Kərbəladan səhnələr (beşinci məqalə)

13. Müşk ətri verən şəhid

İmam Hüseynin (ə) nökəri Cövn ibn Hüveyy nubiyalı zənci idi. O, vaxtilə Peyğəmbərin sadiq səhabəsi Əbuzərə xidmət etmişdi. Əbuzər xəlifə Osmanın əmri ilə Rəbəzə səhrasına sürgün olunub orada vəfat etdikdən sonra Cövn Əhli-beytə xidmət etməyə başladı, əvvəlcə Həzrət Əlinin (ə), daha sonra İmam Hüseynin (ə) xidmətində durdu. İmam Hüseyn (ə) onu Həzrət Zeynülabidinə (ə) xidmət etməyə təhkim etdi.

Cövn silah hazırlamaq və itiləmək işində mahir idi. Aşura gecəsində o, səhabələrin silahını itiləyib, döyüş üçün hazır vəziyyətə gətirdi.

İmam Hüseynin (ə) səhabələrinin sayı azalanda Cövn döyüş icazəsi istədi. İmam Cövnə buyurdu ki, onu xidmətdən azad edir və beyətini üstündən götürür; hara istəsə, gedə bilər. Cövn cavab verdi: “Mən Sizin şadlıq və salamatlıq vaxtlarınızda yanınızda olub xidmət etmişəm; bu çətin gündə Sizi buraxıb getmək istəmirəm. Rəngim qara, qoxum pis olsa da, Sizdən ayrılmayacağam. Şəhid olacağam ki, qara qanım Sizin şərəfli qanınıza qarışsın!”

İmam Cövnün dönməz iradəsinə əhsən dedi, ona döyüş icazəsi verdi. Cövn savaş səhnəsinə qədəm basıb şücaətlər göstərdi, 25 nəfəri həlak edəndən sonra şəhid oldu.

İmam Hüseyn (ə) Cövnün cəsədi üstə gəlib, onun başını dizi üstünə qoydu və buyurdu: “İlahi, Cövnün üzünü ağ, ətrini xoş et. Onu yaxşı insanlar cərgəsində məhşərə gətir. Onunla Mühəmməd (s) və Ali-Mühəmməd (ə) arasında dostluq yarat!”

Deyirlər ki, aşura faciəsindən sonra şəhidlərin cənazələrini dəfn edənlər Cövnün bədənindən müşk ətri gəldiyini duydular.

14. İmam Hüseynin (ə) müəzzini

İmam Hüseynin (ə) silahdaşlarından biri də Həccac ibn Məsruq Cüfi Məzhici idi. O, Kufədə yaşayırdı, vaxtilə İmam Əlinin (ə) səhabələrindən biri olmuşdu. İmam Hüseynin (ə) Mədinədən Məkkəyə getdiyini eşidəndə Kufəni tərk etdi və Məkkədə o həzrətə qoşuldu. İmam Hüseynin (ə) dəstəsi ilə Hürrün qoşunu qarşılaşan gün günorta namazı qılınanda Həccac ibn Məsruq azan demişdi. Ürəyəyatan və gur səsi olduğundan, namaz üçün azan demək şərəfini İmam ona həvalə edirdi. Buna görə tarix kitablarında Həccacı “İmamın müəzzini” kimi vəsf edirlər. Həccac həm də bacarıqlı döyüşçü idi. Şəhadət növbəsi ona çatanda igidlik göstərib düşmənin 25 nəfər əsgərini öldürdü, axırda özü də haqq yolunda fəda oldu.

15. 100 oxundan 95-i hədəfə dəyən şəhid

Yezid ibn Ziyad ibn Mühasir Kindi Kufənin mahir oxatanlarından sayılırdı və künyəsi “Əbuş-Şə’sa” idi. O, əvvəlcə Ömər ibn Sədin qoşununun tərkibində olmuş, Kərbəlada ayrılaraq İmamın tərəfinə keçmişdi. Aşura günündə Əbuş-Şəsa əvvəlcə süvari halda döyüşdü. Düşmənlər atını vurandan sonra Əbuş-Şəsa İmam Hüseynin (ə) qarşısında dizini yerə qoyub oturdu və düşmənə ox atmağa başladı. Bu zaman İmam onun üçün belə dua edirdi: “İlahi, bunun oxlarını hədəfə yetir, özünə behişt qismət et!” Əbuş-Şəsa düşmən əsgərlərinə tərəf düz 100 ədəd ox atdı, 5-indən başqa hamısı hədəfə dəydi. Oxlar qurtaranda qılıncını sıyırıb döyüş meydanına girdi, axırda xain bir zərbə ilə şəhid oldu.

islam.az

Yerləşdirilib:2 Dekabr, 2013, Baxılıb:3386, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com