İmam Sadiqdən (ə) ibrətli öyüd

(birinci hissə)

Müqəddəslərimizin, din böyüklərimizin ibrətli kəlamları həyatımıza işıq saçır, bizə haqqın yolunu göstərir. Bu mübarək hədislər həm Quranı düzgün anlamağımıza yardım edir, həm də dinimizin hökmlərini xırdalıqlarına kimi bizim üçün açır. Ən çətin günümüzdə, əzizlərimizin təsəllisi belə, fayda verməyəndə, üzümüzə bütün qapıların bağlandığını güman etdiyimiz, müdhiş bir ümidsizliyə qapandığımız zaman bu müqəddəs kəlamlara üz tuturuq, yaşamaq eşqini onlardan alırıq. Bəzi hədislər bu mənada xüsusi psixoloji təsir gücünə malikdir. Onları hər zaman, hər bir şəraitdə, istər sevinc, istərsə də çətinlik anında oxuyanda ruhumuz qidalanır, bəsirət gözümüz açılır. Aşağıda bu cür hədislərdən birini qısa şərhlə diqqətinizə təqdim edirik.

Bir nəfər İmam Cəfər Sadiqin (ə) yanına gəlib, Ondan nəsihət istədi. İmam o adama buyurdu:

“1. Əgər Allah-təala ruzi yetirəcəyinə vəkildirsə, onda ruzi qazanmaqdan ötrü dəridən-qabıqdan çıxmaq nə üçündür?

2. Əgər ruzi Allah tərəfindən bölünübsə, onda hərislik nə üçündür?

3. Əgər Qiyamət gününün hesabı həqiqətdirsə, onda dünya malını toplamağın nə mənası var?

4. Əgər xərclənən malın geri qayıdacağı və artacağı Allahın öhdəsindədirsə, onda xəsisliyə səbəb nədir?

5. Əgər cəza izzət və cəlal sahibi olan Allahdandırsa, günahın səbəbi nədir?

6. Əgər ölüm haqdırsa, bu dünyada doyunca gülmək nə üçündür?

7. Əgər bütün əməllər həqiqətən Allaha təqdim olunursa, hiyləgərlik etməyin nə mənası var?

8. Əgər Şeytan düşməndirsə, ondan qafil olmağın səbəbi nədir?

9. Əgər sırat körpüsünün üzərindən keçmək haqdırsa, özünə qürrələnməyin nə mənası var?

10. Əgər hər şey qəzavü-qədərə bağlıdırsa, kədərlənmək nə üçündür?

11. Əgər dünya fanidirsə, ona arxayın olmaq nədəndir?”

(Şeyx Səduq. Tövhid, səh. 376).

Elm adamları bu gözəl hədisi ətraflı şərh etməyə qalxsalar, cildlərlə kitab alınar. Amma biz 11 hissədən ibarət olan bu kəlamın bəzi məqamlarına qısa açıqlama gətirməyə çalışacağıq.

Hədisin birinci və ikinci cümlələri oxucuları çaşqınlığa salmasın. Burada ümumilikdə ruzi qazanmaq üçün zəhmət çəkmək, işləmək məzəmmət olunmur. Söhbət məhz dünya malını toplamaq üçün dəridən-qabıqdan çıxmaqdan, halalına-haramına baxmadan mal-dövlət toplamaqdan gedir. Halal dünya nemətlərini əldə etmək, bunun üçün çalışmaq isə hədislərdə ibadətin 70-dən 69 hissəsi kimi təqdim edilib. Hətta bəzi hədislərsə halal ruzi qazanmaq üçün evdən çıxıb dünyasını dəyişən adamın şəhid qədər savab qazanacağı bildirilir. İnsan başqalarına möhtac olmamaq, ailəsini saxlamaq, artıq qalanını da ehtiyaclılara paylamaq üçün halal peşələrdə işləyib-çalışırsa, bunu yalnız alqışlamaq lazımdır.

Hədisin üçüncü cümləsi qiyamət hesabından qorxmağı və dünya malını hərisliklə toplamamağı tövsiyə edir. Müqəddəslərin başqa kəlamlarında da buyurulur ki, qiyamət günündə hər qazanılan və xərclənən qəpik barədə Allaha hesab verəcəyik. Həmçinin, buyurulur ki, mal-dövləti az olanların hesabı qısa və yüngül, sərvəti çox olanların hesabı isə uzun və çətin olacaq. Hətta bunu gömrük məntəqəsindən keçən gəmilərə də bənzədiblər. İçi yüklə dolu olan gəminin yoxlanması da uzun çəkər. Amma yüksüz boş gəmini çox tez yoxlayıb buraxarlar. Məhz bu üzdən müsəlmanın özündən sonra çox mal-dövlət buraxmaması, sərvətini sağlığında kasıblara paylaması, necə deyərlər, axirət azuqəsini özündən qabaq göndərməsi təkid edilib.

Hədisin dördüncü cümləsi Allah yolunda xərclənən pulun artıqlaması ilə geri qayıdacağını ifadə edir. Qurani-kərim buna zəmanət verir: “Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir” (Bəqərə surəsi, 261-ci ayə). Həqiqətən, buna bütün varlığı ilə inanan şəxs xəsislik edərmi?

 

Növbəti cümlədə Allahın qəzəbindən və cəzasından qorxaraq günahlardan çəkinmək tövsiyə olunur. Oxşar mənanı Həzrət Əlinin (ə) bir hədisində də görürük: “Cəhənnəm atəşinə dözümün nə qədərdirsə, o qədər günah et”. Allahın qəhr və qəzəbinin ağırlığını, axirət əzabının dəhşətini, ən azından cəhənnəm alovunun dünya atəşinə nisbətən yetmiş dəfə artıq yandıracağını bilən adamın günah etməsi qəribə deyilmi?


Yerləşdirilib:14 Fevral, 2014, Baxılıb:3831, Çap
 

Son şərhlər : 1
Müəllif: gulum | 26 Fevral, 2014  10:08
# Ответить
0


]]>]]>

tesekkurler
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com