Kəbənin ətrafında nə yerləşir?

Kəbənin şimal divarının qarşısında, Şam və İraq rüknlərinin arasında yarımdairəvi divarla əhatələnmiş əraziyə Hicri-İsmail deyilir. Divarın hündürlüyü təqribən 1,3 metrdir.

Yarımdairənin içərisi mərmərlə döşənib. Rəvayətə görə, Həzrət İsmail Peyğəmbər (ə) anası Hacərlə birlikdə burada çadır qurub yaşamışlar. Hacərin məzarı da Hicri-İsmailin içərisində yerləşir. Bəzi rəvayətlərdə deyilir ki, Hicri-İsmailin hüdudları daxilində bir neçə peyğəmbər dəfn olunub.

Həcc mərasimində Kəbənin ətrafını təvaf edərkən Hicri-İsmail də mütləq təvafa daxil edilməlidir. Yəni təvaf vaxtı Kəbə ilə Hicri-İsmailin arasından keçmək olmaz (bunların arasında dar keçid var), əksinə, Hicri-İsmailin çöl tərəfindən keçmək lazımdır. Bu hökm Hicri-İsmailin də Kəbə qədər müqəddəslik daşıdığını göstərir.

Kəbənin rüknül-əsvəd adlandırılan şərq küncünə adam boyu hündürlüyündə həcərül-əsvəd (qara daş) bərkidilib. Rəvayətə görə, həcərül-əsvəd Həzrət Adəm Peyğəmbərə (ə) cənnətdən endirilmişdir və əvvəllər dümağ rəngdə imiş, sonralar günahkar insanların toxunmasından və öpülməkdən qaralmışdır. Zaman ötdükcə həcərül-əsvədin ölçüləri kiçildi və o, hissələrə parçalandı. Buna görə daşın hissələrini ərinmiş gümüşlə bir-birinə birləşdirib dairəvi qəlibin içində yerləşdirdilər.

Həcərül-əsvəd 930-cu ildə ifrat müsəlman təriqətçiləri olan qərmətilər tərəfindən oğurlanıb Bəhreynə aparılmış və yalnız 20 ildən sonra müsəlmanlara qaytarılmışdı. Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanından bəri həcərül-əsvəd üç dəfə Kəbənin divarına bərkidilmiş və hər dəfə bu vəzifəni məsum şəxs yerinə yetirmişdir. Belə ki, 605-ci ildə sel nəticəsində uçulmuş Kəbə təmir edilərkən həcərül-əsvədi öz yerinə qoymaq vəzifəsini Həzrət Mühəmməd (s) öhdəsinə aldı. Abdullah ibn Zübeyrin əlavələrindən sonra Kəbə yenidən tikilərkən bu işi İmam Zeynül-abidin (ə) yerinə yetirdi. Qərmətilər həcərül-əsvədi qaytardıqdan sonra isə İmam Mehdinin (ə) onu Kəbə divarına bərkitdiyi rəvayət edilir.

Kəbə evini ipəkdən toxunan örtüklə (buna kisvə deyilir) örtürlər. Bu ənənənin Həz¬rət İsmail Peyğəmbər (ə) tərəfindən yarandığını yazırlar. Bəzi müəlliflər Kəbənin üzərini bahalı parça ilə bəzəmiş ilk şəxsin Yəmən hökmdarı Tübbə olduğunu qeyd etmişlər. Cahiliyyə dövründə, eləcə də, İslamın ilk əsrlərində hər il Kəbənin üzərinə yeni kisvə salırdılar, köhnə kisvə isə zaman keçdikcə cırılıb yerə düşürdü. Daha sonralar Kəbənin damına ağırlıq etməməsi üçün hər il köhnə kisvəni çıxarıb, yerinə təzəsini salmağı qərara aldılar. Əvvəllər kisvə Misirdə tikilib Ərəbistana gətirilirdi. Hal-hazırda bu işlə Məkkə şəhərində 240 nəfərin çalışdığı xüsusi fabrik məşğul olur. Kəbənin kisvəsi qara rəngli xalis ipəkdən toxunur, onun hazırlanmasında xeyli qızıl və gümüş sap işlədilir. Kisvənin üzərinə qızıl saplarla Quran ayələri, Allahın adları və naxışlar tikilir. Hər il həcc mövsümündən əvvəl kisvə təzələnir.

Kəbənin qapısı müqabilində kiçik qübbənin altında Məqami-İbrahim adlı yastı daş yerləşir. Məqami-İbrahim ilə Kəbə arasındakı məsafə təqribən 13 metrdir. Bəzi rəvayətlərə görə, əvvəllər Məqami-İbrahim Kəbənin divarına yaxın məsafədə qoyulmuşdu, sonralar indiki yerinə gətirildi. Rəvayətə görə, Həzrət İbrahim Peyğəmbər (ə) Kəbəni tikəndə əli çatmayan yerlərə daş qoymaq üçün bu daşın üstünə çıxarmış, daş da onun istədiyi hündürlükdə havada durarmış. Daşın üzərinə İbrahim Peyğəmbərin (ə) qoşa ayaq izi həkk olunub. Abbasi xəlifələri dövründə Məqami-İbrahimi qızıla tutub xüsusi çərçivənin içinə saldılar. Məqami-İbrahim təqribən kvadrat formalıdır, eni və uzunluğu 40 sm., hündürlüyü 50 sm.-ə yaxındır. Hal-hazırda Məqami-İbrahim mərmər oturacağın üzərinə bərkidilmiş təqribən 80 sm. diamet¬rə malik qoruyucu büllurun içində yerləşdirilib. Büllur isə kiçik günbəzlə bəzənmiş metal məhəccərin altındadır. Mərmər oturacaqla birlikdə məhəccərin hündürlüyü 3 metrə yaxındır. Məhəccərin şüşə ilə örtülmüş pəncərələrindən baxanda Məqami-İbrahimi görmək mümkündür.

Məscidül-həramın şərq hissəsində, Kəbənin yaxınlığında Zəmzəm adlı müqəddəs su quyusu yerləşir. Onun tarixi Həzrət İsmail Peyğəmbərin (ə) zamanına gedib-çıxır. Zəmzəm quyusu bir müddət istifadəsiz qalıb unudulmuş, sonra Peyğəmbərin babası Əbdülmüttəlib tərəfindən təmizlənib insanların ixtiyarına verilmişdir və bu günə qədər suyu qurumayıb.

islam.az

Yerləşdirilib:27 Yanvar, 2015, Baxılıb:4248, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com