Həzrət Hud

Hörmətli izləyicilər! İslam.az “Uşaqlarınıza oxuyun” rubrikasının növbəti məqaləsini diqqətinizə təqdim edir.

Həzrət Hud

Yer üzündə insanlar artıb-çoxaldıqca tayfalar, qəbilələr, xalqlar yaranırdı. Bunların bəziləri Allahın yolundan dönəndə Allah öz aralarından bir nəfəri peyğəmbər kimi onlara göndərirdi. Belə qəbilələrdən biri Nuh peyğəmbərdən sonra Ərəbistanın cənubunda məskunlaşan Ad qəbiləsi idi.

Ad qəbiləsi varlı və güclü idi. Get-gedə onların içində günahkarlıq artmağa başladı. İnsanlar Allaha deyil, bütlərə sitayiş edirdilər. Sərvətlilər kasıbları incidir, güclülər zəifləri əzirdilər. Onların qəddarlığı son həddə çatmışdı. Bəzən günahsız bir adamı qayanın başından aşağı tullayır, yerə dəyib ölməsinə baxaraq həzz alırdılar.

Allah-təala həmin qəbilədən Hud adlı bir nəfəri peyğəmbər seçdi. Həzrət Hud öz həmqəbilələrini düz yola çağırdı. O deyirdi ki, dünyanı Allah yaradıb, bütlər yox! Ona görə də bütlərə deyil, Allaha sitayiş etmək lazımdır. Həzrət Hud camaatdan tələb edirdi ki, ədalətli olsunlar, bir-birini incitməsinlər, qan tökməsinlər.

Ad qəbiləsinin adamları Hudu dinləyib dedilər:

- Biz səni ağıllı adam bilirdik. Amma sən ağılsız imişsən! Dediyin sözlərin də hamısı cəfəngiyyatdır!

Amma Hud yorulmadan öz təbliğatını davam etdirirdi. Bu zaman camaat ona dedi:

- Dediklərin doğrudursa, möcüzə göstər. Biz yalnız o zaman inanarıq ki, sən həqiqətən Allahın peyğəmbərisən.

Hud söylədi ki, hər nə möcüzə istəyirsinizsə, deyin. Bütpərəstlər dedilər:

- Əgər bacarırsansa, küləyin istiqamətini dəyişdir, qoy biz deyən səmtə əssin.

Hud Allaha dua etdi, külək öz səmtini dəyişdi və camaatın istədiyi tərəfə əsdi. Amma Ad qəbiləsi yenə imana gəlmədi.

Həzrət Hud yenə Allaha dua etdi. Otsuz-ələfsiz qayalar yaşıllıqla örtüldü. Camaat həmin yerləri əkib-becərdi. Amma Hudun dediklərini qəbul edən olmadı.

Bu zaman Hud onlara xəbərdarlıq etdi ki, əgər iman gətirməsələr, tezliklə dəhşətli bəlaya düçar olub qırılacaq¬lar. Ad qəbiləsinin adamları bu sözlərə inanmayıb dedilər:

- Bütlər bizə kömək edər. Onların sayəsində xeyli sərvət toplamışıq. Bərəkətli tarlalar, gözəl bağlar salmışıq. Övladlarımız da durmadan artır. Biz necə məhv ola bilərik? Bu, mümkün olası iş deyil!

Ad qəbiləsinin əkinləri yanıb məhv oldu, ağacları qurudu. Ailələrdə daha yeni uşaq doğulmadı. Xəstəlik, aclıq və susuzluq adamları əldən saldı. Ancaq onlar yenə imana gəlmədilər.

Axırda Allah Ad qəbiləsini dəhşətli küləklə cəzalandırdı. Əvvəlcə səmada nəhəng qara buludlar göründü. Hud peyğəmbər bəlanın yaxınlaşdığını xəbər verdi. O, bütpərəst camaata təklif etdi ki, Allaha iman gətirib cəzadan xilas olsunlar. Amma nadanlıq və inadkarlıq insanların gözünü bağlamışdı. Onlar elə bilirdilər ki, səmadakı qara buludlar yağışın əlamətidir. Həzrət Hud onları nə qədər inandırmağa çalışsa da, xeyri olmadı.

Nəhayət, Hud peyğəmbər azsaylı tərəfdarları ilə həmin yeri tərk etdi. Bundan sonra dəhşətli külək əsməyə başladı. Səhranın qumu sovrularaq şəhərə doldu. Hər tərəfi küləyin uğultusu və insanların fəryadı bürüdü. Külək elə qüvvətli idi ki, ağacları asanlıqla kökündən qoparır, evləri uçururdu. Külək insanları yerdən yüksəyə qaldırır, sonra yerə çırpırdı. Ad qəbiləsinin bir hissəsi qayalara dəyib öldü, bir hissəsi də evlərin xarabalıqları altında qalıb həlak oldu. Qum adamların nəfəs yolunu tutub onları boğurdu.

Qasırğa yeddi gün-yeddi gecə davam etdi. Bu yolla bütöv qəbilə məhv oldu. Vaxtilə dünyaya səs salmış Ad qəbiləsi tarix səhifəsindən silindi. Həzrət Hud və ona qoşulmuş möminlər isə Yəmənə köçüb, orada yaşamağa başladılar.

Ad qəbiləsinin məhv olmasının əsas səbəbi qudurğanlıq və inadkarlıq idi. Onlar özlərinə çox arxayın idilər. Elə bilirdilər ki, heç Allahın da onlara gücü çatmaz. Amma başa düşmürdülər ki, Allah onları yaratdığı kimi, istədiyi vaxt məhv etməyə də qadirdir.

Əziz uşaqlar!

İnsan gərək heç vaxt Allahı yaddan çıxarmasın. Həmişə yadda saxlasın ki, onu Allah yaradıb. Allah bizdən istəyir ki, Onun qayda-qanunlarına əməl edək, Ad qəbiləsi kimi günahkar və zalım olmayaq. Allahı saymayıb bütlərə sitayiş edənlərin aqibəti Ad qəbiləsi kimi olar.

İnadkarlıq ən pis xasiyyətlərdən biridir. Həmişə xeyirli məsləhətlərə qulaq asmaq lazımdır. Ad qəbiləsi öz peyğəmbərinin sözünə qulaq asmadığı üçün məhv oldu. Biz də həmişə özümüzdən böyüklərin, ata-ananın, müəllimin tapşırıqlarını yerinə yetirməliyik. Onlar bizə nəyi isə qadağan etsələr, sözlərinə mütləq qulaq asmalıyıq. Faydalı məsləhətə qulaq asmayan adam həmişə ziyan görər.



Yerləşdirilib:24 Yanvar, 2015, Baxılıb:4789, Çap
 

Son şərhlər : 2
Müəllif: leyla | 15 Mart, 2015  21:09
# Ответить
0


]]>]]>

Salam her vaxtiniz xeyir. Heqiqetende inadkarliq cox pis bir xasiyetdir men inadkarliq tmisem ve cezasinida cekmisem ve sonradan cox pesiman olmusamki heqiqetende kiminse ve boyuklerinin sozlerine qulaq asmaq lazimdir men namazda ancaq buna gore dua ediremki Allah birce bizi bagislasin Amin...
Müəllif: nura | 2 Aprel, 2015  14:03
# Ответить
0


]]>]]>

İnadkarlıq pis seydi mende çox inadkarlıq etmisem Allah günahlarımı bagıslasın meqaleye göre sağolun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com