Həzrət Saleh

Hörmətli izləyicilər! İslam.az “Uşaqlarınıza oxuyun” rubrikasının növbəti məqaləsini diqqətinizə təqdim edir.

Ad qəbiləsi məhv olduqdan sonra başqa bir qəbilə onun torpaqlarına köçüb yaşamağa başladı. Həmin qəbilənin adı Səmud idi. Səmudlular dağları oyub mağaralar düzəldir və bu mağaralarda ömür sürürdülər. Səmudlular da bütlərə pərəstiş edirdilər. Onların arasında günah işlər çoxalmışdı.

Allah-təala Səmud qəbiləsindən Saleh adlı bir nəfəri onlara peyğəmbər seçdi. Saleh gözəl əxlaqlı, ədalətli, doğrucul adam idi, heç vaxt bütlərə pərəstiş etmirdi. Hamı onu öz halal zəhməti ilə dolanan adam kimi tanıyırdı.

Amma Saleh peyğəmbərliyə başlayıb camaatı doğru yola dəvət edən kimi ona qarşı münasibət dəyişdi. Səmud¬lular Salehi təhqir edib, ona “ağılsız” və “yalançı” dedilər. Bəziləri isə Salehə söylədilər:

- Biz gözümüzlə gördüyümüz bütlərə inanırıq. Bir halda ki, sənin Allahını görmürük, ona necə iman gətirək?

Səmudlular Saleh peyğəmbəri aciz qoymaq üçün tələb etdilər ki, onlara çox çətin bir möcüzə göstərsin. Onlar istədilər ki, Salehin duası ilə dağ yarılsın, içindən qırmızı tüklü bir dəvə çıxsın. Üstəlik, o dəvənin balası da doğulsun. Sonra səmudlular bunu da əlavə etdilər: Dəvənin südü gərək elə olsun ki, xəstə adam ondan içən kimi sağalsın!

Həzrət Saleh camaatın bəhanəsini kəsmək üçün bu çətin təklifi qəbul etdi. O, dağın qarşısında durub Allaha dua etdi. Əvvəlcə dağdan qəribə səslər gəlmə-yə başladı. Sonra dağ yarıldı, içindən qırmızı tüklü, qəşəng bir dəvə çıxdı. Dəvənin özü kimi yaraşıqlı bir balası da dünyaya gəldi.

Səmud qəbiləsinin bəzi üzvləri bu möcüzəni görəndə Allaha iman gətirib Həzrət Salehə qoşuldular. Amma camaatın əksəriyyəti yenə bütpərəst qaldı. Onlar dedilər:

- Saleh peyğəmbər deyil, mahir sehrbazdır. O, bizi sehrlə aldatmaq istəyir.

Həzrət Saleh camaata tapşırdı ki, dəvəyə və balasına ziyan toxundurmasınlar. Çünki bunlar Allahın əmanətləridir. Əgər dəvə ilə balasının başına bir iş gəlsə, Səmud qəbiləsi hamılıqla məhv olacaq.

Camaat bir müddət bu tapşırığa əməl etdi. Dəvə öz balası ilə asudə şəkildə gəzib otlayırdı. Xəstəliyi olan adamlar onun südündən içib şəfa tapırdılar.

Amma bu dəvə bütpərəst səmudlular üçün gözdağı idi. Hər dəfə onu görəndə qanları qaralırdı. Yadlarına düşürdü ki, dəvəni dağın içindən bütlər deyil, Allah çıxarıb. Buna görə də dəvəni öldürməyi qərara aldılar. Onlar bir gün dəvəni balası ilə birlikdə qəddarlıqla öldürdülər.

Həzrət Saleh məsələdən xəbərdar olanda səmudlulara söylədi:

- Sizdən əvvəl bu torpaqda Ad qəbiləsi yaşayırdı. Onlar Allaha inanmadıqları üçün məhv oldular. Siz də tezliklə onlar kimi dəhşətli bəla ilə məhv olacaqsınız.

Amma səmudlular qudurğanlıq edib dedilər:

- Ad qəbiləsi ona görə məhv oldu ki, adi evlərdə yaşayırdı. Külək əsən kimi onların evləri uçuldu, özləri də qırıldılar. Amma biz dağları oyub möhkəm mağaralar düzəldir və içində yaşayırıq. Heç bir fəlakət bizim mağaralarımızı uçura bilməz!

Səmudlular səhv edirdilər. Çünki hamıdan qüdrətli olan Allah möhkəm dağları da alt-üst etməyi bacarır.

Saleh və tərəfdarları o yerdən uzaqlaşdılar. Bundan sonra səmudluların yaşadığı ərazidə dəhşətli zəlzələ baş verdi. Böyük dağlar silkələndi, mağaralar uçuldu. Səmadan insanların başına daş yağmağa başladı. Səmudlular bu fəlakət nəticəsində məhv oldular. Həzrət Saleh isə Məkkəyə köçüb orada yaşadı.

Səmudlular özlərindən əvvəlki Ad qəbiləsinin aqibətindən ibrət almadılar. Saleh peyğəmbər onlara Ad qəbiləsini xatırlatdı ki, düz yola gəlsinlər, Allahdan qorxsunlar. Amma bunun faydası olmadı.

Əziz uşaqlar!

İnsan heç zaman tarixin ibrət dərslərini unutmamalıdır. Keçmişin səhvlərini təkrarlamamaq üçün mütləq tarixlə maraqlanmalıyıq. İmam Əli buyururdu: “Kim başqalarının başına gələn hadisələrdən ibrət götürməsə, özü çətinliklər qarşısında köməksiz qalar”.

Bütün millətlərin düşdüyü fəlakətlərin əsas səbəbi öz tarixini unutmasıdır. Siz Azərbaycan xalqını xoşbəxt gələcəyə çatdırmaq üçün mütləq dünya xalqlarının tarixini öyrənməlisiniz. Hər şeydən əvvəl öz xalqımızın yaxın və uzaq keçmişini mükəmməl bilməyiniz lazımdır.

 


Yerləşdirilib:3 Fevral, 2015, Baxılıb:5563, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com