Mehr - İslamın qadına verdiyi haqq

İslamın insana, xüsusilə də qadına nə qədər böyük önəm verdiyi hər kəsə bəlli olan bir həqiqətdir. Bu gün biz, İslamın ailə həyatı qurmağa hazırlaşan qadına verdiyi haqqdan - mehrdən danışacağıq.

Kişinin evlənərkən qadına verdiyi və ya verməyi vəd etdiyi pul, qızıl, gümüş, hər hansı bir mal və ya mənfəətə mehr deyilir. İslam xristianlıqda olduğu kimi qadının kişiyə vermək üçün pul yığmasını (drahoma) deyil, əksinə kişilərin qadınlara rəğbətinin bir simvolu olsun deyə hədiyyə qəbilindən bir məbləğin ona verilməsini əmr etmişdir. Bu, İslamda qadına olan bir ehtiramın nəticəsidir. Qurani Kərimin Nisa surəsinin 4-cü ayəsində belə buyurulur: "Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!".

Mehr evlənmək istəyən kişi tərəfindən evlənəcəyi qadına verilməlidir. Bunu qadının əlindən nə vəlisi (atası, anası və s.), nə də evlilikdən neçə il keçsə belə öz həyat yoldaşı ala bilməz. Yalnız, ayədən də göründüyü kimi, əgər qadın özü istəyərsə, mehri ailə işlərinə xərcləyə və ya həyat yoldaşına verə bilər.

Mehrin miqdarı qadın tərəfindən müəyyənləşdirilir. Amma burada zəmanənin iqtisadi tələbləri və tərəflərin maddi vəziyyəti də mühüm rol oynayır. Belə ki, Məhəmməd peyğəmbərin dövründə bir ovuc xurma, bir cüt ayaqqabı, hətta Qurandan bir neçə ayə öyrətmək şəklində mehrlər verilmişdir. Lakin günümüzün tələbləri fərqlidir. Məsələn, Küveyt, BƏM kimi dövlətlərdə iqtisadi vəziyyət yaxşı olduğu üçün, mehrin səviyyəsinin də yüksək olduğunu görürük. Daha kasıb ölkələrdə isə, qadınlar tərəfindən mehr kimi aşağı məbləğlər tələb olunur. İslamın ilk illərində də, mehrin miqdarı müxtəlif olmuşdur. Hz. Ömərin dövründə fəthlər çoxaldıqca müsəlmanların maddi rifahı yaxşılaşır, nəticədə də qadınlar mehrin miqdarını artırmağa başlayırdılar. Hz. Ömər buna ən çox 400 dirhəm sərhəd qoymaq istəyəndə bir qüreyşli qadın ayağa qalxaraq etiraz etmiş və Quranın Nisa surəsinin 20-ci ayəsini oxumuşdu: "Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın. Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!"

Hz. Aişədən rəvayət olunduğuna görə Hz. Peyğəmbərin xanımlarına verdiyi mehrin miqdarı təxminən beş yüz dirhəm olmuşdur. Hz. Əli isə Hz. Fatimə ilə evlənərkən mehr üçün heç bir şey tapmamış, Peyğəmbərin məsləhəti ilə öz zirehini mehr olaraq Hz. Fatiməyə vermişdir. Bütün bunlar mehrin nə qədər vacib bir şey olduğunu göstərir. Məhəmməd peyğəmbər mehrsiz heç bir evliliyə yol verməmiş və buyurmuşdur ki, mehr verməmək niyyəti ilə evlənən kəs, Qiyamət günü oğrular arasında həşr olunacaqdır (Riyazu'n-nasihin).

Mehr olaraq satışı və istifadəsi qadağan olunmayan hər bir şey verilə bilər. Daşınan və daşınmayan əmlak, zinət əşyası, heyvan, hətta daşınan və daşınmayan əmlakdan istifadə haqqını buraya aid etmək olar. Ancaq, İslamın qadağan etdiyi şeylər, məsələn, donuz, alkoqollu içkilər mehr ola bilməz.

Mehrin ödənəcəyi vaxt tərəflər arasında razılaşdırılmalıdır. Miqdarı müəyyənləşdirilmiş mehr nigah mərasimində ödənə biləcəyi kimi, daha sonra da ödənə bilər. Nigah zamanı əvvəlcədən ödənilən mehrə mehr-i muaccəl deyilir. Bəzən də mehrin hamısının əvvəlcədən deyil, evliliyin sona çatması, beş ildən, on ildən sonra və ya ərin ölməsi halında ödənməsi də qərarlaşdırıla bilər. Bu şəkildə ödənən mehrə mehr-i müəccəl deyilir və bu cür razılaşdıqdan sonra qadın, vəd olunmuş vaxt gəlməmişdən əvvəl mehri istəyə bilməz. Əgər mehrin miqdarı əvvəlcədən müəyyənləşibsə, buna mehr-i müsəmma, müəyyənləşməyibsə mehr-i misl deyilir. Mehr-i misl qadına, tay-tuşlarının mehrinə baxaraq verilir.

Mehr bütünlüklə qadına məxsusdur və qadın ondan istədiyi şəkildə istifadə etmək hüququna malikdir. Cəmiyyətimizdə tez-tez rast gəldiyimiz başlıq pulu, süd pulu və s. adlarla qızın valideynlərinə çatan pulun mehrlə heç bir əlaqəsi yoxdur. Ərəblərdə də cahiliyyət dövründə mehri qızın vəliləri alır və adına da "nihlə" deyilirdi. Başqa bir cahiliyyət adətinə görə iki vəli bir-birinin himayəsində olan qadını mehrsiz-filansız, bir mal kimi dəyişdirirdilər. İslam bu cür evliliklərin hamısını qadağan etdi. Evliliyi iki insanın bir-birini istəyərək və seçərək birləşməsinə çevirdi. Mehri də qadının vəlisi üçün deyil, qadının özü üçün bir haqq kimi müəyyənləşdirdi. Mehri qadının adından vəlisi ala bilsə də, ona sahib ola bilməz.

Nəticə olaraq qeyd etmək lazımdır ki, mehr evlilik həyatı boyunca qadın üçün bir sığorta kimidir. Qadının gözlənilmədən ərini itirməsi və ya boşandıqları halda, öz həyatını yenidən qura bilmək üçün mehr ona əməlli-başlı kömək ola bilər. Elə mehrin əmr olunmasının ən böyük hikməti də bundadır.


Aqil Hacıyev (aqil@islam.az)


Yerləşdirilib:24 Aprel, 2008, Baxılıb:4679, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com