maarifləndirilməsi, təbii olaraq yaranan marağın tə’min edilməsidir.
Bu maarifləndirmə sistemli və kütləvi şəkildə həyata keçirilməlidir. Aydındır ki, bunun ən uyğun və yeganə mümkün yolu təhsil sistemi vasitəsilə dini bilgilərin tədris edilməsidir.

Dini tədris bizə nə verəcək?

Orta məktəblərdən başlayaraq uşaq və yeniyetmələrə, ali məktəblərdə isə gənclərə dinin əsaslarının (aydındır ki, burada söhbət azərbaycanlılar üçün ən’ənəvi olan İslam dinindən gedə bilər) tədris olunması cəmiyyətə nə verə bilər?
Biz ən ümumi cavabları verəcəyik:

1. Orta məktəblərdən başlayaraq uşaq və yeniyetmələrə İslam dini olduğu kimi, təhrif olunmadan öyrədilərsə, bu ilk növbədə sabahkı vətəndaşlarımızı xaricdən nüfuz etmiş yalançı ideologiyalardan qoruyar, dini emissarların vasitəsilə hansısa xarici siyasi qüvvələrin əlində tə’sir vasitəsinə çevrilməsinə imkan verməz. Bu metoda beynəlxalq təcrübədə ‘‘ideoloji imunitet’’ də deyirlər.
Qeyd edək ki, müxtəlif təriqətçi təşkilatlara cəlb olunmuş gənclər çoxt vaxt bunun səbəbini İslam haqqında kifayət qədər bilgilərinin olmaması ilə izah edirlər.
2. Dini mə’lumatlara olan marağını, ruhi axtarış tələbatını tə’min etmək məqsədilə məktəbdən kənar yerlərə üz tutaraq bə’zən cahil din xadimlərinin tə’sirinə düşən, nəticədə cəmiyyətdən təcrid olunmuş fanatiklər həddinə çatan gəncləri xurafatçılıq və mövhumatçılıqdan qurtarmış olar. Belə ki, yeniyetmələr təhsil aldığı məktəbdə kifayət qədər dini mə’lumat alsalar, kənara üz tutmağa, təbii ki, ehtiyac qalmaz.
Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, məktəblərdə tədris dövlətin öz əlində olduğu üçün İslamın məhz xurafat və mövhumatdan uzaq şəkildə tədris edilməsinə zəmanət daha güclüdür.
3. Milli ideologiyanın məhz milli mə’nəvi dəyərlər əsasında formalaşmasında, daha stabil və zəmanətli mə’nəvi dəyər və kriteriyaların yaranmasında dini tədrisin rolu əvəzsizdir.
4. Müasir dövrün çətin şəraitində yaranmış narkomaniya, cinayətkarlıq, əyyaşlıq, pozğunluk, mə’nəvi düşkünlük kimi əsrin bəlalarına qarşı ən e’tibarlı silah əldə etmiş olarıq. Bu gün bütün dünya iman və inamın ruhi uçurumdan yeganə xilas vasitəsi olduğunu artıq dərk etmişdir.
Bu siyahını istənilən qədər uzatmaq olar. Lakin buna imkan yoxdur. Bircə onu deyək ki, gənclərimizdə düzgün dini tədris: məzhəbçiliyin ardan götürülməsinə, kamil və sağlam əxlaqlı və cəsur, doğrucul, ədalətli və s. bu kimi xislətlərə malik şəxsiyyətlərin yetişməsinə, milli-mə’nəvi mədəniyyətin bayağı Qərb mədəniyyəti içəricində assimiliasiya olunmasının qarşısının alınmasına və başqa bu kimi problemlərə kömək edə bilər. əlbətdə, dini tədrisin tətbiq olunması məsələsi ilə əlaqədar xeyli sual da yaranmışdır.

Dini tədris tələbi dinin dövlətdən və təhsildən ayrılması prinsipinə zidd gəlmirmi?

Qətiyən. Əvvəla dünya hüquq təcrübəsində dinin təhsildən ayrı olması deyərkən söhbət dini təhsil sisteminin dünyəvi təhsil sistemindən ayrılmasından gedir. Əks halda dini təhsil müəssisələrinin mövcudluğunun özü hüquqi nonsens olardı. Bizim qaldırdığımız məsələ isə dünyəvi təhsil sistemi daxilində müəyyən saat həcmində şagirdlərə dini mə’lumatların verilməsindən ibarətdir. Bu isə mövcud Təhsil Qanununa tam uyğundur.
İkincisi, Türkiyədən tutmuş ABŞ-a, Avropadan tutmuş İsrailədək bütün inkişaf etmiş ölkələrdə də şagirdlər orta məktəblərdə dini dərslər keçirlər.
Dini tədris tələbi demokratik dövlət prinsipinə zidd deyilmi? Bu sual keçmiş sovet nomenklatura sistemindən tutmuş çinovniklərin ən çox verdiyi sualdır. Təəccüblüsü də budur ki, bu sualı məhz onlar verirlər. Lakin bilməyənlər üçün izah etməliyik ki, ‘‘demokratiya’’ əslində vətəndaşların hüquqlarının qorunması, onların iradəsinin həyata keçirilməsi deməkdir. Bu baxımdan demokratik prinsiplər dini mə’lumat almaq istəyən şagirdlər üçün şəraitin dərhal yaradılmasını tələb edir.
Dini tədris şagirdlər arasında fanatiklik və mövhumatçılıq yaratmaz ki? Əksinə, bayaq dediyimiz kimi, İslam dininin tədrisi düzgün təşkil olunarsa, bu, fanatiklik və mövhumatçılığın qarşısının alınmasında əsas tə’sir vasitəsi olar və şagirdlərdə müsbət əxlaqi keyfiyyətlərin yetişdirilməsində əvəzsiz rol oynaya bilər.

Xalqın özü İslam təhsilini istəyirmi?

1998-ci ilin aprel-may aylarında Respublika Gənclər Təşkilatları Milli Şurası və Dini Araşdırmalar Mərkəzi Bakının Yasamal rayonunun 3 məktəbində (13, 20, 173 saylı) hər birində iki sinif olmaqla cəmi 200 şagirdə ‘‘Biz İslamı örənirik’’ kitabı üzrə maraq kursu daxilində dini dərslər keçmişdir. Dərslərin keçirilməsi eksperimental xarakter daşıyaraq əsasən mövcud imkanları araşdırmaq, şagirdlərin adı çəkilən dərsə marağını və qavrama qabiliyyətlərini müəyyənləşdirmək məqsədi güdmüşdür.
Dərslərin sonuna yaxın ‘‘Biz İslamı öyrənirik’’ kitabı üzrə kurs keçən 150 şagird və onların valideynləri arasında yazılı anketlər əsasında sorğu keçirilmişdir. Anketlərdə valideynlər üçün 12, şagirdlər üçün 5 cual nəzərdə tutulmuşdur.
Bütün sualların cavablarını burada verməyin mümkün olmadığını nəzərə alaraq onlardan yalnız birini - ‘‘orta məktəblərdə ‘‘Biz İslamı öyrənirik’’ kitabı üzrə din tədrisinin keçirilməsinə necə baxırsınız?’’ sualının cavabını nəzərinizə çatdırırq.
Sorğuda iştirak edən 150 şagirtddən hamısı suala mğsbət cavab vermiş, dərslərin çox maraqlı olduğunu qeyd edərək bu tədrisə tərafdar olduqlarını bildirmişlər.
Anketlərə cavab verən 150 valideyinin 147-si də suala müsbət cavab verərək din tədrisinə tərəfdar olduqlarını bildirmişlər. Həmin 147-nəfərin 52-si isə dərslərin daha geniş və bütün siniflərdə mütəmadi olaraq məcburi fənn kimi keçirilməsinin zəruri olduğunu qeyd etmişlər. Bir çox valideynlər anketlərin arxasına ürək sözlərini yazaraq ovladlarının bu dərsi keçməyə başladıqdan sonra müsbət istiqamətdə xeyli dəyişdiklərini də vurqulamış, dərsi keçən müəllimlərə öz təşəkkürlərini bildirmişlər. Bu sorğu Azərbaycan cəmiyyətində dini və mə’nəvi biliklərə, tərbiyəyə olan ehtiyacı, bizcə çox gözəl əks etdirərək onun zəruriyyətini bir daha qeyd etmiş oldu.

İdeoloji tədbir.
Nəhayət, məqalənin sonunda bir daha qeyd etmək istərdik ki, sabahkı vətəndaş, dövlət qurucusu olacaq bugünkü yeniyetmələrin taleyinə cəmiyyət əmumilikdə məs’uldur. Mə’nəvi və əxlaqi dəyərlərdən uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan bu gənclər sabah nə dövlət, nə cəmiyyət, nə də özləri üçün heç bir fayda gətirə bilməyəcəklər. Bu gün artıq bizim nəslə ‘‘itirilmiş nəsl’’ deyənlər var, çünki bizim tərbiyə aldığımız ideoloji təfəkkür həyati ola bilmədi, yeni dövrə uyğunlaşmadı və sistemin dağılması ilə məhv olub gedən əsassız bir şeyə çevrildi. Gəlin, böyüyən bu yeni nəsli ümumiyyətlə, hər hansı ideoloji dünyagörüş, mə’nəvi prinsiplərdən məhrum halda böyütməyək. Bu gün Qərbdən tutmuş Şərqədək hər yerdə mə’nəvi əsaslara qayıdış hökm sürür, çünki mə’nəvi əsası olmayan cəmiyyət ruhsuz bədən kimi çürüməyə məhkum olunduğunu dərk edir. Gəlin, öz gələcəyimizi xilas edək. İdeoloji əsası və mə’nəvi dəyərləri olmadan yetişən və ya bu iki dayağı zərərli tə’sirlərlə formalaşan nəsil ölkəni heç bir naliyyət və yüksəlişə çatdıra bilməz. Ona görə də bu problemlərin həlli ilə bu gün nə qədər ki, gec deyil, özü də bütün qüvvələri birləşdirərək məşğul olmaq lazımdır.

 

Elçin Əsgərov


Yerləşdirilib:21 Fevral, 2006, Baxılıb:7177, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com