Amerikanın kəşfində müsəlmanlar avropalıları geridə qoyub

Son günlər bu mövzu bütün dünya mətbuatının ən aktual mövzularından birinə çevrildiyi üçün, biz Kamal Anton Yevstratovun hələ 2008-ci ildə qələmə aldığı aşağıdakı məqaləni tərcümə edərək oxucularımızın diqqətinə təqdim etmək qərarına gəldik.

Bir çoxları üçün müsəlmanların ilk dəfə Latın Amerikasına Qitənin Xristofor Kolumb tərəfindən 1492-ci ildə kəşfindən sonra İspaniya və Portuqaliyadan gəlmələri aşkardır. Orta əsrlərə aid müsəlman mətnləri, həmçinin onların əsasında ərsəyə gəlmiş avropalı və amerikalı alimlərin araşdırmaları bunun daha öncə baş verdiyini sübuta yetirir.

Müsəlman sənədlərindən söz açdıqda ilk olaraq ərəb tarixçisi Əbəl-Həsən Əli ibn əl-Hüseyn əl-Məsudini (871 - 957)  və onun Kordova xəlifəsi Əbdullah ibn Mühəmmədin (888-912) hakimiyyəti dövründə yazdığı “Qızıl otlaqlar və əlvan daş karxanaları” kitabını xatırlamaq lazımdır. Bu əsərdə qeyd edilir ki, müsəlman dənizçi Xaşxaş ibn Səid ibn Əsvəd 889-cu ildə Delbadan (müasir Palos) yola çıxmış, naməlum əraziyə yetişmiş və əfsanəvi sərvətlə geri dönmüşdü. Əl-Məsudinin dünya xəritəsində “qaranlıq və zülmət” (Atlantik) okeanla əhatə edilən geniş ərazilər əks edilib ki, müəllif bunları naməlum kimi qeyd edirdi.

Müsəlman tarixçisi Əbu Bəkr ibn Ömər Əl-Qutiyyə nəql edirdi ki, daha bir müsəlman dənizçi – İbn Fəruq 999-ci ilin fevralında Atlantikaya üz tutub, Qandoda (Kanar adaları) lövbər salıb, kral Quanariqa ilə görüşüb, sonra isə Qərbə doğru yolunu davam etdirib. Orda 2 ada kəşf edib – Kapraria və Pluitana. 999-cu ilin mayında İbn Fəruq İspaniyaya dönüb.

Bizim günlərimizdə müsəlmanların Amerika qitəsinə Kolumbdan əvvəl ayaq basmasına dair çox sayda ədəbiyyat nəşr edilib. Özü də onların müəllifləri yalnız müsəlmanlar deyil.

Yeni Zelandiyadan olan arxeoloq və linqvist Barri Fell “Amerika dastanı” (1980) əsərində qitədə müsəlmanların mövcudluğuna dair işarələrə diqqət çəkir. Qərbi Afrikanın sakinləri və hindu qəbilələri arasında mədəni oxşarlıqlarla yanaşı, Fell sübut edir ki, bəzi hindu qəbilələrin dilində ərəb mənşəli sözlərə də rast gəlmək mümkündür. Bunu qayalar üzərindəki yazılar da təsdiqləyir. Kaliforniyadakı belə yazılardan biri “İsa bin Məryəm”dir ki, bu ifadəyə da dəfələrlə Quran mətnində rast gəlmək olur. Fell əmindir ki, bu yazı Kolumbun Amerikaya gəlişindən yüzilliklər öncə peyda olub.

Həmçinin Fell əsasən astronomik, meteoroloji, tibb və anatomik terminlərə işarə edən sözlərdə ərəb köklərini tapır.  Belə sözlərin mövcudluğu amerikalı hindularla İslam dünyasının ərəb dilində danışan müsəlmanları ilə sıx mədəni əlaqələrini sübut edir. Adi təsadüfdən söhbət gedə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, məhz göstərilən sahələrdə ərəb-müsəlman sivilizasiyası böyük nailiyyətlərə imza atmışdı. Avropa ilə hətta sadə müqayisə apardıqda, biz “qədim amerikalıların” müsəlmanlarla əlaqələrini etiraf etməliyik. Beləliklə də, müsəlmanların (İspaniya və ya Şimali Afrikadan olanlar) avropalılardan xeyli əvvəl Amerikanı kəşf etmələri iddiası daha bir sübut qazanır.

Eyni zamanda Qitədə müsəlmanların mövcudluğuna Navaho hindularında “nac” – aypara rəmzinin olması dəlil hesab edilə bilər. Belə rəmzlər zərgər məmulatlarında aşkarlanıb. Vaşinqton şəhərinin Simitson Universitetinin alimləri hesab edirlər ki, bu rəmz “Şimali Afrikadan İspaniyaya, sonra Meksikaya, ordan da Navaho qəbiləsinə keçib”. Mütəxəssislər bildirirlər ki, əgər hansısa rəmz katolik ispanlar tərəfindən gətirilsəydi, o zaman onun aypara deyil, xaç olması daha məntiqli olardı. Adətən zəbt edilən ərazilərdə aborigenlərə məhz xaçlar paylanırdı. Aypara isə, alimlərin fikrincə, İspaniyadan daha öncə Amerika qitəsinə gətirilib.

Sözügedən mövzuda heyrətləndirici nəticələr əldə edən daha bir tədqiqatçı isə İvan van Sertimadır. Onun “Onlar Kolumbdan öncə gəldilər” əsəri afrikalılarla Amerika qitəsi arasında qədim əlaqələrdən bəhs edir. Müəllifin digər əsəri isə “Erkən Amerikada Afrika mövcudluğu”dur və Amerikada Afrika irsi haqqında ətraflı məlumat verir. Hər iki adıçəkilən əsər qitədə müsəlman yaşayış məntəqələrinin ispanların bura gəlməsindən öncə mövcudluğunu isbat edir.

Van Sertima Kolumbdan öncə Amerika qitəsində afrikalı müsəlmanların olması haqqında irəli sürdüyü iddianın sübutu kimi hindu ləqəblərinin mənasını göstərir. Fransa linqvistlərinə istinadən alim bildirir ki, “ges”, “zamoras”, “Murabitin” və “Murabios” qitələr arasındakı əlaqələri isbat edir.

Tarixçi Xose B. Pimiyenta-Vey xüsusi olaraq diqqəti “Murabitin” və “Murabios” sözlərinə çəkir. Onun fikrincə, hər iki söz “Murabut”, yəni “Müqəddəs” sözündən yaranıb. Şimali Afrikanın sərhədlərini qoruyan hərbiləşmiş sufi birliyinin üzvləri məhz belə adlanıblar.

Şübhəsiz ki, belə anlayışların mövcudluğu Afrika mövcudluğundan daha çox sırf müsəlman mövcudluğunu sübuta yetirir.

Əlavə olaraq qeyd edək ki, İspaniyanın Panama və Kolumbiyanı zəbt etmək uğrunda apardığı mübarizə zamanı yerlilər arasında “Dobayda” və “Aben-Ameçi” adında hökmdarlar olub ki, bunları da ispaniyalılar tam mavritaniyalı və ya “İncil adları” kimi dəyərləndiriblər. Qərb elmində bu fakta ilk dəfə fransalı alim Brassur de Bordoq diqqət çəkib.

“Erkən Amerikada Afrika mövcudluğu” əsərində P.V.Ramos daha maraqlı faktlar gətirir və qeyd edir ki, Xristofor Kolumb hətta özü Karib dənizi sahilində yaşayan əhalini müsəlmanlar kimi dəyərləndirirdi. Həmçinin Ramos bildirir ki, Karib adaları sakinlərinin qida rasionu müsəlman xalqlarının qida rasionuna çox bənzəyirdi ki, bu da Kolumba məhz belə qənaətə gəlməyə əsas verib.

Ümumiyyətlə, Kolumb haqqında bəzi faktlar tədqiqatçıları Amerika qitəsi ilə ərəb-müsəlman sivilizasiyası arasında bağlılığın hələ 1492-ci ildən xeyli əvvək mövcudluğu fikrinə inanmağa vadar edir. Onlardan bəzilərini qeyd edirik:

1) Dənizçi karyerası ərzində Homer (Kanar) adasına gələrək Beatris Boabdilya ilə ailə həyatı qurub. Onun həyat yoldaşının ərəb mənşəli ailəyə mənsubluğu şübhəsizdir (Boabdilya soyadı ərəb Əbu-Əbdillah künyəsindəndir).

2) 1492-ci il oktyabrın 12-də Kolumb Baham adalar qrupuna aid kiçik Quanaxani adasına yetişib. Sonradan adanın adı Kolumb tərəfindən dəyişdirilib və San-Salvador edilib. Amma adanın ilkin adı Qərbi Sudan dillərindən olan Mandinka dilindən götürülüb. Bu söz isə öz növbəsində ərəb dilindən keçmədir və “İxvan” (qardaş) sözündən əmələ gəlib.

3) Xristofor Kolumbun oğlu Ferdinand yazırdı ki, atası Hondurasda qaradərili insanlarla rastlaşıb. Eyni zamanda elə həmin regionda Almami qəbiləsi yaşayırdı ki, bu adda da “Əl-İmam” sözü asanlıqla sezilir.

4) Məlumatlara əsasən, 1492-ci ildə yola çıxan Kolumbun sərəncamında İdrisinin əsərlərinin surəti olub. Bu sənədlərdə isə 1312-ci ildə 8 müsəlman tədqiqatçısı tərəfindən yeni Qitənin kəşfi haqqında bəhs edilir.

5) Komandanın tərkibində 2 müsəlman kapitan da olub. Onlar həyatlarını təhlükəyə atmamaq üçün ispan adları altında gizləniblər: “Pinta” gəmisinin kapitanı Martin Alanso Pinzon və “Nina”nın kapitanı Visent Yakens Pinzon.

6) Öz qeydlərində Kolumb yazıb ki, 21 oktyabr 1492-ci il tarixində onun gəmiləri Kubanın şimal-şərqindən keçərkən dağın zirvəsində məscidi müşahidə edib (orijinalda "məscidə bənzər təpə" yazılıb - islam.az).

Bütün bu qeyd edilən və digər məlumatlar əsasında Harvard Universitetindən olan məşhur amerikalı tarixçi və linqvist Leo Veyner öz “Afrika və Amerikanın kəşfi” (1920) kitabında yazır ki, Qərbi Afrika müsəlmanları tərəfindən Karib adaları, Mərkəzi, Cənub və Şimali Amerika, o cümlədən Kanada torpaqlarına müsəlmanların yetişməsi haqqında Kolumbda məlumatlar olub. Bu ərazilərdə müsəlmanlar yalnız ticarətlə məşğul olmayıblar, həmçinin digər xalqların nümayəndələri, məsələn, İrokez və Alkonkinlərlə ailə qurublar.

Müsəlman sivilizasiyasının hələ Kolumbdan xeyli əvvəl Amerika ilə əlaqələr qurması haqqında ideyanın tərəfdarları durmadan artır və bu ideya artıq marginal hipotezadan əsaslandırılmış elmi konsepsiyaya çevrilir. Ola bilsin ki, tarix elminin məhz bu sahəsində yaxın gələcəkdə bizi heyrətə gətirəcək kəşflər gözləyir.

Kamal Anton Yevstratov

(Məqalə ilk dəfə 2008-ci ildə http://www.islamrf.ru saytında dərc edilib)


Yerləşdirilib:17 Noyabr, 2014, Baxılıb:6717, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com