İmam Rzanı (ə) Harun ər-Rəşidin ayaqları altında dəfn etmək cəhdi baş tutmadı

(İmamın şəhadət günü münasibəti ilə)

Tarixdən məlumdur ki, Abbasi xəlifəsi Məmun İmam Rzanı (ə) özünə vəliəhd təyin etmiş və Mədinədən Xorasana – öz yanına gətizdirmişdi. Bu addımın əsas məqsədi İma Rzanı (ə) nəzarət altında saxlamaq idisə, daha bir hədəf şiələrin narazılıq dalğasını yatırmaq idi. Həmçinin, xəlifə İmamı hökumət işlərinə qoşmaq, bununla da o həzrətin nüfuzuna zərbə vurmaq istəyirdi.

Məmun İmam Rzanı (ə) Xorasanda bir neçə il saxladıqdan sonra onun artmaqda olan nüfuzundan qorxuya düşərək və nəzərdə tutduğu məqsədlərin həyata keçməməsindən naümid olaraq, o həzrəti zəhərləyib şəhid etdi. Lakin hiyləgər xəlifə öz cinayətini ört-basdır etdirmək üçün İmam Rzanı (ə) atası Harun ər-Rəşidin məqbərəsində dəfn etdirdi. Bununla Məmun İmamın qətlində əli olmadığını göstərmək istəyir, həmçinin, o həzrətin məzarını ziyarət edəcək insanların hesabına öz atasının qəbrinə də hörmət qazandırmağı düşünürdü.

Rəvayətə görə, Məmun Abbasilər soyunun Ələvilər soyundan üstünlüyünü nümayiş etdirmək üçün İmam Rzanı (ə) Harun ər-Rəşidin qəbrinin ayaq tərəfində dəfn etdirməyi planlaşdırırdı. Lakin Allahın möcüzəsi nəticəsində onun bu niyyəti həyata keçmədi. Harunun ayaq tərəfində yeri qazdıqda iri qaya parçasına rast gəldilər. Fəhlələr nə qədər çalışsalar da, qayanı yara bilmədilər. Axırda əlacsız qalıb, Harunun baş tərəfində məzar qazıdılar və İmamı orada dəfn etdilər. (İmamın özü bunu sadiq səhabəsi Əbasəlt Hərəviyə xəbər vermişdi). Beləliklə, Harunun qəbri İmam Rzanın (ə) ayaqları tərəfdə qalmış oldu.

Bu gün də Məşhəd ziyarətində olanlar İmam Rzanın (ə) baş tərəfində hərəmin sahəsinin daraldığının şahidi olurlar. Səbəb budur ki, məqbərənin tən ortasında, günbəzin altında Harunun qəbri yerləşirdi. Sonradan İmam Rzanı (ə) Harunun baş tərəfində dəfn edəndə, mübarək məzar hərəmin ortasında deyil, bir qədər kənarda qərar tutdu. Sonrakı dövrlərdə hərəmin xeyli qalın olan daxili divarını çaparaq, məzarla divar arasındakı məsafəni bir qədər artırmağa nail oldular.

İmam Rzanın (ə) mübarək məzarı tarix boyunca yalnız şiələr tərəfindən deyil, əhli-sünnə tərəfindən də ehtiramla ziyarət edilmişdir. Əhli-sünnənin böyük alimləri bu müqəddəs məzarı ziyarət etməyi özlərinə şərəf bilmişlər.

Məşhur İslam alimi İbn Həcər Əsqəlani “Təhzibüt-Təhzib” adlı fundamental əsərində İmam Rza (ə) haqqında söhbət açaraq, alimlərdən birinə istinadən yazır: “Hədis əhlinin imamı olan Əbu Bəkr ibn Xüzeymə, onun yoldaşı Əbu Əli əs-Səqəfi və şeyxlərimizdən (ustadlarımızdan) bir dəstə ilə birlikdə yola çıxdıq. Onlar Əli ibn Musa ər-Rizanın Tusdakı qəbrinin ziyarətinə yetişəndə, İbn Xüzeymənin həmin məkana etdiyi təzimdən, məzara münasibətdə göstərdiyi təvazökarlıqdan və o yerdə etdiyi ah-nalədən heyrətə düşdük” (İbn Həcər Əsqəlani. Təhzibüt-Təhzib, 7-ci cild, s.388 (627-ci sıra sayı).

Digər məşhur hədisi alim İbn Həbban “əs-Siqat” kitabında İmam Rza (ə) haqqında məlumat verdikdən sonra qeyd edir: “Mən onu (məzarı) dəfələrlə ziyarət etmişəm. Tus şəhərində olduğum zamanlarda hər çətinliyim olanda, Əli ibn Musa Rizanın (Allahın salavatı olsun cəddinə və özünə) qəbrini ziyarət edib, çətinliyin aradan qalxması üçün Allaha dya edirdim, duam müstəcab olur, həmin çətinliyim də aradan gedirdi. Bu, təcrübədə sınanmış məsələdir və dəfələrlə belə olduğunu görmüşəm. Allah bizi Müstəfanın və Əhli-beytinin məhəbbəti ilə dünyadan aparsın (Allahın salavatı olsun ona və Əhli-beytin hamısına)” (İbn Həbban. Kitabüs-siqat, 8-ci cild, s.457).

Yeri gəlmişkən, başqa bir rəvayətdə Bağdad əhalisinin yeddinci İmam Musa Kazimin (ə) məzarına təvəssül etməsri barədə məlumata rast gəlirik. Xətib Bağdadi “Tarixü Bəğdad” adlı irihəcmli kitabında yazır ki, hənbəli məzhəbli böyük alim Əbu Əli Xəllal söyləyirmiş: “Elə bir kədərli hadisə olmur ki, Musa ibn Cəfərin məzarını nəzərdə tutub ona təvəssül etməklə Allah-təala həmin işi mənim üçün istədiyim şəkildə asanlaşdırmasın” (Xətib Bağdadi. Tarixü Bəğdad, 1-ci cild, s.120).

islam.az

Yerləşdirilib:23 Dekabr, 2014, Baxılıb:5387, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com