Tövhid və onun dərəcələri (birinci məqalə)

Tövhid inancı İslam dininin əsasını təşkil edir. Əgər İslamı ağaca bənzətsək, tövhid bu ağacın gövdəsi misalındadır. Çünki tövhidi qəbul etmədən, nə üsuli-dinin, nə də fürui-dinin heç bir maddəsini qəbul etmək mümkün deyil.

Həzrət Mühəmməd Peyğəmbər (s) insanları İslam dininə çağırarkən, hər şeydən öncə, bu cümlədən başlamışdı: “La ilahə illəllah deyin ki, səadətə və qurtuluşa çatasınız”.

Əvvəlcə vahid olan Allaha inanmalıyıq ki, sonra Onun kitablarına, mələklərinə, peyğəmbərlərinə, peyğəmbərin canişini olan imamlara inanaq. Allahın varlığını və təkliyini qəbul etməliyik ki, Onun ədalətinə və qiyamət günündə hamını dirildib əməllərinə görə mühakimə edəcəyinə, cənnətə və ya cəhənnəmə göndərəcəyinə inanaq. Nəhayət, Allaha iman bəsləməliyik ki, Ona ibadət etməyin, namaz qılıb oruc tutmağın, xüms-zəkat verməyin, həccə getməyin, Onun yolunda cihada qalxmağın zərurətini anlayaq və bunlara əməl edək.

Tövhid bu qədər zəruri bir məsələ olsa da, təəssüf ki, son zamanlarda, hətta son bir neçə əsrdə ondan sui-istifadə halları da şiddətlənmişdir. Allaha inam əslində insanları həm bu dünyada, həm də axirətdə xoşbəxtliyə çatdırmalı, möminləri bir-birinə yaxınlaşdırmalı, vahid ümmət yaratmalıdır. Amma tövhid və onun əksi olan şirk anlayışları bu gün daha çox əks istiqamətdə və əks məqsədlər üçün gündəmə gətirilir. Radikal qüvvələr tövhidi birləşdirici yox, parçalayıcı amil kimi təqdim edirlər. Bununla da, onların əqidəsini bölüşməyən, saf İslam inancında qalan insanlarda tövhid və şirk mövzusuna qarşı bir ikrah yaradırlar. Etiraf edək ki, bu gün bu kimi mövzularda danışanların əksəriyyətini ya radikal islamçılar (bunları öz adları ilə vəhhabi və ya sələfi də adlandırmaq olar), ya da onların hücumundan qorunan qüvvələr təşkil edir. Tövhid normal İslam əqidəsində olan insanların qulağını deşən və onları bir növ çiyrəndirən bir mövzuya çevrilib; çünki bu mövzunun pərdəsi arxasında yazılan kitablarda və edilən “dəvət” moizələrində bir qayda olaraq, özümüzə qarşı küfr və şirk ittihamlarını eşidəcəyimizə adət etmişik. Aşağıdakı məqalədə biz oxuculara bu maneəni aşmağı, tövhid mövzusunun əsil mahiyyəti barədə düşünməyi və bu barədə lazımi məlumatları almağı təklif edirik.

“Tövhid” kəlməsi vahidlik, yeganəlik mənasinı ifadə edən “vəhdət” sözündəndir. Tövhid – Allahı vahid, yəni bənzərsiz və şəriksiz olaraq qəbul etmək və Ona iman bəsləməkdir. Tövhid gündəlik həyatımızın ən müxtəlif sahələrində özünü parlaq şəkildə təcəssüım etdirir. Hər bir niyyətimizdə, əməlimizdə, əqidəmizdə Allahın təkliyini bütün varlığimızla hiss etməli, bu hissi yaşamalıyıq.

Tövhidin bir necə dərəcəsi, mərhələsi var. Bu mərhələləri keçdikcə insanın imanı kamilləşir. Yalnız tövhidin bütün dərəcələrini mənimsəmiş insanın imanı kamil sayılır. Tövhidin dərəcələrinin sayı haqqında kitablarda məlumatlat fərqlidir. Ən geniş yayılmış təsnifata görə, tövhidin dörd əsas dərəcəsi var:

1. Zati (Allahın zatı mövzusunda) tövhid,

2. Sifati (Allahın sifətləri mövzusunda) tövhid,

3. Əf’ali (fe’li, Allahın felləri, hərəkətləri mövzusunda) tövhid,

4. İbadi (Allaha ibadət mövzusunda) tövhid.

Növbəti yazılarda bu dərəcələrin hər biri üzərində ayrı-ayrılıqda duracaq və geniş məlumat verəcəyik.

islam.az

Yerləşdirilib:29 Oktyabr, 2013, Baxılıb:3853, Çap
 

Son şərhlər : 1
Müəllif: Zaur | 31 Oktyabr, 2013  13:01
# Ответить
+3


]]>]]>

Allah razı olsun
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2019 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com