Qarışqanın təvəkkülü və qənaəti

Quranda və məsumların hədislərində dönə-dönə vurğulanan və üzərində ən çox təkid edilən mövzulardan biri də təvəkkül məsələsidir.

Təvəkkül ərəb dilindən tərcümədə “vəkil bilmək, vəkil kimi qəbul etmək” mənasını verir. Dini anlamda hər bir məsələdə Allaha arxayın olmaq, hər şeyi Onun öhdəsinə buraxmaq deməkdir. Qurani-kərimdə təvəkkül möminin ən gözəl xüsusiyyətlərindən biri kimi göstərilir: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir” (Təlaq, 3). “Yenilməz qüdrət sahibinə, mərhəmət sahibinə təvəkkül et!” (Şüəra, 217).

İslam müqəddəsləri də öz hədislərində təvəkkülün üstünlüklərini ətraflı şəkildə bəyan etmişlər. Məsələn, İmam Əli (ə) buyurub: “Təvəkkül insanı hər kəsdən və hər şeydən ehtiyacsız edir”. Ehtiyacsız insan isə ən güclü insandır. Həzrət Mühəmməd Peyğəmbərin (s) buyurduğu kimi, hamıdan güclü olmaq istəyən şəxs Allaha təvəkkül etsin.

Amma İslam müqəddəsləri başqasına möhtac olmaq dərəcədə təvəkkül etməyi bəyənməmiş və hər zaman tədbirlə, qənaətlə davranmağı məsləhət görmüşlər. Vaxtilə Həzrət Mühəmməd Peyğəmbər (s) onunla görüşə gəlmiş bir ərəbdən soruşdu ki, dəvəni harada qoyub gəlmisən? Ərəb cavab verdi ki, Allaha təvəkkül edib dəvəni özbaşına buraxdım. Peyğəmbər buyurdu: “Dəvənin ayaqlarını bağla, sonra Allaha təvəkkül et!” İkinci raşidi xəlifəsi Ömər ibn Xəttab ruzi qazanmaq üçün zəhmət çəkməyən, camaatın ianəsi hesabına dolanan insanlarla rastlaşanda onlardan soruşmuşdu: “Siz kimsiniz?” Onlar cavab verdilər: “Biz təvəkkül əhliyik”. Ömər ibn Xəttab dedi: “Siz təvəkkül yox, təəkkül (yemək) əhlisiniz, yalançısınız. Əsl təvəkkül əhli odur ki, əvvəlcə yerə toxum səpər, sonra (bol məhsul yığmaq üçün) Allaha təvəkkül edər”.

Allaha təvəkkül etmək insanlararası münasibətlərə xələl gətirməməlidir. Allah insanların ruzisini bir-birinin vasitəsilə yetirir. “Mən Allaha təvəkkül edirəm” deyə, dünyəvi münasibətlərə arxa çevirmək, ruzi axtarışından imtina etmək müsəlmana yaraşmaz. Bununla yanaşı, hətta təvəkkül edərkən belə, qənaəti unutmamaq lazımdır.

Peyğəmbərlər tarixindən məlumdur ki, Həzrət Süleyman Peyğəmbər (ə) heyvanların və quşların dilini bilir, onlara hökm edirmiş. O həzrətin qarışqa və şanapipiklə Quranda xatırlanan söhbəti də deyilənlərə sübutdur. Dini mənbələrimizdə Həzrət Süleymanın (ə) küləklə, bəzi heyvan, quş və həşəratlarla söhbətlərini əks etdirən xeyli rəvayət vardır. Bunların içində qarışqa ilə bağlı mövzular xüsusi yer tutur. Bildiyimiz kimi, qarışqa zəhmətkeşliyin rəmzi sayılır. Durmadan çalışan, gündəlik fəaliyyətində insanların qibtə edəcəyi səviyyədə ciddi nizam-intizama riayət edən, özündən on dəfələrlə ağır yükü qaldırıb inadkarlıqla istədiyi nöqtəyə daşımaqda davam edən qarışqa bir çox ibrətli alleqorik məsəllərin “qəhrəmanına” çevrilib. Belə məsəllərin birində deyilir:

Həzrət Süleyman Peyğəmbər (ə) bir gün qarışqadan soruşur ki, sənin bir aylıq yeməyin nə qədərdir? Qarışqa cavab verir: “Bir ay ərzində bir dənə iri buğda dənəsindən çox yemirəm”. Süleyman (ə) qarışqanın bu qədər qənaətlə davrandığına inanmır, sözünün doğruluğunu yoxlamaq qərarına gəlir. Qarışqanı bir şüşə qabın içinə buraxır, yanına da iri bir buğda dənəsi qoyur. Hava üçün yer qoymaq şərti ilə qabın ağzını bağlayır.

Üstündən düz bir ay ötüb-keçir. Həzrət Süleyman (ə) şüşə qabı götürüb içinə baxanda heyrətə düşür. Qarışqa bir a ərzində hətta bir buğdadan da az yemişdi. Buğda dənəsinin yarısı qabın içində qalmışdı. Süleyman (ə), Ona verilən qüdrətlə qarışqadan soruşur: “Demişdin ki, bir ay ərzində bir buğda dənəsi yeyirsən. Bəs niyə buğda dənəsinin hamısını yeməyib, yarısını saxladın?” Qarışqa cavab verir: “Ey Allahın Peyğəmbəri! Mən azadlıqda olduğum zaman Allahıma təvəkkül edir və Onun yetirdiyi ruzini yeyirdim. İnanırdım ki, O, məni unutmaz və ruzisiz qoymaz. İnanırdım ki, O, mütləq hər ay mənə bir buğda dənəsi yetirəcək. Amma bu bir ayda mənim ruzimi Sən öz öhdənə aldın. Mən Allahıma təvəkküllə yanaşı, Sənin hafizənə və ədalətinə də güvənməli oldum. Düşündüm ki, məni unudar və bir aydan sonra şüşənin qapağını açmazsan. Ona görə də özümü çətinliyə salıb, qənaət etməyə qərar verdim”.

islam.az

Yerləşdirilib:2 İyul, 2014, Baxılıb:3880, Çap
 

Son şərhlər : 1
Müəllif: HUSEYN | 4 İyul, 2014  21:02
# Ответить
0


]]>]]>

PEYGEMBERLERIN ADI VE SEKLI
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com