Qayğıkeş müəllim

Uzun əsrlərdir ki, dünya səviyyəsində təhsil prosesinin uğurlu keçməsinə yardım edən şərtlər öyrənilir, buna mane olan cəhətlərin aradan qaldırılması istiqamətində təcrübələr aparılır.

Təhsilin keyfiyyətinə kömək edən amillərdən biri də müəllimlə şagird arasında səmimi münasibətin qurulmasıdır. Xüsusilə, dərsdən kənar məşğələlər, müzakirələr, gəzintilər, görüşlər, dərnək çərçivəsində çalışmalar bu mənada böyük əhəmiyyət kəsb edir. Müəllimlə şagird arasındakı maneələrin aradan qaldırılması təhsil prosesinin keyfiyyətinin yüksəlməsinə yalnız müsbət təsir edə bilər.

İslam elm tarixində və tədris ənənəsində bu məsələyə ciddi fikir verildiyinin şahidi oluruq. Mədrəsə və hövzə sistemində dərs müddətindən kənar vaxtlarda da ustadla şagird arasındakı münasibət kəsilmirdi. Müəllim yalnız ayrı-ayrı fənləri öyrətməklə kifayətlənmir, həm də şagirdlərə dünyagörüşü, düşüncə üfüqü, ədəb-ərkan, əxlaq, mədəniyyət təlim edirdi. Müəllimin bütün davranışı şagird üçün nümunə rolunu oynayırdı. Müəllimlə tələbələr ibadətləri (vacib və müstəhəb namazları) adətən camaat halında yerinə yetirirdilər. Bəzən tələbələr müəllimin başçılığı altında müqəddəs məkanlara ziyarətə gedirdilər. Mövlud, əzadarlıq və dəfn mərasimlərində birgə iştirak da onları birləşdirirdi. Bütün bu amillər tələbənin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayırdı.

Müəllim öz şagirdlərinin çətinlikləri ilə də yaxından maraqlanırdı. Qərib ölkədə dərs oxuyan tələbə həmişə ata əvəzində öz müəlliminə arxalanırdı. Müəllim öz şagirdlərinin maddi vəziyyəti, dolanışığı, ailə problemləri, hətta vətənində qalmış ailə üzvlərindən aldığı xəbərlərlə maraqlanır, imkan çərçivəsində onlara maddi və mənəvi yardım göstərirdi. Şagirdlə müəllim arasında maddi təminat məsələsində “mənim-sənim” anlayışı yox idi. Müəllim öz son çörək tikəsini şagirdi ilə paylaşırdı. Bu barədə aşağıda verdiyimiz bir misal çox ibrətamizdir.

XIX əsrin axırları – XX əsrin əvvəllərində müsəlman dünyasında böyük hörmətə malik olan mərhum Axund Xorasaninin tələbələrindən birinin həyat yoldaşı hamiləliyin son günlərini yaşayırdı. Tələbə Nəcəfdə qərib olduğu üçün şəhəri yaxşı tanımırdı, qabilənin (mama həkimin) ünvanını da bilmirdi. Doğuş vaxtı çatanda özünü itirmiş tələbə tələsik halda Axund Xorasaninin qapısına gəlir. Gecə yarısı idi, küçələrdən səs-səmir kəsilmişdi. Tələbə qapının halqasını vurur. Bir azdan ev paltarında olan Axund Xorasai qapını açır. Alim yatmamışdı, elmi fəaliyyətlə məşğul idi, sağ qulağının arxasına taxdığı qələm bunu sübut edirdi.

Tələbə qapı arxasında ustadını gördükdə özünü itirir, heç nə deyə bilmir. Axund Xorasani salam verib, mehribanlıqla ondan gəlişinin səbəbini soruşur. Tələbə vəziyyəti birtəhər başa salıb, xahiş edir: “Mən qabilənin evini tanımıram. Xahiş edirəm, xidmətçinizi mənimlə göndərin, məni qabilənin evinə aparsın”. Axund Xorasani deyir: “Oğlum, bir dəqiqə ayaq saxla, əynimi dəyişib gəlirəm”. Tələbə etiraz edir: “Ustad, siz gəlməyin, xidmətçinizi göndərin”. Alim cavab verir: “Xidmətçim gələ bilməz. Onun iş vaxtı çoxdan qurtarıb, indi yatır. Bu vaxt onu oyadıb iş dalınca göndərə bilmərəm. Özüm gəlirəm”.

Alim bunu deyib içəri keçir, az sonra qəbasını və başmaqlarını geyinmiş halda qayıdır. Əlində tutduğu çıraqla yolu işıqlandıraraq qabilənin evinə tərəf yola düşür, xəcalətli tələbə də onu izləyir. Axund Xorasani qabilənin qapısına çatıb onu çağırır, hər üçü tələbənin evinə gəlirlər. Qabilə ilə tələbə evə keçirlər, Axund Xorasani isə öz evinə qayııdır. Sübh tezdən alim öz xidmətçisi vasitəsi ilə tələbəyə pul, şəkər və parça göndərir, onun adından təbrik etməsini tapşırır.

Tələbə danışırmış ki, bu hadisədən sonra mən xeyli müddət özümü Axund Xorasaninin qarşısında xəcalətli saydım, ustadı görəndə utanır, göz-gözə gəlməməyə çalışırdım. Amma ustad bircə dəfə də olsa, bu hadisəni mənim yadıma salacaq davranışa yol vermir, əksinə, mənimlə sair tələbələrə nisbətən daha mehriban davranırdı.

islam.az

Yerləşdirilib:9 Sentyabr, 2014, Baxılıb:5936, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com