Tövhid və onun dərəcələri (ikinci məqalə)

Zati tövhid

Zati tövhid tövhidin ilk mərhələsidir. Allah haqqında düşünən hər kəs ilk öncə tövhidin bu mərhələsinə çatır, yəni bütün varlıq aləminin vahid, şəriksiz, bənzərsiz bir tanrı tərəfindən yaradıldığını və idarə edildiyini anlayır. Zati tövhidin mənası budur ki, Allah vacibül-vücuddur, yəni Onun mövcudluğu mütləqdir. Onun olmamasını təsəvvür etmək mümkün deyil; çünki bu, heç nəyin olmamasını qəbul etməyə bərabərdir. Çünki varlıq aləmində hər şey Ona bağlıdır, öz mövcudluğunu Ondan alır. Allah hər şeyə həyat verəndir, hər şey Ona möhtacdır, Onun özünün isə heç nəyə və heç kimə ehtiyacı yoxdur: “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir” (Fatir, 15).

Allahın məxluqat aləmi ilə əlaqəsi səbəb-nəticə əlaqəsidir. Səbəb – Allah, nəticə isə Ondan başqa hər şeydir. Allah təsəvvürə gələn heç nəyə bənzəməz: “Ona bənzər heç bir şey yoxdur” (Şura, 11). O, heç nədən yaranmamışdır, heç nəyin bölünməsindən vücuda gəlməmişdir, özü də heç nəyə bölünməz və heç nə Ondan ayrılmaz. O vahiddir, bölünməzdir, mürəkkəb deyil: “O, nə doğmuş, nə də doğulmuşdur!” (İxlas, 3).

Dünyada gördüyümüz hər bir varlıq bir cinsin, bir növün fərdləridir. Məsələn, Əhməd, Məmməd, Həsən, Hüseyn... Bunlar hamısı insan (bəşər) növünün ayrı-ayrı fərdləridir. Heyvanların da, quşların da, bitkilərin də, mineralların da, ətirlərin də, dadların da – hər şeyin növləri var. Yalnız Allah heç bir növə, heç bir cinsə aid deyil. Onu heç bir qrupa aid etmək olmaz, çünki tayı və misli yoxdur: “Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (İxlas, 4).

Allahın məkanı yoxdur, çünki cisim deyil, ölçüsü, eni-uzunu, rəngi, iyi, dadı yoxdur. Əgər cisim olsaydı, məkana ehtiyacı olardı. Əgər maddi olsaydı, zamana möhtac olardı və zaman Onu əhatə edə bilərdi. Halbuki, heç bir çərçivə və məhdudiyyət, hətta bütün varlıq aləmini özünə tabe edən məkan və zaman da Onu əhatə edə bilməz, Onu özündə yerləşdirə bilməz.

Müsəlman buna inanmalıdır ki, Allahın zatı (varlığı) nə atəşpərəstlikdəki kimi iki (Xeyir və Şər), nə xristianlıqdakı kimi üç (Ata, Oğul və Müqəddəs Ruh), nə də hinduizmdəki kımi çoxsaylı deyil. Allahın birliyi rəqəmlə də ölçülməz. Çünki 1-dən sonra 2, 3 gəlir, hər təkin cütü var. Allah sayca bir deyil, növcə tək deyil. O, hər şeydən fərqlidir, Onunla eyni növdən, eyni qəbildən heç nə yoxdur, hətta rəqəmlərin ilki olan “1” də Onu ifadə edə bilməz.

Allah hər şeylə bərabərdir, amma hər şey Onunla bərabər deyil. Çünki Allahın hər şeylə bərabərliyi məkan və zaman ölçülərinin daxilində deyil. O, hər şeyi əhatə edir, amma heç nəyin içində ya yanında deyil. Bütün bunları təsəvvür etmək bizim zehnimiz üçün çətindir, çünki biz hər şeyi öz imkanımız daxilində qavrayıb dərk edə bilirik. Məkan və zamandan kənarda olan bir şeyi təsəvvür etmək bizim imkanımız xaricindədir. Ona görə də biz heç zaman Allahın zatını, mahiyyətini anlaya bilmərik, Onu yalnız nişanələri və sifətləri ilə tanıya bilərik. İmam Cəfər Sadiq (ə) bunu nəzərdə tutaraq buyururdu: “Ey Adəm oğlu! Sənin ürəyin o qədər kiçikdir ki, bir quş onu yesə doymaz. Gözünün görmə hüdudu o qədər məhduddur ki, əgər bəbəyinin üzərinə iynə ucu boyda zərrə düşsə, gözün pərdələnər və heç nə görməzsən. Bu imkanlarınla göylərin və yerin sirrini anlamaqmı istəyirsən?”.

islam.az

Yerləşdirilib:31 Oktyabr, 2013, Baxılıb:3444, Çap
 

Son şərhlər : 4
Müəllif: Nazim | 31 Oktyabr, 2013  14:19
# Ответить
+3


]]>]]>

Ela izahat ve anlatmadir.Teshekklur.
Müəllif: elnur | 1 Noyabr, 2013  09:25
# Ответить
0


]]>]]>

salam, admin.
rus dilindəki məqalədə ayatollah birucerdi haqqında məlumat yazmısız. bəs niyə azəri versiyada qeyd etmədiniz?
Müəllif: elnur | 1 Noyabr, 2013  09:28
# Ответить
0


]]>]]>

cavab yazmayın. məqalələri səhv saldım. aydın oldu!
Müəllif: Nurlan | 5 Yanvar, 2014  19:18
# Ответить
0


]]>]]>

Salam aleykum - zehmet olmasa - meqalenin hansi hedis ve ya kitablara esaslandigini da qeyd etseniz , yaxshi olar - Teshekkurler.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com