Tövhid və onun dərəcələri (beşinci məqalə)

İbadətdə tövhid

Tövhidin növbəti mərhələsi “tövhidi-ibadi”, yəni “ibadətdə tövhid” adlanır. Bu, tövhidin ən mühüm mərhələsidir. Bütün peyğəmbərlər, övliyalar əsasən ibadətdə tövhidi təbliğ etmiş, bunun üzərində ciddi durmuş, insanları ibadətdə şirkdən təmizləməyə çalışmışlar. Qurani-kərimdə buyurulur: “Onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (İslama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” (Bəyyinə, 5). İbadətdə tövhidi fərqləndirən cəhətlərdən biri də budur ki, tövhidin digər mərhələləri (zatda, sifətdə və feildə tövhid) əsasən nəzəri xarakter daşıyır. Bunlar Allahı daha yaxşı və düzgün tanımaq üçün lazımdır. Amma ibadətdə tövhid əməli məzmuna malikdir. İnsan ibadətdə tövhid məqamına yetməlidir ki, Allaha doğru-düzgün ibadət etməyin qaydasını bilsin və ibadətini batil etməsin.

Bununla yanaşı qeyd edək ki, ibadətdə tövhid hal-hazırda bəzi radikal qüvvələrin də xüsusi israrla təbliğ etdikləri və başqa don geyindirməyə çalışdıqları əsas mövzulardan biridir. Ona görə də, bu məsələdə xüsusilə diqqətli olmaq lazımdır.

İbadətdə rövhidin mənasını qısa şəkildə belə ifadə edə bilərik: müsəlman hər zaman yalnız Allaha ibadət etməli, pərəstişdə Ona şərik tutmamalıdır. Xaliq və Rəbb yalnız Allah olduğundan, ibadətə layiq olan da yalnız Odur.

İbadətdə tövhidin pozulduğu bəzi hallara misal olaraq bunları göstərə bilərik: Bəzən insanlar cahillik üzündən dini ocaqlarda və ziyarətgahlarda dəfn edilən şəxslərin ruhundan birbaşa nə isə istəyirlər. Bu, yanlış hərəkətdir. Əslində dinimizə görə, bütün ibadət və dualar Allaha ünvanlanmalıdır. Çünki Allahın icazəsi olmadan heç bir hadisə baş verməz. Amma ibadətdə tövhid təvəssül anlayışına zidd deyil. İnsan müqəddəs şəxslərin ruhuna təvəssül edərək, yəni onlara bağlanaraq, onların ruhunu vasitəçi qərar verərək Allahdan nə isə istəyə bilər. Müqəddəs məkanları ziyarət edərkən, orada uyuyan şəxsin hörməti xatirinə Allaha dua etmək və onları Allahla öz aranda vasitəçi bilmək dinimiz baxımından caiz (icazəli) hərəkətdir.

İslam böyükləri ibadətdə tövhid mövzusunda çox həssaslıqla davranmış, çaşqınlıq yaradan fikir və hərəkətlərdən insanları uzaq tutmağa çalışmışlar. Hətta onlar “tövhidə ziddir və radikal düşüncəli şəxslərdə səhv təsəvvür yarada bilər” deyə, müqəddəs məkanlarda məzarların qarşısında namaz qılan, ziyarətgahların qapısında yeri öpən, böyük alimlərin və müctəhidlərin qarşısında səcdəyə qapanan adamlara qarşı sərt davranır, onları tənbeh edirdilər.

İbadətdə tövhid prinsipinə zidd olan hallarla ciddi şəkildə mübarizə aparan alimlərdən biri də mərhum Ayətullahül-üzma Seyyid Hüseyn Birucerdi idi. Onun mərcəiyyəti dövründə (XX-ci əsrin 50-60-cı illəri) vəhhabi əqidəsi müsəlman dünyasında əvvəlkinə nisbətən xeyli sürətlə yayılmaqda idi. Xüsusilə, Səudiyyə Ərəbistanında və Misirdə bu ideologiyanı müdafiə edənlər çoxluq təşkil edirdilər. Seyyid Birucerdi onların əlinə bəhanə verməmək üçün müsəlmanları cahil və nadan hərəkətlərdən çəkindirir, şirk kimi tanınan əməllərdən uzaq durmağa səsləyirdi. Xalq arasında yayılan və mövhumatdan qaynaqlanan bəzi adət-ənənələr də alimin tənqid hədəfinə çevrilmişdi. Deyirlər ki, bir dəfə Seyyid Birucerdidən xahiş edirlər ki, qənd parçasına dua oxuyub üfürsün və sonra təbərrük kimi camaata versin. O zamanlar xalq içində bu kimi əməllər dəbdə idi və savadsız insanlar bu yolla şəfa tapacaqlarını düşünürdülər. Seyyid Birucerdi bu sözü eşidəndə narahat olur, bu hərəkətin səhv olduğunu bildirir. Deyir ki, bunun əvəzində mən sizin üçün İslamda caiz olan başqa bir hərəkəti edə bilərəm. Alim, ona verilən qənd parçasını öz dodaqlarına sürtüb, bu yolla onu təbərrük halına gətirir, sonra yanındakılara verir. Bu, İslam tarixindən də bilindiyi kimi icazə verilən bir təbərrük üsuludur. Peyğəmbərimiz qidanı öz mübarək ağzına sürtər, bəzən ağzının suyu ilə isladar və sonra təbərrük kimi səhabələrə verərdi. Həmçinin, o həzrət buyurub ki, “möminin yeməyinin artığında (yəni möminin ağzı dəyən qidada) yetmiş dərdin şəfası var”. Tövhidin heç bir mərhələsi ilə, o cümlədən, ibadətdə tövhidlə bunun ziddiyyəti yoxdur.

islam.az


Yerləşdirilib:16 Dekabr, 2013, Baxılıb:3975, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com