Təvazö

Müsəlmanda olması gərəkən əxlaqi keyfiyyətlərin içində təvazökarlıq xüsusi yer tutur. Hətta təvazönü müsəlman əxlaqının əsası və özəyi hesab etmişlər.

Çünki təvazökarlıq elə keyfiyyətlərdəndir ki, həm Allahla, həm də insanlarla münasibətdə ona riayət etmək və onu pozmamaq lazımdır. Təvazökarlıq cəmiyyətdə insanların qarşılıqlı münasibətlərinə birbaşa təsir edən amillərdəndir. Təvazö hökm sürən cəmiyyətlərdə hörmət-izzət, ədalət, əmin-amanlıq, qənaət hakim olar.

İslam Peyğəmbəri buyururdu ki, “insanlar içində Allaha bəndəlik baxımından ən üstün olanı, uca məqamda olduğu halda təvazökarlıq edəndir”. Bu hədisdən aydın olur ki, əvvəla, təvazökarlıq insanın Allah yanında ucalmasının səbəblərindən biridir və hətta ibadət də təvazökarlıqla üstünlük qazanır. İkincisi, məqam baxımından uca, təkəbbürlü davranmaq baxımından imkanlı olan bir şəxsin təvazökarlıq etməsi daha çətin və daha bəyəniləndir.

Peyğəmbər əfəndimiz təvazökarlığın mühümlüyünü ifadə etmək üçün öz səhabələrinə buyurmuşdu: “Görəsən nə səbəbdən sizdə ibadətin şirinliyini görüb duya bilmirəm?” Səhabələr soruşdular ki, ibadətin şirinliyi nədədir? O həzrət cavab verdi: “Təvazökarlıqda”.

İmam Rza (ə) isə təvazökarlığa riayət etməyin ən sadə yolunu bu şəkildə tanıtdırırdı: “Təvazö odur ki, camaatla elə davranasan ki, onların da səninlə o şəkildə davranmalarını istəyirsən”.

İslam tarixi boyunca böyük alimlərimiz də Peyğəmbərdən və məsum imamlardan nümunə götürərək, öz davranışlarında təvazönü qorumuşlar. Belə alimlərdən biri də XX əsrin ən görkəmli İslam alimlərindən sayılan, Nəcəf dini elmlər mərkəzinin böyük ustadı, əslən Azərbaycandan olan mərhum Əllamə Mühəmməd Hüseyn Naxçıvani İsfahani Kompani (1878-1942) idi.

Naxçıvaninin atası imkanlı tacir idi. Ailədə yeganə övlad olduğu üçün atasının bütün mirası ona qalmışdı. Lakin o, bütün sərvətini xeyriyyə işlərinə xərcləmiş və özünə heç nə saxlamamışdı. Belə ki, hətta Nəcəfdə kirayə qaldığı evdə dünyasını dəyişmişdi.

Alim ömrünün sonuna kimi hər gün min dəfə Qədr surəsini zikr edir, hər gün İmam Əlinin (ə) hərəmində Ziyarəti-Aşura oxuyurdu. Tələbəsi mərhum Ayətullahül-üzma Behcət xatırlayırdı ki, Şeyx Məhəmməd Hüseynin şəxsiyyətində elm və irfan bərabər şəkildə cəmlənmişdi. Alimin elmi fəaliyyətini izləyənlər elə güman edirdilər ki, gecə-gündüz oxuyub-yazmaqdan, dərs deməkdən başı ayılmaz. Amma onun irfan dünyasından, ibadətindən xəbərdar olanlar elə təsəvvür edirdilər ki, bu adam ibadətdən savayı heç nəyə vaxt tapa bilməz.

Naxçıvani hətta təvazökarlıq üzündən başına kiçik əmmamə qoyurdu. Gözlərini çox zaman yerə dikərdi, hətta danışdığı adamın üzünə də çox baxmağı xoşlamazdı. Asta səslə, aramla danışardı. Bəzən tələbələri onun səsini eşitmədikləri üçün etiraz edərdilər, lakin alim öz tövrünü dəyişməzdi.

Aşağıda alimin həyatından maraqlı bir hadisənin təsvirini diqqətinizə təqdim edirik.

Tələbələrindən biri xatırlayırdı ki, bir gün Nəcəfin Hüveyş bazarında Naxçıvanini gördüm. O, əyilib yerdən soğanları yığmaqla məşğul idi, özü də bu zaman gülümsəyirdi. Mən yaxınlaşıb ona kömək etməyə başladım. Məlum oldu ki, bazardan soğan alıb aparırmış, soğanlar yerə dağılıb. Soğanları yerdən yığdıq, İsfahani onları əbasının ətəyinə doldurub getmək istəyəndə gülümsəməsinin səbəbini ondan soruşdum. Cavab verdi: “Mən Nəcəfə təzə gələndə bədəncə kök idim. İmkanlı ailədən çıxdığım üçün əlimdə bahalı təsbeh gəzdirirdim. Bir gün Həzrət Əlinin (ə) hərəmini ziyarət edərkən əlimdəki təsbehin ipi qırıldı, dənələr yerə səpələndi. Təsbeh çox bahalı idi, hər dənəsinin bir dinar qiyməti vardı. Amma əvvəla, bu pul mənim üçün xırda bir məblığ idi. Həm də kök olduğumdan, əyilib 100 dənəni bir-bir yığmağı özümə rəva görmədim. Təsbehin dənələrini heç axtarmadım, ziyarətimi başa vurub hərəmdən çıxdım... İndi qoca vaxtımda əlimdən düşən soğanları əyilib bir-bir qaldırıram. Ürəyimdə Allaha şükr edirdim ki, o zamankı kimi kök deyiləm, bədənim arıqdır və rahat hərəkət edə bilirəm. Həm də sevindim ki, o zamankı kimi sərvətim yoxdur, fəqr içində yaşayıram. Bu üzdən soğanları yığa-yığa gülümsəyirdim”.

islam.az

Yerləşdirilib:30 Yanvar, 2015, Baxılıb:3708, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com