Kərbəladan səhnələr (üçüncü məqalə)

8. Ata, ana və oğul şəhidlər

Aşura günündə düşmənin ilk həmləsini dəf edərkən İmam Hüseynin (ə) 50-dən artıq silahdaşı şəhid oldu. Bundan sonra təkbətək döyüşlər başladı.

Təkbətək döyüşlərin əvvəlində İbn Ziyadın qulamı Salim və atasının (Ziyad ibn Əbihinin) qulamı Yəsar döyüş meydanına girib, özlərinə tərəf-müqabil tələb etdilər. Həbib ibn Müzahirlə Büreyr ibn Xüzeyr ayağa qalxıb, döyüşmək üçün icazə istədilər. Lakin İmam onlara icazə vermədi. Onda İmamın dəstəsindən Abdullah ibn Ümeyr Kəlbi adlı ucaboylu, şücaətli bir döyüşçü izn alıb, meydana girdi. Abdullah ailəsi ilə birlikdə Kərbəlada özünü İmama çatdırmışdı. Həmin gün onun həyat yoldaşı Ümmi-Vəhəb və oğlu Vəhəb də Kərbəlada idilər.

Salimlə Yəsar Abdullahın kimliyini biləndə əvvəlcə döyüşmək istəmədilər; dedilər ki, bizim qabağımıza ya Həbib ibn Müzahir, ya Züheyr ibn Qəyn, ya da Büreyr ibn Xüzeyr çıxmalıdır. Lakin Abdullah: “Sizin meydanınıza çıxan hər kəs sizdən üstündür” deyib, onların üstünə şığıdı.

Abdullah ildırım sürətilə Yəsara hücum edib, onu yerə yıxdı və qılıncla vurmağa başladı. Bu zaman Salim ona arxadan hücum etdi. Abdullahın qalxanı olmadığından əlini qabağa verdi, Salimin qılıncı onun sol əlinin barmaqlarını dibindən üzdü. Lakin Abdullah yaraya əhəmiyyət verməyib, Salimi qətlə yetirdi. Bunun ardınca düşmənin bir neçə əsgəri meydana tökülüb, onun vurmağa başladılar. Nəhayət, Abdullah hər tərəfdən üstünə yağan zərbələrin altında şəhid oldu.

Abdullahın həyat yoldaşı Ümmi-Vəhəb çadırdan onu haraylayıb savaşmağa həvəsləndirirdi. Abdullah yaralananda Ümmi-Vəhəb əlinə bir çadır payası götürüb, onun köməyinə tələsdi. Lakin İmam Hüseyn (ə) bu mərd qadını geri çağırıb buyurdu: “Cihad qadınlara vacib deyil”.

Abdullah şəhid olandan sonra Ümmi-Vəhəb onun cəsədinin üstünə gəlib, başını dizi üstə aldı. Bu zaman Şümr ibn Zülcövşən öz nökərinə əmr verdi ki, bu fədakar qadını öldürsün. Nökər əlindəki əmudla Ümmi-Vəhəbin başından vurub, onu şəhid etdi.

Abdullahın şəhadətindən sonra İmam Hüseynin (ə) daha bir neçə silahdaşı meydana gedib şəhid oldu. Növbə Abdullahın oğlu Vəhəbə çatdı. Bəzi mənbələrdə Vəhəbin nəsrani (xristian) olub, sonradan İmam Hüseynin (ə) dəvəti ilə müsəlmanlığı qəbul etdiyi yazılıb. Zənnimizcə, bu, həqiqətə uyğun deyil. Bu məlumata inananlar Vəhəbi Abdullah ibn Ümeyrin oğlu deyil, fərqli bir şəxs hesab edirlər. Vəhəb 12 nəfər piyadanı və 19 nəfər süvarini cəhənnəmə vasil edəndən sonra onun hər iki qolunu kəsib, şəhadətə çatdırdılar. Bəzi mənbələrdə Ümmi-Vəhəbin öz oğlu Vəhəbdən sonra yuxarıda təsvir edilən şəkildə öldürüldüyü xəbər verilir.

9. Kərbəlanın qanlı zöhr namazı

Kərbəlada gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. Artıq zöhr namazının vaxtı çatmışdı. Əbu Sümamə Seydavi adlı səhabə İmama xitab edərək söylədi: “Səni öldür¬mək arzusunda olan bu düşmənlər öz məqsədlərinə doğru yaxınlaşırlar. Mən öz qanıma qəltan olub ölməyincə buna imkan verməyəcəyəm. Amma çox istərdim ki, bu son zöhr namazımı sənin imam¬lığınla qılım”. İmam vaxtı öyrənmək üçün səmaya baxdı və Əbu Sümaməyə buyurdu: “Namazı yadıma saldın. Allah səni namaz qılanlar və Onu zikr edənlər cərgəsində qərar versin!”

İmam sağ qalan səhabələri iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını (xovf namazı şəklində) qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra eyni qayda ilə ikinci dəstə namaz qıldı. Namaz gedişində iki səhabə – Səid ibn Abdullah Hənəfi və Züheyr ibn Qəyn Bəcəli İmam Hüseyni (ə) ox və nizələrdən qoruyurdu.

Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb: “Ey Peyğəmbə¬rin nəvəsi, əhdimə vəfa etdimmi?” - deyə soruşdu. İmam ona belə cavab verdi: “Bəli, sən məndən də əvvəl cənnətə gedirsən”. Yazırlar ki, Səid ibn Abdullahın bədənində saysız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi.

islam.az

Yerləşdirilib:20 Noyabr, 2013, Baxılıb:2513, Çap
 

Son şərhlər : 1
Müəllif: Aysel | 27 Noyabr, 2013  13:28
# Ответить
+1


]]>]]>

YA HUSEYN. CANIM sene feda olsun AGAM.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com