Riya qorxulu mərəzdir

İxlas və səmimiyyət mömin üçün ən lazımlı əxlaqi keyfiyyətlərdəndir. Hər işi görərkən, bunun əvəzini yalnız Allahdan ummaq, insanların tərif və təəccübünü qazanmağı düşünməmək ixlasın əsasını təşkil edir. Bunun əksi olaraq, riya və ücb ən mənfi xislətlərdəndir.

İlk baxışda təhlükəli görünməsə də, əslində riya çox qorxulu mənəvi xəstəlikdir. Belə ki, vaxtında müalicə edilməzsə, bu mənəvi xəstəlik insanın bütün ruhunu işğal altına alaraq, onun bütün əməllərinin mənasına çevrilə bilər. Riya ilə edilən əməl nəinki Allah dərgahında qəbul olunmaz, hətta bundan əlavə, insana günah da qazandırar. Müqəddəslərimiz bunu nəzərdə tutaraq buyurmuşlar: “Əməli xalisləşdirmək əməlin özünü yerinə yetirməkdən daha çətindir. Niyyəti fəsaddan və riyadan təmizləmək uzunmüddətli ibadətdən daha ağırdır”.

İslamın böyük alim və mütəfəkkirləri müqəddəslərin davranışlarından nümunə, kəlamlarından ibrət alaraq, həmişə riyadan uzaq olmağa çalışır, ətrafdakılara da bunu tövsiyə edirdilər. Onların hər bir sözü, yazısı, əməli yalnız Allaha xatir idi. İnsanların gözündə ucalmaq, avam camaatın hörmətini qazanmaq onları qətiyyən düşündürmürdü. Bu yolu ömrü boyu izləmiş alimlərdən biri də XIX əsrin məşhur elm siması Şeyx Mürtəza Ənsari idi. Təsadüfi deyil ki, vəfatından 150 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də Şeyx Ənsari öz zahidanə həyatı, səmimi və ixlaslı davranışı, tələbələrə qayğıkeşliyi, elm və əməldə diqqətcilliyi ilə nümunə sayılır və bununla bağlı saysız-hesabsız əhvalatlar xatırlanır.

Şeyx Ənsari haqqında çox maraqlı xatirələrdən biri də onun dəyərli tələbəsi, həmyerlimiz olan Ayətullah Seyyid Əli İrəvaniyə məxsusdur. O, XIX əsrin ən böyük mərceyi-təqlidlərindən biri olan Fazil İrəvaninin bacısı oğlu idi. Seyyid Əli Nəcəfdə mükəmməl dini təhsil almışdı, müəllimlərindən biri də Şeyx Ənsari idi. Alim Şeyx Ənsari haqqında aşağıda nəql edilən xatirəni onun “Rəsail” kitabına yazdığı haşiyənin müqəddiməsində qeyd edibmiş:

Bir gün bir dəstə tələbə Şeyx Ənsarinin hüzurunda əyləşibmiş. Təhsil müddətini başa vurmuş tələbələrdən biri öz vətəninə qayıtmazdan əvvəl Şeyxlə sağollaşmaq üçün gəlir. O, müəllimin çəkdiyi zəhmətlər üçün halallıq istəyir, hamı ilə vidalaşır. Şeyx Ənsari də onunla sağollaşır və tapşırır ki, onun salamını öz şəhərindəki müsəlmanlara və tanıdığı şəxslərə çatdırsın, onlardan iltimasi-dua xahiş etsin.

Tələbə getməyə tələsmir, söhbəti uzadırdı. Ətrafdakı adamlar yavaş səslə Şeyx Ənsariyə deyirlər ki, bu tələbə öz şəhərində sizin nümayəndəniz kimi davranmaq üçün sizdən icazə almağa gəlib. O zamanın təhsil və tədris qaydalarına uyğun olaraq, şagirdlər ustadın yanında təhsili başa vurduqdan sonra ondan yazılı icazə alırdılar. Ustad öz icazəsində bildirirdi ki, filankəsə filan sahələrdə öz ictihadına uyğun olaraq fətva verməyə və ya filan mənbələrdən hədis rəvayət etməyə icazə verir. Bəzən isə alim öz tələbəsinə camaatın xüms və zəkat pullarını toplayıb ona göndərmək (yaxud lazımi istiqamətdə xərcləmək) səlahiyyətini verirdi. Müəllimin möhrü ilə təsdiqlənən icazə o zamanlar mədrəsələrdə diplomu əvəz edirdi və rəsmi sənəd sayılırdı.

Şeyx Ənsari yanındakıların pıçıltısına əhəmiyyət vermədən, tələbə ilə söhbətini davam etdirirdi. Məcbur olub, ikinci dəfə onu xəbərdar edirlər ki, məsələ ancaq vidalaşmaqla bitmir, bu adam sizdən icazə almaq istəyir, amma özü söyləməyə utanır. Şeyx qısa cavab verir: “Mən ona icazə yazmayacağam”.

Tələbənin özü də bu sözləri eşidirdi. Ustadın rədd cavabı onu əvvəlcə pərt edir. Bir müddət sükut içində gözlədikdən sonra ehtiramla soruşur: “Cənab şeyx, məgər siz mənim elmimə inanmırsınızmı?” Şeyx cavab verir: “İnanıram. Siz mənim bacarıqlı tələbələrimdən biri olmusunuz. Mən sizi elmli və fəzilətli bir insan sayıram”. Tələbə yenə soruşur: “Bəlkə məni ədalətli hesab etmədiyinizə görə icazə vermək istəmirsiniz?” Şeyx Ənsari cavab verir: “Xeyr, mən sizin adil olduğunuza şübhə etmirəm”. (Seyyid Əli İrəvani burada əlavə edir ki, həmin tələbə Nəcəfdə etibarlı və ədalətli adam kimi tanınırdı və hörmətə sahib idi). Tələbə heyrət içində sual verir: “Cənab şeyx, bəs başqa nə səbəb var ki, mənə icazə yazmırsınız? Məgər elm və ədalət bunun üçün yetərli deyilmi?” Xeyli isrardan sonra Şeyx Ənsari bu qərara gəlməyinin səbəbini açıb deyir: “Dediniz ki, öz vətəninizə dönmək istəyirsiniz. Fikir verirdim ki, axır zamanlar saqqalınızı həmişəkindən bir qədər uzun saxlayırsınız, bu gün də eyni mənzərəni gördüm. Güman edirəm ki, öz şəhərinizdə camaatın gözündə hörmətli və vüqarlı görünmək üçün saqqalınızı uzatmısınız (O zamanlar uzun saqqal saxlamaq ehtiram əlaməti sayılırdı, avam camaat saqqalın uzunluğuna görə adama qiymət verirdi). Xalqın gözündə hörmət qazanmaq üçün qiyafəsini dəyişdirən bir adama dini vergiləri yığmağı, İmam malını idarə etməyi necə etibar edə bilərəm?”.

islam.az

Yerləşdirilib:6 Dekabr, 2013, Baxılıb:4313, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com