Bəsirət gözünü açmaq çətindir, bağlamaq isə asandır

Allah insanı ən gözəl biçimdə yaratmış, onu yer üzündə öz xəlifəsi (canişini) etmiş, ona şüur və iradə azadlığı vermişdir.

İnsanı iki yol ayrıcında qoymuşdur. İnsan əgər əqidə, elm və əxlaqın vəhdətini qoruya bilərsə, bəndəliyin ən yüksək mərtəbəsinə və mərifətin ən uca məqamına qalxar. Əgər bunları ayaq altında qoyarsa, vəhşi heyvanlardan daha rəzil olar və cəhənnəm tonqalının odununa çevrilər.

Dini mənbələrimizdəki bəzi məlumatlardan aydın olur ki, insan Allaha ibadətdə tam ixlasa riayət etsə, nəfsini çirkinliklərdən qorumağı bacarsa, bəzi müstəhəb və nafilə ibadətlərdə, zikrlərdə davamlılıq göstərsə, hətta fövqəl-adə və fövqəl-təbii görünən bacarıqları qazanar. Həzrət Mühəmməd Peyğəmbər (s) buyururdu ki, əgər şeytanlar adəm oğlunun qəlbində gəzib-dolanmasaydılar, insan səmanın ənginliklərini və yerin dərinliklərini görərdi. O həzrət bəzən öz səhabələrinə buyururdu ki, əgər az danışsanız və qəlbinizi xaraba qoymasanız, siz də mənim eşitdiklərimi eşidər, mənim gördüklərimi görərsiniz (yəni qeybdən xəbərdar olarsınız).

Tarixdə bir çox böyük alimlərin və ariflərin bəsirət gözünün açılması, adi insana xas olmayan əməllər etməsi, gələcəkdən xəbər verməsi, müstəcab olan dualar etməsi haqqında məlumatlar vardır. Hətta  elə şəxslər olub ki, insanın üzünə baxanda onun batinində gizlənmiş xisləti əyani olaraq görüblər. Məsələn, pinti və ya əxlaqsız adamı - donuz, qəzəbli və kinli insanı - it, şit və bayağı şəxsi – meymun sifətində müşahidə ediblər. Bu sifətlərə bəzən “bərzəx surəti” deyirlər. Batini gözü açıq olan adamların bunları görə bilməsi mümkündür. Bu məqama çatmağın yolları və üsulları barədə ayə və hədislərə əsaslanan bəzi mənbələrdə məlumat verilib. Keçmiş alimlər bəzən öz ustadlarının tövsiyəsi ilə ardıcıl ibadət, xüsusi zikr, riyazət (nəfsə məhdudiyyətlər və sıxıntılar vermək) yolu ilə bu məqama çatırdılar. Əlbəttə, onların məqsədi bu məqamı əldə etmək istəyi deyil, kamilləşmək və Allaha yaxınlaşmaq (qürbət) qəsdi idi. Bu üsullar əxlaqın kamilləşməsinə xidmət edir. Əxlaq kamilləşəndə isə insan bəsirət əldə edir. Maraqlıdır ki, bu məqama çatmaq nə qədər çətindirsə, onu itirmək də bir o qədər asandır. Kiçik bir günah, ehtiyatsız atılmış bir addım adamın bəsirət gözünü bağlaya bilər.

XX əsrin böyük alim və ariflərindən sayılan mərhum Seyyid Əbdülkərim Kəşmiri xatırlayırdı ki, bir müddət riyazət yolunda çalışdıqdan sonra mənim bərzəx gözüm açıldı. İnsanları əsil qiyafələrində görə bilirdim. Kimə baxırdımsa, əsil sifətini tanıyırdım. Tək-tək adamları insan qiyafəsində görürdüm. Hətta bəzən hamının hörmət etdiyi, gözəl insan kimi tanıdığı böyük şəxslər də çirkin sifətlərdə gözümə görünürdülər. Əksinə, adam içində çox da tanınmayan, hörməti olmayan bəzilərini gözəl qiyafədə müşahidə edirdim. Bu məsələ məni çox üzürdü. Çünki etibar etdiyim insanların iç üzünü görəndə qanım qaralırdı. Onlara olan etibarımı itirmək mənim üçün ağır idi. Öz-özümü qınayırdım ki, niyə bu adamlara qarşı pis fikrə düşürəm? Bəlkə gələcəkdə onlar tövbə edib özlərini düzəldəcəklər. Amma ola bilər ki, o zaman mən onlarla görüşə bilmərəm və bu adamlar mənim xatirimdə mənfi insan kimi qalarlar. Hətta iş o yerə çatmışdı ki, adam arasına çıxanda başımı aşağı salıb gəzirdim ki, heç kimin üzünü görməyim. Bu bacarığın məndən alınması üçün nə etməli olduğumu da bilmirdim.

Bir gün Hindistanda məşhur olan arif və abid şəxslərdən biri Nəcəfə ziyarətə gəldi. Mən əvvəllər də onu tanıyırdım və hər dəfə Nəcəfə gələndə onunla görüşmüşdüm. Bu dəfə görüşəndə mənim heç nə deməyimi gözləmədən özü söylədi: “Bərzəx gözünün açılması çox çətindir, amma onu bağlamaq asandır”. Mən ondan soruşdum ki, bunu necə edə bilərəm? Cavab verdi: “Çox asan. Baqqaldan bir az ət al, apar həyətdə açıq havada kabab çək. Elə et ki, kababın iyi qonşulara da yayılsın, amma onlara pay göndərmə. Bunu et, o dəqiqə təsirini görəcəksən”.

Mən onun dediyi kimi etdim. Kababın birinci tikəsini ağzıma qoyanda hiss etdim ki, Allah məndən bu bacarığı aldı və yenə öz əvvəlki adi vəziyyətimə qayıtdım.

islam.az

Yerləşdirilib:17 Sentyabr, 2014, Baxılıb:7660, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com