İmam Sadiqdən (ə) ibrətli öyüd

(ikinci hissə)

Altıncı cümlə ölümün mütləq və qaçılmaz olduğunu xatırlatmaqla yanaşı, insanın bihudə və mənasız əyləncələrlə baş qatmasının nə qədər gülünc olduğunu da göstərir. Əlbəttə, hədisi bu mənada anlamaq düzgün deyil ki, insan həmişə qaraqabaq olmalı, ağlamalı, heç vaxt gülməməlidir. Peyğəmbərimiz və imamlarımız lazım gələndə gülümsəmiş və sevinmişlər. Amma onların mənasız yerə, uzun-uzadı güldüyünü və hər şeyə sevindiyini görən olmayıb. Ölüm ocaqları söndürür, tifaqları dağıdır, qocaya-cavana məhəl qoymadan öz işini görür. Hər an həyata vida deyə biləcəyini, hər an ən yaxınlarını itirə biləcəyini, ölümdən sonra isə öz əməlləri ilə baş-başa qalacağını, günahlarının bir-bir hesaba çəkiləcəyini düşünmək insanda heç də fərəh hissi yaratmaz. Bu səbəbdən bütün Allah dostları Allahın qüdrətini yada salarkən, ibadət mehrabında səcdəyə qapanarkən, tövbə-istiğfar edərkən riqqətə gəlib ağlamışlar, göz yaşları ilə səccadələrini islatmışlar. Ölümü və axirəti düşünərək ağlamaq insanda məsuliyyət yaradır. Amma burada da həddi aşmaq olmaz. Allahdan qorxu Onun mərhəmətinə ümid bəsləməklə yanaşı olmalıdır. Ölüm və axirət qorxusu əslində qurucu, islah edici bir qorxudur; amma ümidsizliyə çevrilərsə, yalnız ziyan gətirər.

 

Allah nəinki hər kəsin gizlində və ya açıqda etdiyi əməldən xəbərdardır, hətta qəlblərdə olan niyyətləri də bilir. Heç nə Ondan gizli deyil. Belə isə, hiyləgərlik edən əslində kimi aldatmış olur: Allahı yoxsa özünü? Allahı aldatdıqlarını düşünənlər unudurlar ki, hər şeyin planını ən gözəl şəkildə çəkən, hiylələri ifşa edən, yalanların üstünü açan, insanın bütün bildiklərini bilən, amma Öz bildiklərini insandan gizli saxlayan, hər zaman insandan bir yox, bir neçə addım qabaqda olan Allahdır. Elə “Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir” (Ali-İmran surəsi, 54-cü ayə) ayəsinin də mənası budur.

Səkkizinci cümlə insanı Şeytandan qafil olmamağa çağırır. Quran dəfələrlə xəbərdarlıq edir: “Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir?” (Ya-Sin surəsi, 60-cı ayə). Düşməndən qafil olmaq birincisi, məğlubiyyət gətirər; ikincisi, adamın cahilliyindən xəbər verər. Dünyada Allahın buyurduğu kimi yaşamaq istəyən adam buna mane olan qüvvələri yaxşı tanımalıdır. Şeytanın hiylələri müxtəlif, kələkləri cəlbedici, köməkçiləri aldadıcıdır. Şeytanı yaxşı tanımaq üçün insan öz ruhunu, mənəviyyat aləmini, zəif yerlərini yaxşı bilməlidir. Bilməlidir ki, Şeytan onu haradan vura bilər, onu nə ilə aldada bilər? Bunları bilmək üçün isə Allahın açıq haram buyurduqlarından uzaq olmaq, davamlı ibadət etmək, xeyir sahibləri ilə durub-oturmaq, nəfsi öldürmək, xudpəsəndliyi və təkəbbürü kənara atmaq lazımdır. Əks halda insanın Şeytanı – öz güclü və amansız düşmənini tanıması qeyri-mümkünlüyə çevrilər.

Hədisin doqquzuncu cümləsində qiyamət səhnələrindən olan sırat körpüsünün üzərindən keçid yada salınır. Dünyadakı məqamından asılı olmayaraq hər kəs bu körpünün üzərindən keçəcək. Peyğəmbərlər, imamlar, övliyalar belə, istisna deyil. Hədislərdə buyurulub ki, siratın üzərindən rahat və tez keçməyin səbəblərindən biri də sileyi-rəhimdir (qohumlarla yaxşı münasibət saxlamaq, mehribanlıq etmək). Sileyi-rəhimi pozmağın əsas səbəbi isə təkəbbür, özünü başqasından üstün tutmaq, ilk addımı başqasından gözləməkdir. Təkəbbürlü adam qohumun ona mehribanlıq göstərməsini gözləyər, xirda bir etinasızlıq görsə qəzəblənər, hər kəsi özünə borclu bilər. İnsan özündən razılığı, mənəm-mənəmliyi, dini dillə desək ücbü özündən kənar etməyi bacarsa, həm bu dünyada mehriban, xoş həyat sürər, həm də axirətdə savab qazanar və sırat körpüsündən rahat adlayıb keçər.

Hədisin növbəti bölümündə buyurulur: “Əgər hər şey qəzavü-qədərə bağlıdırsa, kədərlənmək nə üçündür?” İnsan əvvəla, bu dünyanın Allah tərəfindən idarə edildiyini, hər bir müsibətdə gizli bir xeyir olduğunu bilməlidir. Eləcə də, dünya həyatının ötəri və keçici olduğunu anlamalıdır. Dünyada heç nə əbədi deyil. Yaxşı və pis günlər bir-birini əvəz edir. İmam Əli (ə) buyurub: “Dünya iki gündür: bir gün sənin xeyrinə, bir gün də ziyanınadır. Dünya sənin xeyrinə olanda qürrələnmə, sənin ziyanına olanda səbr et”. Yenə o həzrət həyatın iki əsas qanununu bu cür bəyan edirdi: “Qazandığın heç nəyə görə sevinmə, itirdiyin heç nəyə görə kədərlənmə”.

Nəhayət, hədisin son bölümü bütün deyilənlərə sanki yekun vurur: “Əgər dünya fanidirsə, ona arxayın olmaq nədəndir?” Allah-təala Qurani-kərimdə dünyanı müxtəlif şəkillərdə təsvir edib. Ayə və hədislərdə dünya oyun-oyuncağa, kölgəyə, ilana, işvəkar qadına, dənizə, yağışa, bazara, körpüyə, tələyə bənzədilib. Dünya haqqındakı ayələrin birində buyurulur: “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir” (Hədid surəsi, 20-ci ayə).


Yerləşdirilib:17 Fevral, 2014, Baxılıb:4064, Çap
 

Son şərhlər : 1
Müəllif: Nazim | 19 Fevral, 2014  23:43
# Ответить
+2


]]>]]>

Canim qurban Imam Sadiqede(sa) onun ibretli oyudlerinede.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com