Bəqi – cənnət guşəsi

(Bəqi məzarlığının dağıdılmasının ildönümü münasibəti ilə)

Bəqi - Mədinə şəhərinin şərq hissəsində, Həzrət Mühəmməd Peyğəmbərin (s) məzarı yerləşən məscidin yaxınlığındakı qəbristanlıqğın adıdır. Ərəb dilindən tərcüməsi “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir. Əvvəllər bu yerlərdə ğərqəd (şora ot) adlı çoxlu kol bitdiyi üçün, ona Bəqiül-ğərqəd deyilirdi. Müqəddəsliyinə görə, bu məzarlığa Cənnətül-Bəqi (Bəqi cənnəti) də deyilir.

Bəqi İslamdan əvvəl də Yəsrib camaatının qəbristanlığı idi. Mədinə müsəlman şəhərinə çevrildikdən sonra (hicrətdən sonra) da bura məzarlıq olaraq qaldı. Bəqidə dəfn olunmuş ilk müsəlmanın kim olması barədə fikir ayrılıqları vardır. Bəzi rəvayətlərə görə, bu, İslamın Mədinədə yayılmasında böyük əməyi olmuş, İslam tarixində ilk cümə namazına imamlıq etmiş Əsəd ibn Zürarədir. Başqa bir nəzəriyyəyə görə, Bəqidə dəfn olunmuş ilk müsəlman məşhur səhabə Osman ibn Məzun hesab edilir.

Qısa müddət içində Bəqi məzarlığı bir çox müsəlmanın son məskəninə çevrildi. Həzrət Mühəmməd Peyğəmbərin (s) ömrünün sonlarında bura böyük bir qəbristanlıq halını almışdı. Belə ki, İslam Peyğəmbəri vəfatından bir neçə gün əvvəl Bəqi məzarlığını ziyarət etmiş, burada uyuyan şəxslərin ruhuna rəhmət diləmişdi.

Sonrakı əsrlərdə də Bəqi müsəlmanlar arasında ən mübarək məzarlıq kimi tanınırdı. Burada dəfn olunmaq böyük şərəf sayılırdı. İslam ümmətinin görkəmli şəxsiyyətləri vəfat edərkən burada basdırılmağı vəsiyyət edirdilər.

Bəqi ərazisində torpağa tapşırılmış məşhur şəxsiyyətlərdən bəzilərinin adlarını qeyd edirik: Peyğəmbərin Mariyeyi-Qibtiyyədən olan oğlu İbrahim, Peyğəmbərin nəvəsi İmam Həsən (ə), dördüncü, beşinci və altıncı imamlar Həzrət Zeynül-abidin (ə), Mühəmməd Baqir (ə) və Cəfər Sadiq (ə), Peyğəmbərin qızları Rüqəyyə, Ümmi-Külsum və Zeynəb, Peyğəmbərin bibiləri Səfiyyə və Atikə, Peyğəmbərin əmisi Abbas, İmam Əlinin (ə) qardaşı Əqil, anası Fatimə bint Əsəd, oğlu Mühəmməd ibn Hənəfiyyə, qardaşı oğlu Abdullah ibn Cəfər, Peyğəmbərin həyat yoldaşları Aişə, Ümmi-Sələmə, Sövdə, Həfsə, Səfiyyə, Zeynəb bint Xüzeymə, Zeynəb bint Cəhş, Cüveyriyyə, Ümmi-Həbibə, Mariyeyi-qibtiyyə və Meymunə, Peyğəmbərin süd anası Həlimeyi-Sədiyyə, məşhur səhabələrdən Abdullah ibn Məsud, Əbu Səid Xüdri, Səd ibn Məaz, Osman ibn Məzun, Ühüd savaşında yaralanıb Mədinədə vəfat edən səhabələr, üçüncü xəlifə Osman ibn Affan, İmam Cəfər Sadiqin (ə) oğlu İsmail, maliki məzhəbinin banisi Malik ibn Ənəs və b.

Keçmişdə Bəqi məzarlığı ən çox ziyarət olunan məkanlardan biri idi. Yuxarıda adları çəkilən şəxsiyyətlərin hər birinin məzarı konkret baş daşları ilə bəlli edilmiş, bəzi məzarların üzərində türbələr tikilmişdi. Xüsusilə, dörd imamın məzarı üzərində tikilmiş türbə öz əzəməti ilə seçilirdi. Lakin 1926-cı ildə Mədinə şəhərini ələ keçirən sülalənin üzvləri bu şəhərdəki bütün müqəddəs ziyarətgahları yerlə-yeksan etdilər. Həmin ilin aprelində (hicri 1344-cü il şəvval ayının 8-i) Bəqi ərazisindəki müqəddəs türbələr dağıdıldı. Bu gün Bəqinin əvvəlki mənzərəsindən əsər-əlamət də qalmayıb. Məzarlıq xırda baş daşları ilə örtülmüş səhranı xatırladır. Bəqinin ətrafına hasar çəkilib. Yalnız günün bəzi saatlarında məzarlığın ərazisinə daxil olub ziyarət etməyə icazə verilir. Qalan vaxtlarda isə müsəlmanlar müqəddəs məzarları uzaqdan seyr etməli olurlar.



Yerləşdirilib:5 Avqust, 2014, Baxılıb:4411, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com